Redaktor
23 yaşında avtomobilinin baqajından başladığı biznes bu gün qlobal brenddir
Bu gün dünyanın ən məşhur çips markalarından biri olan "Lay's" təxminən bir əsr əvvəl cəmi bir nəfərin qurduğu kiçik biznes kimi fəaliyyətə başlayıb.
Valyuta.az xəbər verir ki, brendin tarixi 1932-ci ildə ABŞ-da gənc sahibkar Herman Layın avtomobilinin baqajından kartof çipsi satması ilə başlayır.
Belə ki, 23 yaşlı Herman Lay 1932-ci ildə Tennessi ştatının Neşvill şəhərində "Barrett Potato Chip Company" tərəfindən istehsal olunan çipsləri satmağa başlayıb. O, ABŞ-ın cənub ştatlarını gəzərək məhsulları birbaşa müştərilərə çatdırırdı.
Yeddi il sonra - 1939-cu ildə Herman Lay həmin istehsalçı şirkəti satın alaraq "H. W. Lay & Company" adlı öz şirkətini yarada bilib.
1944-cü ildə şirkətin adı sadələşdirilərək "Lay's Potato Chips" adlandırılıb. Elə həmin il "Lay's" televiziya reklamı yayımlayan ilk qəlyanaltı brendlərindən birinə çevrilib. Reklam çarxında "Oscar, the Happy Potato" adlı animasiya personajından istifadə olunurdu.
Brendin inkişafı bununla da dayanmayıb. 1961-ci ildə "Lay's" digər məşhur qəlyanaltı istehsalçısı "Frito Company" ilə birləşərək "Frito-Lay" şirkətini yaradıb. Dörd il sonra isə - 1965-ci ildə "Frito-Lay" və "Pepsi-Cola" birləşərək bugünkü "PepsiCo" korporasiyasının əsasını qoyublar.
Hazırda "Lay's" dünyanın ən böyük qəlyanaltı brendlərindən biri hesab olunur. Şirkətin məlumatına görə, hər il təxminən 4 milyard funt (təxminən 1,8 milyon ton) kartof emal edilir. Məhsulun istehsalında 100-ə yaxın təsərrüfat iştirak edir və kartofun zavoda daxil olmasından hazır çips paketinə çevrilməsinə qədər olan proses cəmi 20 dəqiqə çəkə bilir.
Brend zamanla dizaynını da yeniləyib. 2025-ci ildə "Lay's" tarixinin ən böyük loqo və qablaşdırma dəyişikliklərindən birini həyata keçirərək əsas diqqəti məhsulun əsas inqrediyenti olan kartofa yönəldib.
Beləliklə, Herman Layın avtomobilinin baqajından başladığı kiçik satış işi təxminən 100 il ərzində dünyanın ən tanınmış qida brendlərindən birinə çevrilib.
Sərvanə Rəmixanova