Redaktor
Qadın sahibkarlar süni intellektdən daha az istifadə etsələr də, daha çox fayda əldə edirlər
Qadın sahibkarlar biznes qurarkən və idarə edərkən süni intellektdən kişilərlə müqayisədə daha az istifadə edirlər. Lakin bu texnologiyadan yararlanan qadınlar daha yüksək məhsuldarlıq və xərclərə qənaət əldə edirlər.
Valyuta.az xəbər verir ki, bu barədə insan resursları xidmətləri göstərən "Gusto" şirkətinin araşdırmasında bildirilir.
Araşdırmaya əsasən, 2025-ci ildə kişilərin 64%-i biznes qurarkən süni intellektdən istifadə etdiyi halda, qadınlarda bu göstərici 56% olub. Kişilər biznes ideyasının hazırlanması, məhsul və xidmətlərin hazırlanması və sınaqdan keçirilməsi, əməliyyatların qurulması, inzibati və hüquqi işlərin idarə edilməsində də süni intellektdən daha çox yararlanıblar.
Bununla yanaşı, süni intellektdən istifadə edən qadın sahibkarlar daha böyük üstünlük əldə ediblər. Araşdırmaya görə, qadınların 54%-i süni intellektin biznesə başlamağı daha asan və daha ucuz etdiyini bildirib. Kişilərdə isə bu göstərici 47% təşkil edib.
"Gusto" şirkətinin baş iqtisadçısı Nik Tremper bildirib ki, qadınlar süni intellektdən daha az istifadə etsələr də, ondan faydalanma baxımından kişiləri üstələyirlər. Onun sözlərinə görə, texnologiyadan gündəlik həyatda və ya iş mühitində istifadə etməyən şəxslər biznes qurarkən də bu alətə müraciət etməyə daha az meyilli olurlar.
Qeyd edək ki, "Gusto"nun əvvəlki araşdırmasına əsasən, süni intellektdən istifadə edən kiçik bizneslərin 80%-i məhsuldarlığın ən azı 20% artdığını bildirib.
Sərvanə Rəmixanova