Redaktor
Hər bir startapçının oxumalı olduğu 10 kitab
İnternetdə sahibkarlar üçün minlərlə məqalə və tövsiyə var. Lakin mövzunu dərindən öyrənmək və uğurlu sahibkarların təcrübəsindən yararlanmaq üçün kitablar hələ də ən etibarlı mənbələrdən sayılır.
Valyuta.az xəbər verir ki, təqdim olunan məqalədə 1 milyondan çox startap təsisçisi və komanda üzvündən ibarət icmasının tövsiyələri toplanıb. Nəticədə sahibkarların ən çox oxumağı tövsiyə etdiyi 10 kitab müəyyənləşdirilib.
1. "Will It Fly?: How to Test Your Next Business Idea So You Don’t Waste Your Time and Money" - Pat Flinn
Bu kitab biznes ideyasını həyata keçirməzdən əvvəl onun bazarda uğur qazanmaq potensialını yoxlamağın yollarından bəhs edir.
"In The Mood" şirkətinin təsisçisi Trişa Stounun sözlərinə görə:
"Biznesə başlayanda ilk növbədə ideyanızın işlək olub-olmadığını müəyyənləşdirməlisiniz. Şirkət böyüdükcə isə yeni ideyaları da davamlı sınaqdan keçirmək vacibdir. Mən layihəm haqqında çoxlu insanla danışıram və onların dediklərindən, hətta demədiklərindən belə dəyərli nəticələr çıxarıram".
2. "Venture Deals" - Bred Feld
Kitab investorlarla danışıqlar, investisiya müqavilələri və maliyyələşmə prosesinin incəliklərini izah edir.
"SoGal Ventures" fondunun idarəedici tərəfdaşı Elizabet Qalbut Perelman bildirib:
"Bu kitab investorların və sahibkarların baxış bucağını balanslı şəkildə təqdim edir. İlk dəfə investisiya cəlb edən sahibkarlara ən çox tövsiyə etdiyim kitabdır. Çünki müqavilə şərtlərini daha yaxşı anlamağa və danışıqlara hazırlıqlı getməyə kömək edir".
3. "The Checklist Manifesto" - Atul Qavande
Kitab gündəlik iş proseslərini sistemləşdirmək və mürəkkəb tapşırıqları daha səmərəli idarə etmək üçün yoxlama siyahılarından istifadənin əhəmiyyətini izah edir.
"Ouchie" şirkətinin CEO-su və həmtəsisçisi Reyçel Trobmanın sözlərinə görə:
"Həmtəsisçi kimi eyni anda bir neçə işi idarə etdiyim üçün tez-tez özümü yorğun hiss edirdim. Bu kitab gündəlik prosesləri daha düşünülmüş şəkildə təşkil etməyə kömək etdi. Bundan əlavə, tapşırıqları komanda üzvlərinə rahat şəkildə həvalə edə bildim və bu mövzuda əvvəl hiss etdiyim narahatlıq aradan qalxdı. Ümumilikdə isə olduqca maraqlı kitabdır".
4. "An Awesome Book! A Little Book About Dreaming Big" - Dallas Kleyton
Bu kitab klassik biznes kitabı olmasa da, böyük xəyallar qurmağın və yaradıcı düşüncənin əhəmiyyətindən bəhs edir.
"In The Mood" şirkətinin təsisçisi Trişa Stoun bildirib:
"Bu, ən sevdiyim kitablardan biridir. Mən onu uşaqlarıma oxuyuram. Kitab bizə praktik deyil, böyük və cəsarətli xəyallar qurmağı xatırladır. Elə xəyallar ki, dünyanı dəyişə və insanı həyəcanlandıra bilər".
5. "Radical Candor" - Kim Skott
Kitab iş yerində dürüst ünsiyyət qurmaq, effektiv rəy vermək və sağlam komanda münasibətləri yaratmaq haqqında praktik məsləhətlər təqdim edir.
Croissant şirkətinin təsisçisi Nişa Qariqarnın sözlərinə görə:
"Bu kitab mənə komanda üzvlərinə dürüst rəy verməyin nə qədər vacib olduğunu göstərdi. Eyni zamanda bunu ən düzgün formada necə etmək lazım olduğunu öyrətdi. Onu oxuduqdan sonra həm tərifi, həm də tənqidi daha rahat ifadə etməyə başlamışam"
6. "How to Transform Your Ideas into Software Products" - Purnima Vicayaşanker
Kitab ideyanı proqram məhsuluna çevirmək, prototip hazırlamaq və məhsulun bazara çıxarılması prosesini addım-addım izah edir.
"Sefleuria" şirkətinin təsisçisi və məlumatlar üzrə alimi Cessika Qreyvs bildirib:
"Bu kitab ideyanın formalaşdırılması və prototipləşdirmə baxımından olduqca praktikdir. Konsaltinq şirkətimi qurarkən ilk müraciət etdiyim mənbələrdən biri olub. Müəllifin sadə görünən məsləhətlərini tətbiq etdikdən sonra əvvəlki startaplarda qısa müddətdə gəlirlərin əhəmiyyətli dərəcədə artdığını görmüşəm. Kitabın əsas üstünlüyü kodlaşdırmaya deyil, məhsulun özünə fokuslanmasıdır".
7. "Setting the Table" - Denni Meyer
Kitab müştəri təcrübəsinin biznes uğurunda oynadığı roldan və insanların məhsuldan daha çox hisslərə dəyər verməsindən bəhs edir.
Revelr şirkətinin CEO-su və həmtəsisçisi Enn Honq Qotşallın sözlərinə görə:
"Bu kitab sahibkarlıq yoluma böyük təsir göstərib. O, müştərinin hansı hissləri yaşamalı olduğuna fokuslanır və mən hesab edirəm ki, bu, uğurlu biznesin təməlidir. Ən yaxşı məhsullar yalnız faydalı olmur, eyni zamanda insanlarda həyəcan və emosional bağlılıq yaradır".
8. "The Hard Thing About Hard Things" - Ben Horovits
Kitab sahibkarların qaçılmaz uğursuzluqları, çətin qərarları və böhran vəziyyətlərini necə idarə etməsindən bəhs edir.
"Sailo" şirkətinin təsisçisi Virciniya bildirib:
"Ben Horovitsin bu kitabı sahibkarların qaçılmaz səhvlər və çətin qərarlar qarşısında irəliləməsi üçün lazım olan səmimiyyəti və empatiyanı təqdim edir".
9. "Sprint" - Ceyk Knapp
Kitab "Google"da hazırlanmış "Sprint" metodologiyasını izah edir və ideyanın qısa müddətdə sınaqdan keçirilməsi prosesini təqdim edir.
"Romp" şirkətinin təsisçisi Hanna Hyuzun sözlərinə görə:
"Google" və "Airbnb"də məhsul dizayn komandaları ilə işləyərkən "Sprint" metodundan istifadə etmişəm. Sonradan tətbiqimizin dizaynını yenidən hazırlayarkən də bu kitab bizə böyük kömək etdi. Komandamız çox güclü ideyalar ortaya qoydu və nəticədə məhsulun tamamilə yeni konsepsiyasını hazırlaya bildik".
10. "Business Model Generation" - Aleksander Ostervalder və İv Pinyör
Kitab biznes modelinin qurulması, şirkətin dəyər təklifinin formalaşdırılması və uzunmüddətli strategiyanın hazırlanması üçün ən məşhur vəsaitlərdən biridir.
"tabú" şirkətinin CEO-su və təsisçisi Mia Devis bildirib:
"Bu kitabı ilk dəfə universitetdə oxumuşdum. Daha sonra "tabú" şirkətini qurarkən yenidən ona qayıtdım. Kitab şirkətimizin müxtəlif istiqamətlərini strateji şəkildə düşünməyə və uzunmüddətli dəyər yaradan biznes modeli qurmağa kömək etdi".
Sərvanə Rəmixanova