Redaktor
Passiv, yoxsa aktiv investor olmaq daha sərfəlidir?
İnvestisiya qərarı verərkən ən vacib məsələlərdən biri hansı strategiyanın seçilməsidir. Bəzi investorlar bazarı mütəmadi izləyərək tez-tez alqı-satqı etməyə və qısamüddətli fürsətlərdən yararlanmağa çalışırlar. Digərləri isə uzunmüddətli yanaşmaya üstünlük verərək vəsaitlərini müəyyən aktivlərə yatırır və bazardakı qısamüddətli dəyişikliklərə müdaxilə etmirlər. Hər iki strategiyanın risk, gəlirlilik potensialı, vaxt tələbi və xərc baxımından fərqli xüsusiyyətləri var.
Bəs passiv investor, yoxsa aktiv investor olmaq daha sərfəlidir?
“Technovate Investments” şirkətinin təsisçisi Fərid İsmayılzadə Valyuta.az bildirib ki, investisiyaya “Maslou” piramidasına bənzər mərhələli yanaşmaq daha məqsədəuyğundur:
“İlk olaraq investisiya üçün ayıracağınız məbləği gəlirinizi əldə edən kimi əvvəlcədən kənara qoymalısınız. Bundan sonra qalan məbləği xərcləyin.
Əslində, aktiv və ya passiv investisiyanın hansının daha yaxşı olması barədə söhbət düzgün deyil. Hər iki investisiya növünün öz yeri var və investor zamanla hər ikisindən istifadə etməlidir. Piramidanın aşağı hissəsində passiv investisiyalar yer alır. Bu mərhələdə daha sabit və nisbətən aşağı riskli aktivlərə üstünlük verilir.
Məsələn, mənzil və ya kommersiya obyekti alıb icarəyə vermək passiv gəlir əldə etməyin ən geniş yayılmış yollarındandır. Bu cür investisiyalarda gəlir daha proqnozlaşdırılandır və risk səviyyəsi nisbətən aşağı olur. Təcrübə, kapital və bilik artdıqca investor piramidanın növbəti mərhələsinə keçir. Bu mərhələdə artıq səhmlərə investisiya etmək, onları alıb-satmaq və bazarı daha yaxından izləmək ön plana çıxır. Daha sonra kriptovalyutalar kimi daha dəyişkən bazarlarda fəaliyyət göstərmək mümkündür”.

“Piramidanın ən yuxarı hissəsində isə startaplara investisiyalar dayanır. Bu sahə yüksək risk daşısa da, eyni zamanda yüksək gəlir potensialına malikdir. Məhz buna görə də bu mərhələyə kifayət qədər təcrübə və maliyyə ehtiyatı formalaşdırdıqdan sonra keçmək daha məqsədəuyğundur.
Başqa sözlə, investor əvvəlcə passiv investor kimi fəaliyyətə başlayır. Aldığı aktivləri uzun müddət – 5 -10 il və ya daha artıq saxlayaraq onların dəyər qazanmasını və ya passiv gəlir gətirməsini gözləyir. Daha sonra isə aktiv investora çevrilir. Bu mərhələdə bazarları mütəmadi izləyir, səhmlər, valyuta bazarları və digər investisiya alətləri üzrə qərarları daha operativ verir, alış və satış əməliyyatlarını daha fəal şəkildə həyata keçirir” - deyə Fərid İsmayılzadə qeyd edir.
Tənzilə Ağabalayeva