Redaktor
Qəpik-qəpik yığdığı 3000 manatla ölkə sərhədlərini aşan biznes qurdu - Müsahibə
Son illərdə Azərbaycanda interyer dizaynı və memarlıq sahələrinə maraq artmaqdadır. İnsanlar artıq yalnız mənzil təmiri ilə kifayətlənmir, yaşayış məkanlarının funksional, estetik və fərdi tələblərə uyğun olmasına daha çox önəm verirlər. Bu isə memarlıq və dizayn sahəsində fəaliyyət göstərən şirkətlər üçün yeni imkanlar yaradır.
Lakin bu sahədə uğur qazanmaq təkcə yaradıcılıqla məhdudlaşmır. Müştəri gözləntilərini düzgün idarə etmək, güclü komanda formalaşdırmaq, keyfiyyətə nəzarət etmək və bazarın dəyişən tələblərinə uyğunlaşmaq vacib amillərdən sayılır. Xüsusilə sıfırdan biznes qurmaq istəyən memar və dizaynerlər üçün təcrübə, etibar və davamlı inkişaf həlledici rol oynayır.
Valyuta.az-ın müsahibi “Address Arch” şirkətinin təsisçisi, memar və dizayner Fərid Abdullayevdir.
O, biznesə 3 min manat kapitalla necə başladıqlarından, ilk layihələrindən, komanda quruculuğu prosesindən, mebel istehsalına keçid qərarından və xarici bazardakı fəaliyyətlərindən danışıb.
- Fərid bəy, təhsiliniz nə üzrə olub və bugünkü fəaliyyətinizə necə təsir edib?
- Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışam. Universitet vaxtından müəllimlərimizlə birlikdə sahə təcrübələrinə getmişik və orada proyektlər üzrə real təcrübələrə yiyələnmişik. Bu təcrübələr artıq bu gün bizim qarşımıza çıxır.
- İlk iş təcrübəniz harada olub?
- Mən Lənkəran rayonundanam və biz yay tətilində ora gedəndə mən sahədə ustalarla birlikdə çalışırdım. Yəni, döşəmədə taxtanın vurulması və bu kimi işlər görürdüm. Artıq sahədə müəyyən qədər təcrübəm yaranmağa başladı. Elə həmin mənzilin də sifarişçisi dedi ki, dizaynın, layihəsini hazırlayın. Beləliklə, həmin mənzillə artıq ilk proyektimiz başlamış oldu.
- “Address Arch” necə yarandı?
- "Address" adı ilə bağlı bir bizim öncədən düşündüyümüz brendinq yox idi. 2015-ci ildən Fidanla patok yoldaşı olmuşuq. Sonradan artıq qrup yoldaşı olduq, bir müddət sonra ailə qurduq və iş həyatında da eyni formada davam elədik. Bir cızma-qara elədik ki, iki "F" hərfinin birləşməsini necə loqo formasına çevirə bilərik və indiki loqomuzun eskizini hazırladıq. 2020-ci ilin sonlarında biz şirkət kimi fəaliyyət göstərmək üşün kifayət qədər təcrübəmiz olduğunu düşündük. Həmin vaxt biz bu iki "F"-in birləşməsi və soyadımız olan Abdullayevin göstəricisi olaraq bir loqo düşündük. Sonradan da ad olaraq axtardıq ki, "A" hərfi ilə bağlı necə bir ad seçə bilərik, və sonda "Address" üzərində qərarlaşdıq.

- Bu biznesi həyat yoldaşınızla birgə qurmusunuz?
- Bəli, birlikdəyik. O daha çox dizayn sahəsi ilə mən isə daha çox təmir, tikinti və mebel sahəsi ilə məşğul oluram.
- İlk müştərinizi necə tapmışdınız?
- İlk müştərimiz təcrübə zamanı həmin mənzildən başladı. Ondan sonra rəsmi olaraq ilk müştəri fotoqrafiya sahəsindən tanıdığım bir cütlük idi. Onlar evləndilər, ev aldılar və dedilər ki, siz də bu işi görürsüz, elə gəlin sizinlə davam edək. İlk olaraq dizayn işləri onsuz da görürdük, təmir, mebel və bu kimi bir xidmətlər yox idi. Həmin vaxtdan artıq dizayn xidməti verdik. İlk qazancımız təxminən 500-600 manat idi.
- Biznesə başlayarkən nə qədər kapitalla yola çıxmışdınız?
- İlk kapitalı bugünkü kimi xatırlayıram, çünki onu qəpik-qəpik yığıb bir tərəfə qoymuşduq, 3000 manatla başlamışdıq. Əsas xərcimiz “Youtube” layihələrimizə gedib. Çünki biz başladığımız gündən düşündük ki, bir yenilik etmək lazımdır və “Youtube”da videolar çəkməyə başladıq. Bu da kifayət qədər xərcli işdir, çünki bunun çəkilişi, montajı, gediş-gəliş xərcləri və “Youtube”-a yüklənəndən sonra reklam xərcləri var. Əlavə olaraq bizim artıq loqo, brendinq kimi bir xərclərimiz oldu. Ümumilikdə 3000 manat kapitalı bu formada xərcləmişik.
- Hər hansı bir maliyyə dəstəyi olubmu?
- Təəssüf ki, heç bir dəstəyimiz olmayıb. Əslində, istəsəydik, ailə tərəfindən dəstək olardı, sadəcə biz düşündük ki, özümüz elə addım-addım getsək yaxşı olar. “Youtube”a başladığımız ikinci-üçüncü aydan artıq bizə bir neçə korporativ təkliflər gəlməyə başladı. O formada da yavaş-yavaş işi böyüdə bildik.
- İlk illərdə ən böyük çətinlik nə olmuşdu?
- İlk illərdə çətinliklər şirkətin qurulması ilə bağlı deyil də, komandanın formalaşması ilə bağlıdır. Çünki siz yola yeni çıxdığınız zaman sizə verilən vədlər çox olur, amma əsas məsələ bu vəd verən insanların vədlərinin arxasında nə qədər duracaqlarıdır. Bizim də ilk vaxtlar kifayət qədər bu formada təcrübələrimiz, çətinliyimiz olub və düşünürəm ki, bu təcrübələr də bizə çox şey qatıb.

- Hazırda komandanız neçə nəfərdən ibarətdir?
- Ofis komandamız 4-5 nəfər arası dəyişir. Sahədəki komandamız isə layihələrin həcmindən asılı olaraq kiçilir və ya böyüyür.
- Mebel istehsalına başlamaq qərarı niyə verildi?
- Biz "Address"i 2020-ci ildə təsis etmişik, amma ondan öncə də fərdi şəkildə fəaliyyət göstərmişik, yəni təcrübəmiz 4-5 ildən çoxdur. Əvvəlki illərdə yalnız dizayn layihələri işləyib bildiyimiz komandalara yönləndirirdik, təmir işini qəbul etmirdik. Təmir bitəndən sonra sifarişçilər müraciət edirdilər ki, bəs mebel mərhələsində nə tövsiyə edirsiniz? O zaman məsuliyyəti üzərimizə götürüb tövsiyə edə biləcəyimiz elə bir komanda tanımırdıq.
2021-ci ildən artıq özümüz də təmir işlərinə başladıq. Təmirlər bitəndən sonra mebel istehsalatı olan və bu işə yeni başlayan bir dostumuz bizə iş birliyi təklif etdi. 10, 15, 20 layihəni həmin dostumuza yönləndirdik və o, mebelləri hazırlayıb təhvil verdi. Lakin biz o prosesdə iştirak etmirdik, sadəcə yönləndirmə edirdik. Bir neçə il belə keçdikdən sonra, qərar verdik ki, bu prosesə tamamilə özümüz nəzarət edək, çünki bəzən nəticələr gözlədiyimizdən kənara çıxırdı və bəzi nüanslar nəzərdən qaçırdı. Beləcə, 2023-cü ildən öz istehsalatımıza başladıq. Hətta yaxın günlərdə istehsalatımızı sex şəraitindən fabrik şəraitinə keçirdik. Bu ilin əvvəllərindən bu layihə üzərində işləyirdik, yaxın vaxtlarda başlamışıq.
- Daha çox hansı məhsullara üstünlük verirsiniz?
- Mebel sahəsində yerli məhsullardan istifadə etmək demək olar ki, qeyri-mümkündür. Çünki mebelin MDF materialından tutmuş, boyasına parçasından tutmuş, son tamamlanma işlərində tətbiq olunan mexanizmlərə qədər hər bir detalda xarici məhsullardan istifadə edilir. Yerli məhsullar əlbəttə ki, var, lakin sifarişçilər premium məhsul tələb etdikdə, məcburən xarici materiallara üz tuturuq.
- Müştərinin sizdən istədiyini 100 faiz nəticə ilə verirsiniz?
- Dizayn ilə təmir adətən 90-95% üst-üstə düşür. 100% eyni olan da olub, amma bu o hallarda baş verir ki, sifarişçi bizə öncədən bildirir ki, heç bir gedişata qarışmayacam, sonda nəticəni mənə təqdim edin. Belə olduğu halda 100% olan layihələrimiz var. Amma bəzi sifarişçilər artıq seçimlər zamanı müəyyən qədər əlavələr, dəyişiklik eləyirlər, o zaman 5-10% bir layihədən kənara çıxmalar gözləniləndir.
- Ən çox hansı büdcə aralığında sifarişlər alırsınız?
- Yəni, bizdə dizayn sifarişləri də, təmir də, mebel də olur. Dizayn layihələrimiz orta bazar qiymətinə uyğundur, amma bizim minimal tələblərimiz var ki, 70-80 kvadratmetrdən aşağı layihələr qəbul edə bilmirik.
Qiymətə gəlincə, keyfiyyət artdıqca təbii olaraq qiymət də qalxır. Keyfiyyətli təmirin orta qiyməti döşəmə üçün kvadratmetri 550-600 manat civarıdır. Bazarda bundan daha aşağı qiymətlərə də, yarı qiymətinə də təklif eləyən kifayət qədər şirkətlər, komandalar var, amma yaxşı işin yaxşı qiyməti var. Bu məbləğə dizayn layihəsi, ümumi sahə və memar nəzarətinin qiyməti daxildir.
İnteryer dizayn qiymətləri fərqli formada dəyişir. Qiymətin baha və ya ucuz olduğunu müqayisə eləyəndə, həmin şirkətin və ya həmin memarın, dizaynerin portfoliosuna baxmaq lazımdır ki, öncədən hansı proyektlər olduğunu görək. O portfolioya görə qiymətlər dəyişə bilir. Bu qiymətlər kvadratmetri 100-200 manata qədər dəyişə bilir. Yaxşı olar ki, portfolioya baxandan sonra bu müqayisələr olsun.

- Ən çox hansı dizayn üslublarında sifariş alırsınız və son illərin ən populyar interyer trendləri hansılardır?
- Ölkədə neoklassika ən birinci yerdə gedən interyer dizayn üslubudur. Son illərdə bazarda modern üslub da kifayət qədər məşhurlaşıb. Bizim sifarişçilərin bir çoxu modern üslubu seçir, amma neoklassik elementlər, detallar əlavə edir, çünki modern üslubun çox soyuq, minimal göründüyünü düşünürlər.
- Ən bahalı layihəniz barədə nə deyə bilərsiniz?
- Ən bahalı layihəmiz Sahil metrosu ətrafında olub. Əlavə olaraq Mərdəkan, Bilgəh ətrafı bağlarda olub. Bizim Dubayla, xarici ilə də korporativ əlaqələrimiz var. Biz o tipli layihələri Dubay komandası ilə birlikdə işləyirik.
- İndiyə qədər etdiyiniz ən maraqlı, çətin və sizi qürurlandıran layihə hansı olub?
- Son bir neçə ildə gizli profillərdən, plintuslardan və qapılardan sıx istifadə eləməyə başlamışıq. Məsələn, Yasamaldakı layihəmizdə bütün bu detalların hamısını bir mənzildə tətbiq etdik. Sahəsi 80 kvadratmetr civarında olsa da, kifayət qədər innovativ mənzildir, orada ağıllı ev sistemlərini də tətbiq etmişik. Mənzilə girəndə ev ab-havasından daha çox “showroom” təəssüratı yaradır, çünki sıradan olmayan nə varsa, hamısını o mənzildə tətbiq etmişik. Bu layihəni özümüz üçün ən qürurverici layihə kimi adlandıra bilərəm.
- Müştərinin ən qeyri-adi istəyi nə olub?
- Müştərilərin qeyri-adi istəkləri çox olur. Yataq otağında şüşəli vannadan (solo vanna) tutmuş, sanitar qovşağın şüşəli və şəhərə panoramalı olmasına qədər müxtəlif tələblərlə qarşılaşırıq. Burada əsas məsələ odur ki, öncədən danışılıb razılığa gəlinmədən, sonradan iş prosesində fərqli tələblər ortaya çıxır və bu da sifarişçini əlavə xərclərə salır.

- Təxmini olaraq bu işə yeni başlayan biri bir işdən nə qədər qazanc əldə edə bilər?
- Yeni başlayan biri üçün layihənin ümumi məbləğindən marja olaraq 10-15%, ən yaxşı halda 20-25% nəzərdə tutula bilər. Amma burada işin düzgün qurulmasından çox şey asılıdır. Çünki bizim ilk başladığımız vaxtlarda, zərər etdiyimiz layihələr çox olub. Məsələn, 50 000-lik layihədə 5 000-10 000 arası marja nəzərdə tutulsa da, sonda digər layihədən qazanılan xeyiri bu marja üçün xərcləmişik. Düzgün getməyən işlər, komanda tərəfindən verilən vədlərin tutulmaması sonda zərərə gətirib çıxara bilər. Yeni başlayanlar bu məsələlərə diqqət etməlidir.
- Siz Dubayda bu işləri davam etdirirsiniz. Oradakı fəaliyyətinizə ilk olaraq necə başladınız?
- 2024-cü ildə qərara gəldim ki, bir aylıq Dubaya gedim. Orada heç bir tanışım və ya əlaqəm yox idi. Sadəcə olaraq çantamı yığdım və yola düşdüm. Orda sosial şəbəkələrdə əvvəlcədən izlədiyim bir neçə ərəb şirkəti ilə görüşdüm. Sonra Dubayda yaşayan bir türk dostumuzla əlaqə yaratdıq. Onlar bizi tədbirə dəvət etdi. Tədbirdə 100-150 nəfərə yaxın türk iştirak edirdi və hamı bir-biri ilə çox səmimi idi. Orada bir nəfərin enerjisinin bizə uyğun olduğunu hiss edib yaxınlaşdım və beləcə tanış olduq.
Ona fəaliyyət sahəmiz barədə məlumat verdim. Səhifəmizi göstərdikdən sonra o, özünün də memar olduğunu bildirdi. Açığı, memar çıxacağını gözləmirdim. Hazırda onunla çox yaxın dostluq münasibətlərimiz var. Mən yoldaşımın memar olduğunu deyəndə, o da həyat yoldaşının memar-dizayner olduğunu söylədi. Beləliklə, aramızda gözəl ünsiyyət və ailəvi dostluq yarandı. Həmin şəxslərlə qurulan əlaqələr nəticəsində hazırda layihələri birgə bölüşdürürük.
- Bu sahədə uğur üçün istedad vacibdir, yoxsa pul?
- Bakı şəhərində hər iki versiyaya aid kifayət qədər nümunə var. Məsələn, pulu olub istedadı və ya təcrübəsi olmayanlar var. Xüsusi bir bacarığı yoxdur, lakin yaxşı maliyyəsi və güclü çevrəsi ilə işə başlayır. Çevrəsi sayəsində yeni sifarişlər əldə edir, yaxşı ofis qurur, 5-10 nəfərlik dizayn komandası yaradıb başlarına peşəkar rəhbər təyin edir. Beləliklə, iş ilə bağlı bir çətinlik yaşamır.
Digər tərəfdən isə, istedadlı olub sıfırdan gələnlər var. Heç bir maliyyəsi olmadan, yalnız öz əməyi və zəhməti ilə gəlib bazarda çox yaxşı yerlərə çıxan kifayət qədər insan tanıyırıq.
- Qarşıdakı illərdə “Address Arch”ı harada görürsünüz?
- Gələcək illərdə mebel istehsalatımızı daha çox önə çıxarmağı düşünürük. Tikinti üzrə daha çox fokuslanmaq, yəni təmir layihələrinin sayını bir az azaldıb, dizaynı isə əlavə baza olaraq saxlamaq planımız var. Çünki layihə hər bir halda həm mebeldə, həm təmirdə dizayn komandası tərəfindən çəkilməlidir. Mebelləri istehsal etmədən öncə onların dizayn layihələri və konstruksiyası hazırlanır, sifarişçi təsdiqlədikdən sonra istehsalata keçirilir. Buna görə də dizayn komandamız hər zaman əsas baza olaraq qalacaq.
Rəfiqə Abdin