Redaktor
Avtomobil sənayesində böhran dərinləşir: Avropalı istehsalçılar təzyiq altında
Qlobal avtomobil sənayesində Çin istehsalçılarının güclənən rəqabəti, ABŞ-ın tətbiq etdiyi ticarət siyasəti və elektrikli avtomobil bazarındakı qeyri-müəyyənlik xüsusilə Avropanın aparıcı avtomobil istehsalçılarına ciddi təzyiq göstərir.
Valyuta.az xəbər verir ki, son dövrdə açıqlanan xərclərin azaldılması və yenidən strukturlaşdırma qərarları sektorun üzləşdiyi çətinlikləri bir daha gündəmə gətirib.
"Volkswagen"də ixtisar və zavodların bağlanması planı
Məlumata görə, Almaniyanın “Volkswagen Group” şirkəti dünya üzrə təxminən 100 min iş yerinin ixtisarını və Almaniyadakı dörd zavodunun bağlanmasını nəzərdən keçirir.
Bildirilir ki, şirkət ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları, Çin bazarında zəifləyən satış göstəriciləri və Avropada BYD kimi Çin istehsalçılarının, eləcə də “Stellantis” kimi rəqiblərin artan təzyiqi fonunda yaranan xərcləri azaltmağa çalışır.
Eyni zamanda investisiya xərclərinin məhdudlaşdırılması hesabına əməliyyat xərclərində təxminən 11 milyard avro qənaət edilməsinin planlaşdırıldığı qeyd olunur.
"Mercedes-Benz" bonus ödənişini təxirə salıb
Məlumata görə, “Mercedes-Benz” də xərclərin optimallaşdırılması proqramı çərçivəsində Almaniyadakı təxminən 90 min həmkarlar ittifaqı üzvü olan əməkdaşına iyul ayında verilməsi planlaşdırılan xüsusi bonus ödənişini 2027-ci ilə təxirə salıb. Şirkətin, həmçinin həftəlik iş saatlarının artırılmasını tələb etdiyi bildirilir.
Bundan başqa, BMW-nin də daha əvvəl mənfəət proqnozunu aşağı saldığı qeyd edilir.
Çin rəqabəti Avropa bazarını dəyişdirir
Çin avtomobil istehsalçıları, xüsusilə elektrikli avtomobil seqmentində mövqelərini sürətlə gücləndirirlər. Bu isə Avropa şirkətlərinin rəqabət qabiliyyətinə mənfi təsir göstərir.
Bir vaxtlar Çin bazarında lider markalardan biri olan “Volkswagen”in son illərdə bazar payını itirdiyi, Çin istehsalçılarının isə həm daxili bazarda, həm də Avropada mövqelərini möhkəmləndirdiyi bildirilir.
ABŞ-ın məhdudiyyətləri yeni qeyri-müəyyənlik yaradır
ABŞ administrasiyasının Çinlə əlaqəli avtomobillərə qarşı tətbiq etdiyi məhdudiyyətlərin Avropa istehsalçılarının Çin şirkətləri ilə əməkdaşlığına da təsir etdiyi qeyd olunur.
Vaşinqton administrasiyası Çin mənşəli avtomobillərin həssas məlumatlar toplaya biləcəyi narahatlığı ilə bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirir.
"Polestar"ın ABŞ bazarı ilə bağlı planları sual altındadır
Çinin “Geely” holdinqinə məxsus İsveçin elektrikli avtomobil markası “Polestar”ın Çin mənşəli proqram təminatına tətbiq olunan məhdudiyyətlər səbəbindən gələn ildən etibarən ABŞ bazarında avtomobil sata bilməyəcəyi ilə bağlı məlumatlar da sektorun diqqət mərkəzindədir.
Qlobal tərəfdaşlıqlar diqqət mərkəzindədir
ABŞ-ın Çinlə əlaqəli şirkətlərə münasibəti yalnız “Polestar”a təsir göstərmir. Məlumata görə, “Stellantis”in Çinin “Leapmotor” şirkəti ilə tərəfdaşlığı mövcuddur. “Nissan” isə Böyük Britaniyanın Sanderlend şəhərindəki zavodunda gələn ildən etibarən Çinin “Chery” markası üçün avtomobil istehsal etməyi planlaşdırır.
Bundan başqa, BMW və “Mercedes-Benz”in də Çində müxtəlif tərəfdaşlıqları olduğu bildirilir. Avtomobil sənayesində qlobal əməkdaşlıqların gələcək taleyi hazırda yaxından izlənilir.
Paşa Məmmədli