Redaktor
Niyə hələ milyonçu deyilsiniz? Hər gün 1000 nəfər bunu bacarır!
Əgər siz də milyonçu olmağı arzulayırsınızsa, tək deyilsiniz. Bir çox insan üçün bu maliyyə mərhələsinə çatmaq artıq "uğur qazanmaq" deməkdir. Yeddi rəqəmli aktivlərə sahib olduqda, daha az vəsaitə malik olduğunuz dövrdə sizi narahat edən bir çox maliyyə çətinliyini geridə qoya bilərsiniz.
Bununla belə, inflyasiya hər il dolların dəyərini azaltdığı üçün milyonçu olmaq əvvəlki dövrlərdə ifadə etdiyi mənanı daşımır. Nəticədə, bu gün əvvəlkindən daha çox milyonçu var və bu statusa çatmaq da daha əlçatan görünür.
Bu gün milyonçu olmaq nə deməkdir?
"Milyonçu" anlayışı müxtəlif insanlar üçün fərqli məna daşıya bilər. Bəziləri milyonçunu hər il yeddi rəqəmli gəlir əldə edən şəxs kimi qəbul edir. Lakin ən geniş qəbul olunan tərifə görə, milyonçu ən azı 1 milyon ABŞ dolları məbləğində xalis sərvətə malik olan şəxsdir.
Bununla belə, milyonçular arasında da sərvət baxımından çox geniş fərqlər mövcuddur. Məsələn, illik xərclərinizdən asılı olaraq, 1 milyon dollarlıq xalis sərvət təqaüdə çıxmaq üçün kifayət etməyə bilər. Ancaq 10 milyon və ya 100 milyon dollarlıq xalis sərvət tamamilə fərqli həyat tərzi təmin edir və bu halda maliyyə təhlükəsizliyi barədə narahatlıq demək olar ki, aradan qalxır.
ABŞ-da neçə milyonçu var?
İsveçrənin "UBS" bankının 2025-ci il üzrə Qlobal sərvət hesabatına əsasən, 2024-cü ildə ABŞ-da 23 milyon 831 min milyonçu qeydə alınıb. Bu göstərici digər ölkələrlə müqayisədə açıq fərqlə ən yüksək rəqəmdir və dünya üzrə bütün milyonçuların təxminən 40 faizini təşkil edir.
Milyonçuların sayı ABŞ da daxil olmaqla dünyanın bir çox bölgəsində artmaqdadır.
Hindistan və Çin kimi ölkələrdə artım tempi daha yüksək olsa da, ABŞ-da milyonçuların sayı əvvəlki ilin hesabatı ilə müqayisədə 1,5 faiz artıb.
Bu isə bir il ərzində təxminən 379 min yeni milyonçunun meydana çıxması, yəni hər gün 1000-dən çox insanın milyonçu olması deməkdir.
Bununla yanaşı, sərvətin ABŞ-da müxtəlif irqi qruplar arasında bərabər bölüşdürülmədiyini də nəzərə almaq lazımdır. ABŞ Siyahıyaalma
Bürosunun məlumatına görə, ailə başçısı ağdərili olan hər 5 ailədən 1-nin xalis sərvəti ən azı 1 milyon dollardır. Ailə başçısı qaradərili olan ailələrdə isə bu göstərici hər 20 ailədən 1-i təşkil edir.
Milyonçuların tətbiq etdiyi maliyyə vərdişləri:
Bütün milyonçular eyni olmasa da, onların bir çoxunu bu maliyyə səviyyəsinə çatdıran ortaq davranışlar mövcuddur. Siz də milyonçu olmaq istəyirsinizsə, aşağıdakı vərdişləri nəzərdən keçirə bilərsiniz.
Erkən investisiya edin
İnvestisiya üçün nə qədər çox vaxtınız olarsa, milyonçu olmaq bir o qədər asanlaşar. Bunun əsas səbəbi mürəkkəb faiz mexanizmidir ki, bu da investisiyalarınızın zaman keçdikcə sürətlə artmasına imkan verir.
İnvestisiyaya nə qədər erkən başlasanız, milyonçu olmaq üçün bir o qədər az vəsait toplamalı olacaqsınız.
Xərclərinizi azaldın
Bu sadə səslənsə də, aylıq xərclərinizi azaltmaq milyonçu olmağa gedən yolu sürətləndirməyin ən asan üsullarından biridir. Daha az xərclədikcə daha çox investisiya etmək imkanınız yaranır.
Həyatınıza ciddi dəyər qatmayan könüllü xərcləri azaldın və telefon tarifiniz, kirayə haqqınız kimi əsas xərclər üzrə daha sərfəli təkliflər tapmağa və ya qiymət endirimi barədə danışıqlar aparmağa çalışın.
Gəlirinizi artırın
Pul axınında xərclər qədər gəlir də vacib rol oynayır. Əgər artıq xərclərinizi maksimum dərəcədə azaltmısınızsa, maaş artımı üçün müraciət etməyi və ya əlavə iş, sərbəst fəaliyyət kimi mənbələrdən əlavə gəlir əldə etməyi düşünün.
Borclanmaya ehtiyatla yanaşın
Milyonçular adətən borclanmada ehtiyatlı davranırlar, çünki faiz ödənişlərinin sürətlə böyüyə biləcəyini yaxşı bilirlər. Fövqəladə hallar üçün ehtiyat fondu yaratmaq və əlavə xərcləri öz vəsaitiniz hesabına qarşılamaq bahalı kreditlərdən və kredit kartı borclarından yayınmağa kömək edir. Beləliklə, daha çox vəsaiti yığım və investisiyalara yönəldə bilərsiniz.
Tənzilə Ağabalayeva