Redaktor
Startapların beynəlxalq bazara çıxarkən etdiyi 5 gizli səhv
Bir çox startap hesab edir ki, xarici bazara çıxmaq üçün məhsulun mətnini tərcümə etmək, qiymətləri yerli valyutaya çevirmək və satışa başlamaq kifayətdir. Halbuki beynəlxalq bazarda uğur qazanmaq üçün bunlar yetərli deyil. Yerli bazarın mədəniyyəti, insanların alış-veriş vərdişləri, istifadə etdikləri ödəniş üsulları və gündəlik davranışları da ən az məhsulun özü qədər önəmlidir.
Valyuta.az xəbər verir ki, 50-dən çox ölkədə fəaliyyət göstərən hədiyyə platforması Udoranın qlobal genişlənmə rəhbəri Yekaterina Qorbaçova beynəlxalq bazara çıxmaq istəyən startapların ən çox buraxdığı 5 səhvi açıqlayıb.
1. Bazarı yalnız statistik göstəricilərlə qiymətləndirmək
Ekspert bildirir ki, bazarın həcmi, əhalinin sayı və gəlir səviyyəsi kimi göstəricilər vacib olsa da, bunlar təkbaşına uğur üçün kifayət etmir.
Yerli insanların hansı məhsulları seçdiyi, hansı bayramları qeyd etdiyi, nə vaxt və necə alış-veriş etdiyi kimi davranış xüsusiyyətləri də öyrənilməlidir. Məsələn, Braziliyada Sevgililər Günü futbol üzrə Dünya Çempionatı ilə eyni vaxta təsadüf etdiyindən Udora marketinq kampaniyasını futbol mövzusuna uyğunlaşdırıb. Nəticədə elektron poçt kampaniyalarının effektivliyi 21,8% artıb.
2. Bütün ölkələrdə eyni marketinq kampaniyasını tətbiq etmək
Hər ölkənin özünəməxsus bayramları və adət-ənənələri var. Bir ölkədə uğurlu olan kampaniya başqa bazarda nəticə verməyə bilər.
Məsələn, Türkiyədə Müəllimlər Günündə müəllimlərə gül hədiyyə etmək adi haldır. Ancaq İspaniyada eyni kampaniya birmənalı qarşılanmaya bilər. Buna görə də hər bazar üçün ayrıca marketinq planı hazırlanmalıdır.
3. İstifadəçi təcrübəsini (UX) hər ölkə üçün eyni saxlamaq
Mütəxəssis qeyd edir ki, istifadəçilərin saytdan və ya mobil tətbiqdən gözləntiləri ölkədən ölkəyə dəyişir.
Böyük Britaniyada insanlar ünvanı poçt kodu ilə axtarmağa üstünlük verir, BƏƏ-də ərəb dilinə uyğun sağdan sola yazılan interfeys və yerli ödəniş üsulları gözlənilir. Almaniyada isə kiçik yazı səhvləri belə müştərinin etibarını azalda bilər.
4. Hər ölkə üçün ayrıca komanda yaratmaq
Ekspert hesab edir ki, hər bazar üçün ayrıca ofis və ya komanda yaratmaq həm bahalı, həm də həmişə səmərəli deyil. Onun fikrincə, oxşar xüsusiyyətlərə malik ölkələri regional komandalar vasitəsilə idarə etmək daha effektiv nəticə verir.
5. Lokalizasiyanı tamamilə süni intellektə həvalə etmək
Qorbaçovanın sözlərinə görə, süni intellekt mətn hazırlamaq, şəkil yaratmaq və müştəri dəstəyini sürətləndirməkdə faydalıdır. Lakin o, hər zaman ölkələrin mədəni və sosial xüsusiyyətlərini düzgün qiymətləndirə bilmir.
Məsələn, şirkət BƏƏ-də Analar Günü kampaniyası hazırlayarkən süni intellekt Böyük Britaniyada uğur qazanan şampanlı səhər yeməyi vizuallarından istifadə etməyi təklif edib. Lakin həmin dövrdə BƏƏ-də Ramazan ayı olduğundan belə məzmun yerli dini və mədəni dəyərlərə uyğun gəlmirdi. Şirkət insan müdaxiləsi sayəsində bu səhvin qarşısını ala bilib.
Ekspert qeyd edir ki, oxşar hallar yalnız vizuallarla məhdudlaşmır. Süni intellekt bir ölkədə normal qəbul edilən ifadəni başqa ölkəyə də uyğun hesab edə, yerli bayramları nəzərə almaya və ya həmin bazarda geniş istifadə olunan ödəniş üsullarını təklif etməyə bilər. Bu isə müştəri etibarının azalmasına və satışların zəifləməsinə səbəb ola bilər.
Qorbaçovanın fikrincə, qlobal bazarda uğur qazanan startaplar ən sürətli genişlənənlər deyil, hər bazarın mədəniyyətini, davranışını və istehlakçı gözləntilərini dərindən öyrənən şirkətlərdir.
Sərvanə Rəmixanova