1 milyard dollarlıq startaplar niyə çökür?

Redaktor

29.06.2026 10:40
159

1 milyard dollarlıq startaplar niyə çökür?

Bir vaxtlar 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilmək uğurlu startapın əsas göstəricisi hesab olunurdu. Bu gün isə bu göstərici bir çox şirkət üçün problemə çevrilib. Artıq 220-dən çox keçmiş təkbuynuz şirkət milyard dollarlıq statusunu itirib - onların real bazar dəyəri vaxtilə verilmiş qiymətləndirmədən xeyli aşağıdır. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir.

Kağız üzərində qalan təkbuynuz nədir?

Təkbuynuz - dəyəri 1 milyard ABŞ dolları və ya daha çox qiymətləndirilən özəl şirkətdir. Burada söhbət şirkətin hesabındakı vəsaitdən və ya gəlirlərindən getmir. Bu, investisiya raundu zamanı investorların şirkətə verdiyi qiymətdir. Məsələn, investorlar şirkətin 10%-i qarşılığında 100 milyon ABŞ dolları yatırırlarsa, bu, şirkətin 1 milyard ABŞ dolları dəyərində qiymətləndirildiyi anlamına gəlir. Şirkət birjaya çıxmayınca və ya satılmayınca bu qiymətləndirmə yalnız kağız üzərində qalır.

Kağız üzərində qalan təkbuynuz isə vaxtilə yüksək qiymətləndirmə almış, lakin həmin dəyəri mövcud bazar şəraitində təsdiqləyə bilməyən startapdır. Belə şirkətlər ya yeni investisiya raundlarını bağlaya bilmir, ya da bunu əvvəlkindən xeyli aşağı qiymətləndirmə ilə həyata keçirirlər.

Bu niyə baş verir?

2021-ci ildə faiz dərəcələri demək olar ki, sıfıra yaxın idi, kapital ucuz başa gəlirdi və investorlar startapları biznes göstəricilərini qabaqlayan yüksək qiymətlərlə dəyərləndirirdilər. Sonra isə “ChatGPT” meydana çıxdı.

2022-ci ilin noyabrından sonra investisiya axını sürətlə süni intellekt sahəsinə yönəldi. Təkcə 2026-cı ilin birinci rübündə süni intellekt startapları 255,5 milyard ABŞ dolları investisiya cəlb edib ki, bu da 2025-ci ilin ümumi göstəricisini üstələyib.

Bu məbləğin 67%-i cəmi üç əməliyyatın payına düşüb: “OpenAI”ın 122 milyard ABŞ dollarlıq investisiya raundu, “Anthropic”in 30,6 milyard ABŞ dollarlıq investisiya raundu və “xAI” şirkətinin “SpaceX” tərəfindən alınması.

Əvvəllər illik 40% artım nümayiş etdirən SaaS şirkətlərinə sərmayə yatıran investorlar indi eyni vəsaiti 200%-lik artım tempinə malik süni intellekt startaplarına yönəldirlər. Bu isə “ChatGPT”dən əvvəl investisiya cəlb etmiş şirkətlər üçün növbəti raundun ya ümumiyyətlə baş tutmaması, ya da daha aşağı qiymətləndirmə ilə keçirilməsi deməkdir.

Şirkətləri nə gözləyir?

“PitchBook”un məlumatına görə, sonuncu dəfə 2021-ci ildə investisiya cəlb edən startapların orta bazar dəyəri hazırda 68% azalıb. Son investisiya raundunu 2022-ci ildə bağlayan şirkətlərdə isə bu göstərici orta hesabla 52% təşkil edir. Dəyərini itirmiş təkbuynuzlar arasında “Glossier”, “Savage X Fenty”, “AG1”, “The Farmer’s Dog” və “Calendly” də var.

Belə şirkətlər eyni vaxtda üç əsas problemlə üzləşirlər.

Yeni investisiya raundunun əvvəlkindən daha aşağı qiymətləndirmə ilə keçirilməsi erkən investorların və əməkdaşların paylarının dəyərinin azalmasına, həmçinin şirkətin reputasiyasına zərbə vurur.

Birjaya çıxış da çətinləşib. Açıq bazar investorları inandırıcı süni intellekt strategiyası tələb edir, halbuki “ChatGPT”dən əvvəl yaranmış startapların əksəriyyətində belə strategiya yoxdur.

Bundan əlavə, əməliyyat dayanıqlılığı da risk altındadır. Bu şirkətlərin əksəriyyəti zərərlə fəaliyyət göstərir və yeni kapital olmadan uzun müddət işləyə bilmir.

Ən çox zərər çəkən sahə isə korporativ SaaS bazarıdır. Generativ süni intellekt proqramçı cəlb etmədən fərdi tətbiqlər yaratmağa imkan verir və aylıq hər istifadəçi üçün 50-200 ABŞ dolları ödəniş tələb edən SaaS məhsullarının biznes modelini birbaşa təhdid edir. “PitchBook”un siyahısında dəyərini itirmiş 75 SaaS şirkəti yer alır ki, bu da ikinci yerdə qərarlaşan “FinTech” şirkətlərinin sayından iki dəfə çoxdur.

Gələcək perspektiv

Ən real ssenari şirkətin əvvəlki pik qiymətləndirməsindən aşağı qiymətə strateji alıcıya satılmasıdır. Süni intellekt istiqamətinə transformasiya mümkündür, lakin köhnəlmiş qiymətləndirməyə malik şirkətlərin bunun üçün kifayət qədər resursu getdikcə azalır.

“PitchBook”un məlumatına görə, ABŞ-dakı təkbuynuz şirkətlərin təxminən yarısı son üç il və ya daha uzun müddət ərzində yeni investisiya cəlb etməyib. İnvestisiya fondlarının fəaliyyət müddəti başa çatdıqca bu şirkətlər ya yeni kapital cəlb etməli, ya da satılmalıdır. Bu isə bazarda kağız üzərində qalan yüksək qiymətləndirmələrin əhəmiyyətli hissəsinin yenidən nəzərdən keçiriləcəyini göstərir.

2021-ci ildə əldə olunmuş 1 milyard ABŞ dollarlıq qiymətləndirmə şirkəti bazar dəyərinin azalmasından qorumur və növbəti investisiya raundunun eyni və ya daha yüksək qiymətlə baş tutacağına zəmanət vermir. Həmin qiymətləndirmə sıfıra yaxın faiz dərəcələri, bol kapital və generativ süni intellektin hələ geniş yayılmadığı dövrün bazar şərtlərini əks etdirirdi. Bu amillərin hər üçü artıq dəyişib və həmin qiymətləndirmələrin formalaşdığı bazar mühiti mövcud deyil.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"OpenAI"ın birjaya çıxışı 2027-ci ilə qədər təxirə düşə bilər

29.06.2026

ABŞ-də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

29.06.2026

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29.06.2026

Azərbaycanın avtomobil bazarında qiymətlər maya dəyərindən aşağı düşüb

29.06.2026

Startaplar üçün 5 mühüm uğur amili

29.06.2026

Texnologiya tarixinin ən bahalı şirkət satınalmaları

29.06.2026

Qarabağ Universitetində 7,29 milyon manatlıq layihə həyata keçiriləcək

29.06.2026

"Google" "Meta"nın "Gemini" modellərinə çıxışını məhdudlaşdırdı

29.06.2026

"Meta"nın yeni planı üzə çıxdı: "Facebook"a mərc sistemi gələ bilər

29.06.2026

"Bitcoin"də iyul ayı gözləntiləri: Analitiklər kritik qiymət səviyyələrini açıqladı

29.06.2026

Cənubi Koreyadan 1,2 trilyon dollar layihə

29.06.2026

Niyə hələ milyonçu deyilsiniz? Hər gün 1000 nəfər bunu bacarır!

29.06.2026

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!  ®

29.06.2026

6 minifutbol meydançasının təmiri üçün 1,24 milyon manatlıq layihə

29.06.2026

Sürücü hazırlığına investisiya niyə vacibdir?  ®

29.06.2026

"Instagram" istifadəçilərə alqoritmi dəyişmək imkanı verəcək

29.06.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

29.06.2026

Mağazalar sizi daha bahalı məhsul almağa necə razı salır?

29.06.2026

Azərbaycanda startap şirkəti 70 min manat maaşa işçi axtarır

29.06.2026

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29.06.2026

Məzənnə

Yüklənir...