Böyümək şirkət olmaq deyil
12.12.2025 14:22
87

Böyümək şirkət olmaq deyil

Həsən Həsənov
    SER Consulting Groupun təsisçisi

Son illərdə bir çox yerli ticarətçilərin bazarları genişlənib dövriyyələri böyüdükcə, nəticədə filial sayı artdır. Bu böyümə təbii olaraq idarəetmənin çətinləşməsinə gətirib çıxarır ki, burada artıq “sistem”, “şirkətləşmə”, “korporativlik” kimi “məcburiyyətlər” ortaya çıxır… Bəs doğrudan da, korprorativləşmək hər zaman məcburiyyətdirmi? 

Xeyir, heç kim və heç nə sahibkarı korporativləşməyə məcbur etməməlidir. Bu, arzu- istəkdən çox düşüncə, seçim, qərar məsələsidir. Şirkətləşmə üçün əvvəl sahibkar öz zehniyyətini dəyişməlidir. Şəkil dəyişmək, status adları və ya bahalı terminlərlə bu yol alınmır. Şirkət olmaq nəticə deyil uzun, səbr tələb edən, ağrılı bir prosesdir. Sağlam nəfəs, dözüm, təfəkkür tələb edir. Və bu prosesin ən ağrılı mərhələsi sahibkarın özündə başlayır.

“Peşəkar gətirək” arzusu və “məni təsdiqlə” reallığı.

İş böyüyür, idarəetmə ağırlığı artır və sahibkar peşəkar dəvət edir.

Buraya qədər hər şey düzgündür. Sistem qurmaq üçün peşəkar lazımdır. Amma peşəkar gələndə ilkin olaraq proses dəyişməlidir. Bu “ağrıya” dözməyi isə çox az sahibkar bacarır.

Sahibkarın içində gizli, çox real gözlənti olur: “Gəl bizə kömək elə… amma mənim bildiyim kimi elə.”

Peşəkar diaqnostika verir – sahibkarın xoşuna gəlmir. Dəyişiklik təklif edir - riskli görünür. Sistemin tələb etdiyi davranışları deyir - “bura elə işləmir” cavabını alır. Tənqid edir, konstruktiv təhlil verir, bu dəfə də deyilənlər şəxsi qəbul olunur.
Və bir müddət sonra o tanış iddia sahibkarın ürəyindən dilinə yol tapir:
“Ayıbdır, bu biznesi mən əziyyətlə böyütmüşəm, sən kimsən ki, gəlib bəyənmirsən?”

Halbuki, peşəkarın öz işini görür, diaqnostika verir, prosesləri dəyişdirməyi tələb edir, sistem qurmağın vacibliyini dilə gətirir. Amma real dəyişikliklər ilk növbədə sahibkarın özündə narahatlıq yaradır. Bu narahatlıq hiss edildikcə, “sistem quraq” arzusunun əslində “məni təsdiqlə” gözləntisi olduğu üzə çıxır.

Nəticə isə hər dəfə eynidir:

Peşəkar dəvət edilir, dinlənilmir, özünə oxşadılmağa çalışılır. Nəticə alınmayanda isə mütəxəssis günahkar çıxır.

Səbəb isə sadədir: Sahibkar özünü təhlükəsiz hiss etdiyi komfort zonasından çıxmır.

Beləcə peşəkarlar gedir, yerində isə uzun illər işləyən, sahibkarın düşüncə ritminə uyğunlaşmış əməkdaşlar qalır. Təsisçinin özünü rahat hiss etdiyi, tənqid olunmadığı, sorğu-suala tutulmadığı, təhlükəsiz sandığı psixoloji dairə. Bu isə komanda quruculuğu deyil, köhnə versiyasının çoxaldılmasıdır. 

Digər vacib nüansa baxaq:

Səlahiyyət kağızda var, praktikada yoxdur.

Şirkətləşmənin başqa bir önəmli problemi: səlahiyyət verə bilməmək.

Kağızda direktor, CFO, əməliyyat rəhbəri təyin edilir. İş bölgüləri yazılır, strukturlar çəkilir.

Amma real qərarlar yenə sahibkarın öz masasındadır. Son “ok”-u yenə də sahibkar şəxsən özü verməlidir.  Peşəkar “qərar mexanizmi” dili ilə danışır, sahibkar isə “intuisiya və bazar təcrübəsi” dili ilə. Bu iki dil qovuşmayanda sistem işləmir.

Və yenə o tipik cümlə gəlir: “Elə dediyin kimi et… amma mənim bildiyim kimi.”

Bütün bunlar isə, aşağıdakı ardıcıllığa gətirib çıxarır.

•    Səlahiyyət verilməyəndə struktur formalaşmır.
•    Struktur olmayanda sistem qurulmur.
•    Sistem olmayanda isə peşəkar işləyə bilmir.
•    Sonda sahibkar yenə özünə bənzəyən adamlarla yola davam edir.

Qərarlar pərakəndə qalır, şirkət olmaq arzusu kağızda dayanır.

Bu “korporativliyə” keçidin və yaxud keçə bilməməyin qurbanları çox olur:

•    Yüksək ixtisaslı mütəxəssislər gətirilir, amma səlahiyyət verilmədiyi üçün kənarda qalır;
•    komanda yorulur;
•    mədəniyyət çirklənir;
•    illər və pullar itirilir.

Daha pisi odur ki, bu proses bir dəfə tam bitdikdən sonra, dövr təkrarlanır: yenə mütəxəssis çağırılır, yenə ümid, yenə eyni ssenari.

Səbəb isə əvvəldən ən başda qeyd etdiyimizdir: Şirkət olmaq üçün əvvəl sahibkarın düşüncəsi dəyişməlidir.

Biznesin böyüməsi sahibkarın zəhmətinin nəticəsidir. Amma şirkət olmaq sahibkarın düşüncə dəyişikliyinin nəticəsidir.

Korporativləşmə marafondur: nəfəs, dözüm, data əsaslı düşüncə, qərar mexanizmləri və ən əsası səlahiyyət verə bilmək tələb edir. 

Zorla şirkət olunmur. Korporativlik seçimdir. Hamı CEO olmağa məcbur deyil. Sahibkar istəmirsə, pərakəndə idarəetmə də yoldur.

Amma şirkət olmaq istəyirsə, əvvəl öz psixoloji biznes davranışını dəyişməlidir.

Bu keçidi tək başa vurmaq mümkün deyil. Çünki sahibkar birdən-birə maliyyə-hesabat təfəkkürünü, sistemli qərarverməni, strukturlu idarəetməni, səlahiyyət paylaşımını, emosional-intellektual liderliyi eyni anda mənimsəyə bilmir.
Sahibkarların ən çox ehtiyacı - onların biznes reallığını idarəetmə və hesabat dili ilə birləşdirən, bu iki dünya arasında körpü rolunu oynayan mütəxəssislərdir.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...