Redaktor
Prezident büdcə, mühasibat uçotu və dövlət satınalmaları ilə bağlı fərman imzalayıb
Prezident İlham Əliyev “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Valyuta.Az xəbər verir ki, fərmana əsasən, “Büdcə sistemi haqqında” Qanunun 11.16-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini hər iki halda Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin maddədə birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
Sənəddə qeyd olunur ki, 11.16-1-ci maddədə “orqanın (qurumun) informasiya sistemi” dedikdə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “Büdcə məlumatlarını idarəetmə” altsistemi nəzərdə tutulur.
“Mühasibat uçotu haqqında” Qanunun 4-1-ci maddəsinin adında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini də Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin maddədə “orqanın (qurumun) informasiya sistemi” ifadəsi Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-mühasibat” altsistemini əhatə edir.
Eyni zamanda, “Dövlət satınalmaları haqqında” Qanunun 3.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Prezident tərəfindən icra ediləcək. Bu maddədə “orqanın (qurumun) informasiya sistemi” dedikdə isə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemi nəzərdə tutulur.
Fərmana əsasən, Nazirlər Kabinetinə qanundan irəli gələn məsələlərin həlli tapşırılıb.
Bununla yanaşı, bir sıra əvvəlki prezident fərmanlarında da dəyişikliklər edilib. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun tətbiqi ilə bağlı 2001-ci il 26 dekabr tarixli 621 nömrəli fərmanda “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” sözləri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-rüsum” altsistemi” sözləri ilə əvəz olunub.
Həmçinin “Büdcə sistemi haqqında” Qanunun tətbiqi barədə 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli fərmanda, “Mühasibat uçotu haqqında” Qanunun tətbiqi barədə 2005-ci il 7 fevral tarixli 192 nömrəli fərmanda və “Dövlət satınalmaları haqqında” Qanunun tətbiqi ilə bağlı 2023-cü il 19 avqust tarixli 2307 nömrəli fərmanda müvafiq maddələrə yeni bəndlər əlavə edilib və redaktə xarakterli dəyişikliklər aparılıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAlma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026