Redaktor
Uşaqlarınızın uğurlu sahibkar olmasına kömək edəcək 5 yol
Uşaqlarda sahibkarlıq bacarığı erkən yaşlardan formalaşdırıla bilər. Mütəxəssislər hesab edirlər ki, valideynlərin düzgün yanaşması övladların gələcəkdə biznes qurmaq, təşəbbüskar olmaq və maliyyə baxımından müstəqil qərarlar vermək bacarıqlarını inkişaf etdirə bilər.
Valyuta.az xəbər verir ki, bunun üçün valideynlərin diqqət yetirməli olduğu bir neçə əsas məqam var.
Uşağınızın bacarıqlarını kəşf edin
Hər bir uşaq müəyyən istedad və maraqlarla dünyaya gəlir. Mütəxəssislər bildirirlər ki, uşağın sevdiyi məşğuliyyət gələcək peşəsinin və ya biznes ideyasının əsasını təşkil edə bilər.
Məsələn, rəsm çəkmək, şirniyyat bişirmək, proqramlaşdırma və ya texnologiyaya maraq gələcəkdə gəlir gətirən fəaliyyətə çevrilə bilər.
Onu sahibkar insanlarla tanış edin
Uşaqlar gördükləri nümunələrdən daha çox öyrənirlər. Buna görə də onları kiçik biznes quran, hobbisini gəlir mənbəyinə çevirən və ya öz işini yaradan insanlarla tanış etmək faydalıdır.
Belə görüşlər uşaqlara sahibkarlığın əlçatmaz olmadığını göstərir və onlarda yeni ideyalar formalaşdırır.
İdeyaların gücünü öyrədin
Bir çox məşhur şirkət sadə bir ideyadan yaranıb. Mütəxəssislər valideynlərə övladlarını "Bunu başqa cür etmək olarmı?" və ya "Bu problemi necə həll etmək olar?" kimi suallar üzərində düşünməyə təşviq etməyi tövsiyə edirlər.
Uşağın irəli sürdüyü ideyaları dinləmək və onları müzakirə etmək yaradıcılıq qabiliyyətinin inkişafına kömək edir.
Uğursuzluqdan qorxmamağı aşılayın
Ekspertlər bildirirlər ki, uğurlu sahibkarları digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri uğursuzluğu qəbul edib ondan nəticə çıxarmaq bacarığıdır.
Valideynlər uşaqlara səhv etməyin normal olduğunu izah etməli, problemlərin həll yollarını birlikdə araşdırmalı və onları yenidən cəhd etməyə həvəsləndirməlidirlər.
Yaradıcılığı inkişaf etdirin
Sahibkarlığın əsas xüsusiyyətlərindən biri də yaradıcılıqdır. LEGO ilə oynamaq, hekayələr yazmaq, rəsm çəkmək, müxtəlif layihələr hazırlamaq və ya yaradıcı oyunlarla məşğul olmaq uşağın düşüncə tərzini inkişaf etdirə bilər.
Mütəxəssislər hesab edirlər ki, valideynlər uşaqlara öz ideyalarını sərbəst şəkildə həyata keçirmək üçün imkan yaratmalı, onları muzeylərə, sərgilərə, kitab və digər yaradıcı fəaliyyətlərə yönləndirməlidirlər.
Onların fikrincə, uşaqlarda sahibkarlıq ruhunun erkən yaşlardan formalaşdırılması gələcəkdə həm maliyyə savadlılığının, həm də liderlik bacarıqlarının inkişafına mühüm töhfə verə bilər.
Sərvanə Rəmixanova