Redaktor
SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb
Cənubi Koreyanın yaddaş çipləri istehsalçısı "SK Hynix" ABŞ-da planlaşdırdığı birja yerləşdirilməsi üzrə rəsmi marketinq prosesinə başlayıb.
Şirkət süni intellekt texnologiyalarına artan maraq fonunda yaddaş çipləri sektoruna yönələn güclü investor tələbindən yararlanmağı hədəfləyir.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, "SK Hynix" təxminən 17,79 milyon adi səhmi təmsil edən Amerika depozitar qəbzini (ADR) satışa çıxaracaq.
Seul birjasında cümə günü qeydə alınan bağlanış qiymətinə əsasən, yerləşdirilmənin ümumi dəyəri təxminən 28 milyard ABŞ dolları təşkil edir.
Şirkətin Seul birjasında ticarət olunan səhmləri bu il təxminən 260 faiz bahalaşıb. Nəticədə "SK Hynix"in bazar kapitallaşması 1 trilyon ABŞ dollarını ötüb.
ABŞ-da listinq "SK Hynix" üçün yeni maliyyə mənbəyi yaradacaq. Şirkət yüksək ötürmə qabiliyyətinə malik yaddaş (HBM) çiplərinin dünyanın aparıcı istehsalçısı hesab olunur və süni intellekt sistemlərinə artan tələbat onun məhsullarına marağı daha da artırıb.
"SK Hynix" və əsas rəqibi "Samsung Electronics" Cənubi Koreya hökumətinin dəstəklədiyi, ümumi dəyəri 880 milyard ABŞ dolları olan proqram çərçivəsində ölkə daxilində investisiyalarını genişləndirməyi planlaşdırır.
Şirkətin ABŞ bazarına çıxışı süni intellekt infrastrukturunun inkişafını maliyyələşdirmək üçün kapital bazarlarına üz tutan iri texnologiya şirkətlərinin sırasına qoşulması deməkdir.
Bu ilin iyun ayında "SpaceX" tarixdə ən böyük ilkin kütləvi səhm təklifini (IPO) həyata keçirib, "Alphabet" isə süni intellekt layihələrini maliyyələşdirmək məqsədilə 85 milyard dollar cəlb etməyi planlaşdırır.
Tənzimləyici sənədlərə görə, "SK Hynix"in ADR-lərinin iyulun 10-da "Nasdaq Global Select Market" platformasında "SKHY" simvolu altında ticarətə çıxarılması nəzərdə tutulur.
Planlaşdırılan həcmdə bu yerləşdirmə tarixdə ən böyük üç ilkin səhm satışından biri ola bilər və 2019-cu ildə 29,4 milyard dollarlıq IPO həyata keçirən "Saudi Aramco"nun göstəricisinə yaxınlaşa bilər.
Analitiklərin fikrincə, ABŞ birjasında xarici şirkət tərəfindən indiyədək həyata keçirilə biləcək ən böyük yerləşdirmələrdən biri olan bu satış bazarın süni intellektlə əlaqəli yeni səhmlərə yüksək marağını da sınaqdan keçirəcək.
"SK Hynix"in HBM texnologiyasına erkən yatırım etməsi və "Samsung Electronics"in bu sahədə daha gec hərəkət etməsi şirkəti "Nvidia"nın əsas təchizatçılarından birinə çevirib.
"Counterpoint Research" şirkətinin məlumatına görə, 2025-ci ilin dördüncü rübündə "SK Hynix" gəlir baxımından qlobal HBM bazarının 57 faizinə sahib olub.
Şirkətin 2026-cı ilin birinci rübündə əməliyyat mənfəəti rekord həddə – 37,61 trilyon vona yüksəlib. Bu göstərici analitiklərin 35,7 trilyon von səviyyəsindəki proqnozunu üstələyib. Satışlar isə təxminən üç dəfə artaraq 52,58 trilyon vona çatıb.
Bazar iştirakçıları hesab edirlər ki, süni intellekt texnologiyalarına davamlı tələbat yaddaş çipləri istehsalçıları üçün uzunmüddətli artım potensialı yaradır. Əvvəllər bu sektor daha çox fərdi kompüter və smartfon bazarındakı dövri dəyişikliklərdən asılı hesab edilirdi.
Yaddaş çiplərinin bahalaşması artıq iri texnologiya şirkətlərinin qiymət siyasətinə də təsir göstərir.
"Apple" və "Microsoft" qısa müddət ərzində "Xbox" oyun konsolları, "Mac" kompüterləri və "iPad" planşetlərinin qiymətlərini artırıb. Hər iki şirkət bunu süni intellekt bumunun yaratdığı görünməmiş yaddaş çipi çatışmazlığı ilə izah edib.
Mütəxəssislər hesab edirlər ki, gələcəkdə çip bazarında artım tempi nisbətən zəifləsə belə, ABŞ-da ADR yerləşdirilməsi "SK Hynix"in bazar dəyərinin rəqibləri ilə müqayisədə daha da yüksəlməsinə şərait yarada bilər.
Yerləşdirmənin əsas təşkilatçıları "Bank of America", "Citigroup", "Goldman Sachs Group" və "JPMorgan Chase"dir.
Tənzilə Ağabalayeva