Redaktor
ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?
ABŞ-da fəaliyyət göstərən məlumat mərkəzlərinin sayı və miqyası artdıqca, onların fasiləsiz işləməsi üçün tələb olunan elektrik enerjisinin həcmi də sürətlə yüksəlir. Süni intellekt, bulud hesablama və maşın öyrənməsi kimi texnologiyaların əsasını təşkil edən bu infrastruktur qlobal internet xidmətlərinin fasiləsiz fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Valyuta.az xəbər verir ki, enerji istehlakının qlobal müzakirə mövzusuna çevrildiyi bir dövrdə məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı da diqqət mərkəzindədir. Nüvə elektrik stansiyaları yüksək istehsal gücünə malik olduqları üçün iri sənaye və yaşayış məntəqələrinin enerji təminatında mühüm rol oynayırlar.
Bəs ABŞ-daki bütün məlumat mərkəzlərini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyasına ehtiyac var?
Mövcud hesablamalara əsasən, ölkədəki bütün məlumat mərkəzlərinin enerji tələbatını ödəmək üçün təxminən 31 giqavat istehsal gücü tələb olunur. Bu isə orta hesabla hər biri 1 giqavat gücündə olan təxminən 31 nüvə elektrik stansiyasının istehsal gücünə bərabərdir.
Güc imkanları və enerji gələcəyi
Müasir nüvə elektrik stansiyası orta hesabla 1 giqavat elektrik gücü istehsal edir. Bu həcmdə enerji istehsalı orta hesabla təxminən 876 min ev təsərrüfatının elektrik tələbatını ödəməyə kifayət edir.
ABŞ-da fəaliyyət göstərən 4 439 məlumat mərkəzinin orta elektrik yükü 2025-ci ildə **31 giqavat təşkil edib** (**düzəliş edildi**). Bu göstərici təxminən 27,2 milyon ev təsərrüfatının elektrik tələbatına bərabər hesablanır.
Hazırda ABŞ-da 54 nüvə elektrik stansiyasında fəaliyyət göstərən 94 reaktor ölkənin elektrik enerjisi istehsalının təxminən 18,2 faizini təmin edir. Əgər nüvə enerjisi yalnız məlumat mərkəzlərinin enerji təminatına yönəldilsəydi, mövcud nüvə istehsal gücünün yarıdan çoxundan bu məqsədlə istifadə olunmalı idi.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, nüvə enerjisi məlumat mərkəzləri üçün etibarlı enerji mənbəyi hesab olunsa da, yeni nüvə elektrik stansiyalarının tikintisi yüksək maliyyə xərcləri və uzunmüddətli inzibati prosedurlar tələb edir. Bu isə sahənin əsas problemlərindən biri kimi qiymətləndirilir.
Bundan əlavə, 2027-ci ilədək məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatının iki dəfə artacağı proqnozlaşdırılır. Yeni nüvə elektrik stansiyalarının tikintisi və istismara verilməsi uzun müddət tələb etdiyindən, yaxın illərdə enerji tələbatının mövcud istehsal imkanlarını üstələməsi riski də qalmaqdadır.
Paşa Məmmədli