Redaktor
Paltarına yapışan tikan onu milyarderə çevirdi
Bəzən dünyanı dəyişən ixtiralar böyük laboratoriyalarda deyil, gündəlik həyatın ən adi anlarında yaranır. İsveçrəli mühəndis Corc de Mestral da ovdan qayıdarkən paltarına və itinin tüklərinə yapışan tikanlara diqqətlə baxmaq qərarına gəldi. Bu maraq sonradan dünyanın ən məşhur bağlama sistemlərindən biri olan Velcronun yaranmasına səbəb oldu.
Adi müşahidə böyük ixtiraya çevrildi
Corc de Mestral hələ uşaqlıq illərindən ixtiraçılığa maraq göstərirdi. O, cəmi 12 yaşında oyuncaq təyyarə ilə bağlı ilk patentini almışdı.
Lakin onun həyatını dəyişən hadisə 1941-ci ildə baş verdi. Ov zamanı paltarına və İrland setter cinsindən olan itinin tüklərinə yapışan qanqal bitkisinin tikanları diqqətini çəkdi.
Onları sadəcə təmizləmək əvəzinə, Mestral tikanları mikroskop altında araşdırdı.
Araşdırma zamanı o, tikanların minlərlə kiçik qarmaqdan ibarət olduğunu və bu qarmaqların parçanın liflərinə, eləcə də heyvan tüklərinə möhkəm ilişdiyini gördü. Məhz bu mexanizm sonradan onun məşhur ixtirasının əsasını təşkil etdi.
Təbiəti təqlid etmək asan olmadı
Corc de Mestral təbiətdə gördüyü sistemi süni şəkildə hazırlamaq qərarına gəldi. Məqsəd biri qarmaqlardan, digəri isə ilmələrdən ibarət iki səth hazırlayaraq onları bir-birinə asanlıqla bağlamaq idi.
Lakin bu ideyanı kütləvi istehsala çevirmək düşündüyündən daha çətin oldu. O, Avropanın müxtəlif tekstil fabriklərinə müraciət etsə də, əksəriyyəti bu layihəyə inanmadı. Parça üzərində ilmələri hazırlamaq mümkün olsa da, eyni ölçülü və möhkəm qarmaqların istehsalı böyük problem idi.
İllərlə davam edən axtarışlardan sonra de Mestral Fransanın Lion şəhərində bu ideyanı reallaşdıra biləcək mütəxəssislər tapdı. Təcrübələr nəticəsində isə neylon materialının qarmaqların formasını uzun müddət qorumaq üçün ən uyğun seçim olduğu müəyyən edildi.
Patenti aldı və şirkətini qurdu
Uzun illər davam edən sınaqlardan sonra Corc de Mestral 1955-ci ildə ixtirasına patent aldı. Layihəni inkişaf etdirmək üçün 150 min dollar kredit götürdü və istehsal şirkətini yaratdı.
O, yeni məhsula fransız dilində "məxmər" mənasını verən velours və "qarmaq" mənasını verən crochet sözlərini birləşdirərək Velcro adını verdi.
Bununla belə, əsas problem hələ də istehsalın sürətləndirilməsi idi. İlk nümunələr yalnız əl ilə hazırlanırdı və bu üsulla böyük həcmdə məhsul istehsal etmək mümkün deyildi.
20 illik zəhmətdən sonra uğur qazandı
Pulunun böyük hissəsini itirən de Mestral İsveçrənin Komüni kəndində kiçik bir daxmada işləməyə davam etdi. O, qarmaqların eyni bucaq altında kəsilməsini təmin edən yeni texnologiya hazırladı. Bu üsul bərbər maşınlarının işləmə prinsipindən ilham alınaraq hazırlanmışdı.
Təxminən 20 illik araşdırmalardan sonra bu yenilik Velcro bağlayıcılarının sənaye miqyasında istehsalına imkan verdi.
NASA və moda sənayesi Velcro-nu məşhurlaşdırdı
İlk illərdə istehsalçılar yeni bağlama sisteminə ehtiyatla yanaşırdı. Düymə və tikişdən istifadə edən şirkətlər Velcro-nun üstünlüklərinə inanmırdı.
Lakin vəziyyət NASA-nın bu texnologiyadan istifadə etməsindən sonra dəyişdi. Kosmosda çəkisizlik şəraitində əşyaları sabitləmək üçün Velcro ideal həll hesab olundu. Bu istifadə məhsulun nüfuzunu artırdı və onu bütün dünyada tanıtdı.
1960-cı illərin ortalarından etibarən Velcro geyim sənayesində də geniş yayılmağa başladı. Məşhur fransız modelyeri Pyer Karden bu materialdan istifadə edən ilk dizaynerlərdən biri oldu və bununla da məhsul gündəlik həyatın ayrılmaz hissəsinə çevrildi.
Milyonlarla insanın istifadə etdiyi ixtira
Corc de Mestral sonralar Velcro üzərindəki hüquqlarını satdı və başqa ixtiralar üzərində çalışmağa davam etdi. O, hətta qulançar soyacağı kimi uğurlu məhsullar da hazırladı.
1990-cı ildə vəfat edən ixtiraçı arxasında gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş bir yenilik qoydu. Bu gün Velcro ayaqqabılardan geyimlərə, tibbi avadanlıqlardan avtomobillərə, kosmik texnologiyalardan sənaye məhsullarına qədər minlərlə sahədə istifadə olunur.
Corc de Mestralın hekayəsi göstərir ki, bəzən böyük ixtiralar mürəkkəb elmi layihələrdən deyil, insanın ətrafında baş verən ən adi hadisələrə maraqla yanaşmasından başlayır.
Rəfiqə Abdin