Adi daşı "ev heyvanı" kimi sataraq 6 ayda milyonçu oldu

Redaktor

18.07.2026 08:30
115

Adi daşı "ev heyvanı" kimi sataraq 6 ayda milyonçu oldu

Bir zarafat bəzən milyonlarla dollar qazandıra bilər. ABŞ-li reklamçı Qeri Ros Dal dostları ilə söhbət zamanı söylədiyi bir fikri qısa müddətdə dünyanın ən məşhur hədiyyələrindən birinə çevirdi. O, adi daşı "ev heyvanı" kimi sataraq cəmi 6 ay ərzində milyonçu oldu və marketinq tarixinin ən uğurlu kampaniyalarından birinə imza atdı.

Sadə zarafat biznes ideyasına çevrildi

Valyuta.az xəbər verir ki, Qeri Ros Dal 1936-cı ildə ABŞ-ın Şimali Dakota ştatında anadan olub. Uşaqlıq illərini Vaşinqton ştatında keçirən Dal universitet təhsilini başa vurduqdan sonra Kaliforniyaya köçərək reklam sahəsində kopirayter və kreativ direktor kimi fəaliyyət göstərməyə başlayıb.

Onun həyatını dəyişən ideya isə 1975-ci ilin aprelində dostları ilə Kaliforniyanın Los Gatos şəhərindəki bir barda etdiyi söhbət zamanı yarandı. Dostları ev heyvanı saxlamağın çətinliklərindən, yəni yemək verməkdən, gəzdirməkdən, baytar xərclərindən şikayətlənərkən Dal zarafatla "ən yaxşı ev heyvanım daşdır, ona qulluq lazım deyil" dedi.

Bu zarafat onun beynində biznes ideyasına çevrildi. O, adi çay daşlarını xüsusi qutulara yerləşdirərək "Pet Rock" ("Ev heyvanı daşı") adı altında satmağa qərar verdi.

Adi daşı xüsusi məhsula çevirdi

Qeri Ros Dal Meksikadan hamar çay daşları gətirdi, onlar üçün hava dəlikləri olan xüsusi karton qutular hazırlatdı və qutunun içinə saman yerləşdirdi. Bununla yanaşı, alıcılara daşlarını necə "öyrətmək" barədə yumor dolu istifadə təlimatı da əlavə etdi. Təlimatda daşa "otur", "qal", "yuvarlan" kimi əmrlərin necə "öyrədilməsi" zarafatla izah olunurdu.

1975-ci ilin avqustunda məhsul ilk dəfə San-Fransiskoda keçirilən sərgidə təqdim edildi.

6 aydan da az müddətdə milyonçu oldu

Həmin dövrdə ABŞ-da Vyetnam müharibəsinin yaratdığı gərginlik və "Watergate" qalmaqalının təsiri davam edirdi. İnsanlar gündəlik mənfi xəbərlərdən yorulmuşdu.

Məhz belə bir dövrdə "Pet Rock" insanlara gülmək üçün sadə bir səbəb verdi.

Məhsul qısa müddətdə "Time", "Newsweek" və "People" kimi nüfuzlu jurnallarda işıqlandırıldı. Qeri Dal məşhur televiziya proqramlarına dəvət olundu və "Pet Rock" ölkə üzrə fenomenə çevrildi.

Yeni il mövsümündə gündə təxminən 100 min ədəd "Pet Rock" satılırdı. Hər daşın hazırlanması təxminən 1 dollara başa gəlirdi, satış qiyməti isə 3,95 dollar idi.

Nəticədə ümumilikdə təxminən 1,5 milyon ədəd məhsul satıldı və Dal altı aydan da az müddətdə milyonçu oldu.

Populyarlıq qısa sürdü

Lakin bu uğur uzunömürlü olmadı. 1976-cı ilin əvvəlindən etibarən alıcı marağı sürətlə azalmağa başladı. Satılmayan məhsulların bir hissəsi aztəminatlı uşaqlara bağışlandı. Daha sonra iki investor mənfəətdən pay tələb edərək ona qarşı məhkəmə iddiası qaldırdı və məsələ böyük məbləğdə razılaşma ilə həll olundu.

Qeri Dal sonradan “Canned Earthquakes,” “Sand Breeding Kits” kimi başqa maraqlı məhsullar hazırlasa da, onların heç biri "Pet Rock" qədər uğur qazanmadı. O, daha sonra reklam agentliyi yaradaraq televiziya, radio və internet layihələri üçün reklamlar hazırlamağa başladı.

2001-ci ildə isə reklam sahəsində təcrübəsini bölüşdüyü "Advertising for Dummies" kitabını nəşr etdirdi.

Bir zarafatın yaratdığı əbədi miras

Qeri Dal ömrünün sonuna qədər minlərlə ixtiraçıdan biznes məsləhəti almaq üçün müraciətlər qəbul edib. Sonralar verdiyi müsahibələrdən birində isə bəzən, "Pet Rock"u yaratmasaydı, həyatı daha sadə olardı deyə düşündüyünü etiraf edib.

Qeri Dal 2015-ci ildə vəfat etsə də, onun yaratdığı "Pet Rock" bu gün də marketinq dərslərində uğurlu brendinq nümunəsi kimi öyrədilir. Adi bir daşı milyonlarla insanın almasına razı salan bu ideya göstərir ki, bəzən böyük biznes mürəkkəb texnologiyadan deyil, doğru zamanlama, yaradıcı düşüncə və güclü marketinqdən başlayır.

Rəfiqə Abdin 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Öhdəliklərinin həcminə görə bankların RENKİNQİ

18.07.2026

Adi daşı "ev heyvanı" kimi sataraq 6 ayda milyonçu oldu

18.07.2026

Lüks bazarında sürpriz: "Richemont" analitiklərin gözləntilərini ikiqat üstələdi

17.07.2026

Səyahət agentliyi 60 milyon dollar investisiya cəlb edib

17.07.2026

İnsanlar smartfonlarını əslində nə qədər tez-tez dəyişir?

17.07.2026

"Netflix" bu il 300-ə yaxın film və serial istehsalında süni intellektdən istifadə edib

17.07.2026

Mərkəzi Bankın 3,8 milyon manatlıq 5 tenderi gələn ay yekunlaşacaq

17.07.2026

"Amazon"un robotaksisi tüstü səbəbindən çaşdı - "Zoox" 105 avtomobili geri çağırdı

17.07.2026

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

17.07.2026

İş yerində stresi azaltmağın 5 effektiv yolu

17.07.2026

"Alibaba"nın dəstəklədiyi startap yeni süni intellekt modelini təqdim edib

17.07.2026

"Bakı Metropoliteni" 5,2 milyon manatlıq tender elan edib

17.07.2026

Sığorta şirkətləri avtomobillər üzrə hər ay nə qədər ödəniş edib?

17.07.2026

Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur

17.07.2026

"SpaceX" 1 trilyon dollarlıq bazar dəyərini itirdi

17.07.2026

Azərbaycanda şirkət nizamnamə kapitalını 380 min manat azaldıb

17.07.2026

Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının təsisçiləri sırasına daxil olub

17.07.2026
Müştərilərə ən çox kredit verən banklar

Müştərilərə ən çox kredit verən banklar - RENKİNQ

17.07.2026

"Moody's" Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

17.07.2026

Sosial mediadakı məzmunun nə qədəri süni intellekt tərəfindən yaradılır?

17.07.2026

Məzənnə

Yüklənir...