Həsən Həsənov
SER Consulting Groupun təsisçisi
“Biz şam yeməyimizi qəssabın, pivəçinin və ya çörəkçinin xeyirxahlığından yox, onların öz maraqlarını güdməsindən gözləyirik” - Adam Smit
Köhnə kişilər bunu bilirdi, amma biz hələ də müzakirə edirik. Ona görə də köhnə kişilər etik kodeks yazmırdı. Onlar rol bölgüsü qururdu, nəzarət ayırırdı, hakimiyyəti bölürdü.
Biz isə hələ də eyni adamdan gözləyirik ki:
- həm qərar versin,
- həm icra etsin,
- həm nəticəni ölçsün,
- sonra da “dürüst olsun”.
Bu, sadəlövhlükdür və yeni problem deyil. Roma hüququ bunu min il əvvəl bağlamışdı: “Nemo judex in causa sua - Heç kim öz işi üzrə hakim ola bilməz”.
Mən şirkətlərdə hələ də görürəm:
– satınalma qərarı verən adam,
– tədarükçü ilə münasibəti olan adam,
– əməliyyatın sürətinə cavabdeh olan adam,
– xərci təsdiqləyən və nəticəni “normal” sayan adam
eyni xəttin üzərində toplanır.
Hətta özü işlədiyi şirkətə tədarükçü olan adamlar var. Bu cümləni yazarkən belə dəhşətə gəlirəm.
Maaşlı işlədiyi şirkətə nəsə tədarük edən adamlar ən yaxşı halda niyyətdə dürüst olduqlarını düşünürlər. Onlar həm işlədikləri şirkətin, həm də tədarükçü şirkətin maraqlarını eyni dərəcədə qoruduqlarına inanırlar.
Amma eyni adam eyni anda iki tərəfin marağını qoruya bilməz. Ona görə də sağlam idarəetmədə əsas prinsip sadədir - dürüstlük iddiası yox, maraqları ayıran mexanizm lazımdır.
“Bu adam dürüstdürmü?”
Bu sualın özü də, cavabı da problemi həll etmir. Əksinə, onu daha da dərinləşdirir.
Çünki insan dürüst ola bilər. Hətta səmimi şəkildə dürüst olduğuna inana bilər. Amma bu, maraqların toqquşduğu vəziyyəti avtomatik olaraq təhlükəsiz etmir.
İnsan beyni elə qurulub ki, toqquşma yaranan anda seçim etməyə məcbur qalır. Və həmin anda beyin nadir hallarda “obyektiv həqiqət”i seçir. O, öz marağını qoruyan izahı tapır.
Bu proses çox vaxt şüurlu olmur. Adam özünü aldatdığını hiss etmir. Verdiyi qərarı “məntiqli”, “praktik”, “şəraitə uyğun” hesab edir.
Sağlam idarəetmə sistemləri bunu çoxdan qəbul edib. Onlar insanın niyyətini ölçməyə çalışmır. Və onlar insanı elə bir mövqeyə qoymur ki, seçim etmək məcburiyyətində qalsın.
Çünki idarəetmənin işi “ən dürüst adamı tapmaq” deyil. İdarəetmənin işi ən dürüst adama belə səhv etdirməyən struktur qurmaqdır.
Şirkətlərdə maraqların toqquşması adətən sakit, məntiqli və “iş üçün faydalı” arqumentlərlə başlayır.
Bu adamlar çox vaxt özlərini problemli hesab etmirlər. Əksinə, düşünürlər ki:
– şirkəti tanıyırlar,
– ehtiyacı bilirlər,
– işi daha ucuz və daha tez həll edirlər.
Ən təhlükəli nöqtə də məhz buradadır. Onlar səmimi şəkildə inanırlar ki, həm işlədikləri şirkətin, həm də tədarükçü tərəfin marağını eyni dərəcədə qoruyurlar.
Belə strukturlarda nəticə həmişə eyni olur:
– alternativ tədarükçülər ölü vəziyyətdə qalır,
– qiymət bazarla yox, münasibətlə formalaşır,
– maya dəyəri şişir,
– hesabat da rahatlığı təsdiqləyir.
Çıxış yolu insanları dəyişməkdən keçmir. Çıxış yolu mexanizmləri dəyişməkdən keçir. Sağlam idarəetmə maraqların toqquşmasını “qadağan etmir”. Onu idarəolunan hala gətirir.
Birinci qayda sadədir: Eyni adam həm qərar verən, həm icra edən, həm də nəticəni qiymətləndirən mövqedə olmamalıdır. Bu, etimadsızlıq deyil. Bu, struktur intizamıdır.
Satınalma qərarı verən adam tədarükçü ilə şəxsi münasibətdədirsə, həmin qərardan kənarlaşdırılmalıdır.
Bu, onun dürüst olmadığını göstərmir. Bu, şirkətin onu çətin vəziyyətə salmamasıdır.
İkinci qayda daha vacibdir: Əlaqəli tərəflər gizlədilməməlidir. Tədarükçü ilə qohumluq, ortaq maraq, paralel biznes varsa, problem bunun olmasında deyil. Problem bunun şəffaf olmamasındadır.
Şəffaflıq problemi həll etmir. Amma problemin gizli qalmasının qarşısını alır.
Üçüncü qayda isə çox vaxt unudulur: Alternativlər diri saxlanılmalıdır. Alternativ tədarükçü yoxdursa, qiymət bazarla formalaşmır. Münasibətlə formalaşır.
Dördüncü qayda maliyyə ilə bağlıdır, amma əslində idarəetmədir: Xərc təsdiqi ilə əməliyyat məsuliyyəti eyni nöqtədə toplanmamalıdır.
Əməliyyatın dayanmasından qorxan adam, xərci obyektiv qiymətləndirə bilməz.
Bu, insanın zəifliyi deyil. Bu, rolun ağırlığıdır.
Sağlam sistemlər bilik üzərində yox, sərhədlər üzərində qurulur. Kim nəyi görə bilər, kim nəyi təsdiqləyə bilər, kim nəyi edə bilməz - bunlar açıq şəkildə müəyyənləşdirilməlidir.
Əgər bu yazını oxuyarkən haradasa için sıxılıbsa, bu pis əlamət deyil. Bu, problemin səndən uzaq olmadığını göstərir.
Ona görə də məsuliyyət bir yerdədir: sistemi dizayn edən tərəfdə.
Və bu dizayn seçimləri dəyişməyənə qədər, maraqların toqquşması problem yox, norma olaraq qalacaq.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu il rezidentura imtahanları elektron formada olacaq
04.02.2026Avstraliya Çinin monopoliyasını sarsıtmaq istəyir - İlk addım atıldı
04.02.2026
Krediti bağlamaq üçün başqa banka müraciət etmək riskdir?
04.02.2026Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər: xərclərinizi minimuma endirin ®
04.02.2026Özəl xəstəxanalarda aşkar edilmiş nöqsanlar açıqlandı
04.02.2026Azərbaycan HR İnstitutu "LinkedIn"in rəsmi tərəfdaşı oldu
04.02.2026Qırğızıstana 1,70-ə satılan bu məhsul Ərəbistana 38 manatdan satılıb
04.02.2026Rusiyanın "Mir" ödəniş sisteminin POS-terminalları Bakıda necə çalışır? - "Bank VTB Azərbaycan" susur
04.02.2026Əmlak sığortasında ödənişlər 8 milyonu keçdi
04.02.2026
Maraqlar toqquşanda, işçi dürüst ola bilir?
04.02.2026Rabitəbank Azərbaycanda İslam bankçılığı üzrə Mudaraba və Murabaha məhsullarının tətbiqinə başladı ®
04.02.2026Taleh Kazımov: "Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar artıb"
04.02.2026Xaricdən məhsul sifariş edənlərə xəbərdarlıq: Qaydalar dəyişir
04.02.2026Bakıya qar yağacaq, yollar buz bağlayacaq
04.02.2026