Krediti bağlamaq üçün başqa banka müraciət etmək riskdir?

Redaktor

04.02.2026 14:47
249

Krediti bağlamaq üçün başqa banka müraciət etmək riskdir?

Son illər Azərbaycanda vətəndaşlar arasında mövcud kredit borcunu başqa bankdan daha sərfəli şərtlərlə götürülən kredit hesabına bağlamaq tendensiyası açıq şəkildə müşahidə olunur. 

Bununla belə, refinanslaşdırmanın hər zaman düzgün seçim olub-olmaması ilə bağlı suallar da yaranır.

Kredit borcunun başqa bank vasitəsilə bağlanması real çıxış yoludur, yoxsa vətəndaş üçün əlavə maliyyə riski yarada bilər?

Valyuta.az-a danışan maliyyə eksperti İsmayıl Məmmədov bildirib ki, refinanslaşdırma düzgün tətbiq edildikdə vətəndaş üçün real iqtisadi fayda yarada bilir:

"Refinanslaşdırma mövcud kredit öhdəliyinin daha aşağı faiz dərəcəsi, daha uyğun müddət və ya daha çevik şərtlərlə yenidən maliyyələşdirilməsi deməkdir. Bu alət düzgün hesablanmadıqda əksinə, borc yükünü artıra da bilər. Son üç ildə Azərbaycanda refinanslaşdırma əməliyyatlarının həcmi təxminən 1,7 dəfə artıb. Bu artım bir neçə amillə əlaqələndirilir. Faiz dərəcələrinin nisbətən yumşalması, banklar arasında rəqabətin güclənməsi, əhalinin maliyyə savadının artması və bankların kredit portfellərini yenidən formalaşdırmaq istəyi əsas səbəblər sırasında göstərilir".

Refinanslaşdırmaya ən çox ipoteka kreditləri üzrə müraciət olunduğunu deyən ekspert qeyd edib ki, bu kreditlər ümumi müraciətlərin təxminən 42%-ni təşkil edir:

"Avtomobil kreditlərinin payı 31%, istehlak kreditlərinin payı isə 27% civarındadır. Faiz endirimi ipoteka kreditlərində əsasən 3-5 faiz bəndi, digər kreditlərdə isə 4-7 faiz bəndi arasında dəyişir. Refinanslaşdırmaya ən aktiv müraciət edənlər 30-45 yaş qrupuna aid şəxslərdir. Bu yaş kateqoriyası ümumi müraciətlərin təxminən 68%-ni təşkil edir. Hazırda Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14-15% səviyyəsində qiymətləndirilir. Uğurlu refinanslaşdırma nəticəsində bu göstərici 10-11%-ə qədər enə bilər. Bu isə aylıq ödənişlərin azalmasına, ümumi borc yükünün yüngülləşməsinə və ailə büdcəsinin orta hesabla 8-12% rahatlamasına səbəb olur. Mütəxəssislər bunu real iqtisadi qazanc kimi dəyərləndirirlər".

İ.Məmmədov vurğulayıb ki, hər kredit üçün refinanslaşdırma məqsədəuyğun sayılmır: "Qalıq borcu 5-6 min manat olan kreditlərdə bu addım əksər hallarda səmərəli hesab edilmir. Daha effektiv nəticə üçün qalıq borcun 10 min manatdan yuxarı olması və kreditin bitməsinə ən azı 12-18 ay qalması tövsiyə olunur".

"Eyni zamanda, tez-tez refinanslaşdırmaya müraciət edən müştərilərin banklar tərəfindən potensial risk qrupu kimi dəyərləndirilə biləcəyini də bildirirlər. Refinanslaşdırma banklar üçün də müəyyən üstünlüklər yaradır. Bu mexanizm vasitəsilə banklar yaxşı kredit tarixçəsinə malik müştəriləri cəlb edir, riskli kredit portfellərini daha sağlam öhdəliklərlə əvəzləyir, əlavə faiz və komissiya gəlirləri əldə edir və bazardakı rəqabət mövqelərini gücləndirirlər.

Refinanslaşdırma yalnız müəyyən şərtlər daxilində sərfəli hesab edilə bilər. Faiz fərqi minimum 3% bəndi olmalı, qalıq borc 10 min manatdan yuxarı təşkil etməli, komissiya xərcləri əldə ediləcək qənaətin 6-8 aylıq məbləğindən çox olmamalı və ümumi ödəniləcək faiz yükü artmamalıdır", - deyə ekspert əlavə edib.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...