Redaktor
Evini satıb ABŞ-yə köçdü - “Adobe”də işləyən azərbaycanlı - Müsahibə
Hələ bakalavr təhsili dövründə xaricdə təhsil ideyası yaranır, cəhdlər də edir, lakin o zaman bu istəyi reallaşmır. Sonradan Azərbaycanda işləməyə başlasa da, o istiqamətdə daha planlı hazırlaşır. 2023-cü ildə evini satır, yığdığı pulu götürür və ABŞ-a köçür. Ötən il isə artıq qlobal şirkətdə işə qəbul olur.
Valyuta.az-ın müsahibi hazırda “Adobe”də ödənişlər üzrə menecer olaraq çalışan Murad Cəlilzadədir.
M.Cəlilzadə Azərbaycanda “ATL Tech”, “E-manat”, “Simbrella” kimi şirkətlərdə çalışıb.
- Murad bəy, “Linkedin” profilinizdə qeyd edilənlərə əsaslansaq, iş həyatınız universiteti bitirəndən sonra başlayıb.
- Əslində, bakalavr dövründə təcrübələrim, öz işimi qurma cəhdlərim olub. Ümumilikdə, tələbəliyimin ilk illəri mənim üçün axtarışlar dövrü oldu. İqtisad Universitetində maliyyə və mühasibat fakültəsinə qəbul olmuşdum. “Mən bu ixtisası sevirəm? Burada qalmaq istəyirəm?” sualları var idi. Çünki ağlımda bir texniki sahə qalmışdı. Buna görə, birinci kursda oxuyanda, yenidən ölkə xaricində bakalavr təhsili üçün müraciət etdim. Türkiyə, Niderland, İngiltərə və s. ölkələrin universitetlərindən kompüter elmləri üzrə qəbul aldım. Gedişim gözlənilən idi və özümü psixoloji olaraq xaricdə təhsilə hazırlamışdım. Dövlət təqaüdündən keçə bilmədiyim üçün alınmadı. Azərbaycanda oxumağa davam etdim, amma paraleldə proqramlaşdırma da öyrənməyə başladım. Üçüncü kursda oxuyanda, dedim öz işimi qurum. Uşaqlıq dostumla birlikdə çatdırılma biznesinə başladıq. Market və restoranlardan çatdırma edirdik. Eyni zamanda şirkətlərin məktublarını çatdırırdıq. Qiymətimiz 2 manat 50 qəpik idi. Maraqlı sloqanla bazara çıxmışdıq: “İki əlli çatdırılma”. İl yarım davam etdi, maliyyə azlığı və təcrübəsizliyimizdən alınmadı.

- Təcrübəsizliyinizdən hansı səhvləri etdiniz?
- Təcrübəsiz idik və ilk dəfə korporativlərlə əməkdaşlıqlarla işə başlamışdıq. Yəni, böyük şirkətlərin məktub çatdırılmasını həyata keçirmək istəyirdik. “Sonra kütləyə işləməyə başlayarıq” dedik. Ancaq kapitalın çatmaması xəyallarımızı reallaşdırmağa imkan vermədi.
- O biznes üçün pul hardan almışdınız?
- Bizə investisiya edən həmin dostumun qardaşı idi. Özümüz də borc almışdıq və öz xərcliklərimizdən yığaraq qoymuşduq.
- O biznes təcrübəsi sizə nə öyrətdi?
- 2-ci kursda oxuyanda, xərclərimi qarşılamaq üçün gündəlik 4 saat bir optika şirkətində kuryer olaraq işlədim. Eynəklər, linzalar çatdırması edirdim. Çatdırılma biznesi ideyası o zamandan yaranmışdı. Orda çalışanda, şirkətlərin qurulması, hesab və kontaktların tapılması, təchizatçılarla danışıq, nəyi yaxşı qiymətə tapmaq olar, ofisin tutulmasında etdiyimiz səhvlərə qədər həyat boyu qalası taktikalar öyrəndim.
- Sonra biznes cəhdiniz olmadı?
- Oldu. 3-cü kursda yaxın dostumla birgə xaricdə təhsillə bağlı bir kursa qoşulmuşduq. İlk vaxtlar təcrübəmiz olmadığı üçün heç bir ödəniş də etmirdilər. Biz bütün gün onların ofisində olurduq. Daha sonra gördük ki, ətrafımızda ACCA (Chartered Certified Accountants Association) sertifikatını almağa hazırlaşan adamlar çoxdur. Bizə yaxın olan bu sahədə təcrübəli şəxs ACCA proqramını tədris edə bilər. Hazırda məşhur şirkətlərdən birinin maliyyə komandasının rəhbəridir. Qərar verdik ki, bu kursu yaradaq. O zamanlar bu kurslar trend idi. Şirkətin rəhbəri xanım da bizə çox köməklik etdi. Qiymətlərimiz də digərlərindən daha ucuz idi. Bir xeyli tələbəni Amerika və Avropaya yay proqramlarına göndərdik. O dövrdə özüm də ACCA sertifikatını almışdım. Təbii ki o da çox davam etmədi.

- Universitetdən sonra isə “ATL Tech”də işə başlayırsınız. O deməkdir ki, maliyyədən uzaqlaşıb texnoloji istiqamətə keçmək qərarı verdiniz?
- Əslində, “Böyük dördlüy”ə daxil olan audit şirkətlərində mühasibat uçotu, audit və konsaltinq üzrə müsahibələrə gedirdim. Bəziləri ilə son mərhələlərə qədər gəldiyim olurdu, amma nəticədə qəbul aldığım olmamışdı. İT-yə marağım olduğu üçün eyni zamanda bu istiqamətdə də işlərə baxmağa başladım. “ATL Tech” şirkətində proqramlaşdırmaya təcrübəçi kimi məni qəbul etdilər, sonra isə biznes sistemlərinin analizi sahəsində özümü yoxlamağı təklif etdilər. Onlar məndə o işığı görürdülər. Səbrsizliyim oturub uzun saatlar kod yazmağa imkan vermirdi. Ona görə istiqamət dəyişməyim mənim üçün faydalı oldu.
- Ali təhsil aldığınız sahə ilə bağlı işlərə niyə qəbul etmirdilər?
- Əslində, sahəmlə bağlı məlumatlı idim, beynəlxalq sertifikat imtahanlarını da vermişdim. CV-im boş deyildi. Demək olar ki, müsahibələrdə texniki tərəfləri keçirdim, ancaq son bölümdə - canlı müsahibə zamanı alınmırdı. Məsələn, “Deloitte”də dedilər hər şey yaxşıdır, sadəcə danışanda bədən dili və göz kontakt qurmursan. Bəzən rus dili bilməməyimə görə alınmırdı. Bəzən kəsmirdilər, “gözlə” deyirdilər. “Baker Tilly”də demişdilər ki, universitet vaxtı CV-yə qoyulası heç nə etməmisən. O vaxtlar o mənə çatmırdı ki, universitet vaxtı korporativi görmək, iş mühitlərində çalışmaq lazım olacaq. Axtarışda idim, iş mühiti haqqında düşünmürdüm.

- Ölkə xaricinə getmə cəhdiniz 1-ci kursdan sonra yenə nə vaxtsa oldu?
- Yavaş-yavaş təcrübəm artdıqca artıq anlayırdım ki, başqa ölkəyə getməyin də öz yolları var. Mükəmməliyətçi olduğum üçün deyirdim ki, gedirəmsə, ən yaxşılardan biri olmalıdır. “ATL”-də işə işlədiyim son dövrlərdə bir neçə dəfə xaricdə təhsil və iş cəhdlərim olmuşdu. “E-manat”da olanda, artıq daha daha uzun müddət davam edəcək hazırlıqlar haqqında düşünməyə başladım. Hansı ixtisası istədiyimi dəqiq bilirdim. Mən artıq biznes analitik, məhsul menceri idim, bazara məhsullar çıxarda bilirdim və biznes təcrübəm var idi. Texniki tərəfi də yaxşı bilirdim. “MBA” təhsili almağa qərar vermişdim. Sonra “Simbrella”ya keçdim və o zaman fikrim qəti idi, bilirdim ki, bu şirkətdə neçə il işləyəcəm. Hətta müsahibə zamanı onlar nə qədər vaxt işləyəcəyimi soruşanda, dedim ki Azərbaycan daxilində işi qısa müddətdə dəyişmək fikrim yoxdur, getsəm xaricə oxumağa gedəcəm. O plan üzrə də davam etdim.
- Nə vaxt köçdüz?
- 2023-cü ildə.
- Siz təkcə Amerikaya fokuslanmışdız?
- Avropada bir variant var idi. O İngiltərədə “LBS” (London Biznes Məktəbi) idi. O da əgər Amerikada heç nə alınmasaydı, olardı. Hədəf Amerika idi. Çünki bu sahədə olanlar bilir ki, biznes üzə magistr dərəcəsinin yaradılışı Amerika ilə bağlıdır. Çikaqo Universitetinin Booth Biznes Məktəbində (Chicago Booth) MBA təhsili aldım.

- Amerikada təhsil bahadır. Maliyyə məsələsini necə həll etdiz?
- Gələndə Bakıda ipoteka ilə aldığım evi satdım. Bir az universitetin təqaüdü və tələbə krediti götürdüm. Başda çox problemli idi, məbləğ böyük idi, yaşayış xərcləri də çox olur. Mən yoldaşımla birlikdə gəlmişdim. Amerikada çox sərt imiqrasiya qaydaları var. Tələbə olduğun halda heç yerdə işləməyə icazə verilmir. Sadəcə həftəlik 20 saat icazə var, o da ixtisasa aid olan işlərdə. Həm də bir neçə ay sonra işləməyə vaxt yox idi.
- Bəs orada tələbə olduğunuz dövrdə nə etdiniz?
- Bura ilk dəfə gələndən artıq axtarış başlayır. Bu zaman nəyi istədiyini bilməlisən. Bunun içində konsaltinq, investisiya bankçılığı, texnologiya, vençur kapital və s. var. Ya da öz ideyanızın üstündə işləməlisiz. Ora gedənə qədər fikrim texniki sahə idi. Hətta belə bir qəribə rəy eşitmişdim: “Biz ata-anasının “LinkedİN” profili olan şəxslərlə rəqabət aparırıq (Gülür). Biz burda doğulub böyümüş və ana dili ingilis dili olan insanlarla rəqabət aparırdıq. Çətin və çox stressli proseslər idi. “Amazon”, “Wallmart”, “Adobe” kimi şirkətlərlə də müsahibəm olub. “Amazon”dan müsahibələri keçdim, sonra yer olmadığı üçün “gözlə” dedilər.
“Adobe”də məni seçməklərinin səbəbi “E-manat”dakı iş təcrübəm idi. Çünki orda ödənişlərlə, rəqəmsal pul qabı ilə bağlı təcrübəm var idi. Kaliforniyadakı baş ofisdə 3 aylıq təcrübə müddətində özümü doğrultdum və Nyu-York ofisinə qoşulmağımı təklif etdilər. Mən də sevərək qəbul etdim.
- “Adobe”dəki işiniz tam olaraq nədən ibarətdir?
- “Adobe” abunəliyiniz olanda, hər ay sizin kartınızdan pul çıxılır. Bu işi görən komandada çalışıram. Bu, fintekin ödəniş tərəfidir. Mənim işim orada hər cür avtomatlaşdırmanı etməkdir ki, siz pulu rahat şəkildə ödəyə biləsiz.
- Bu işin də xırdalıqları var. Onlar nələrdir?
- Məsələn, bəzən kiminsə kartına müraciət yollayanda, neqativ cavab alırıq. Bu isə təkcə şəxsin pulu olmadığına görə yox, bir çox səbəbə görə olur. Məsələn, mən Azərbaycanda kiməsə ödəniş üçün mesaj göndərirəmsə, Amerikanın günorta saatı ilə göndərirəm və bizdə o zaman gecə saat 3-4 arası olur. Orda risk saatları olduğuna görə banklar kartı bloklayırlar. Bu çox sadə kiçik detaldır, ancaq düzəldilməsi nə qədər əlavə pullar gətirir. Yəni proses görünən qədər sadə deyil.

- Siz Azərbaycanda da bir neçə şirkətdə çalışmısız. İndiki işlədiyiniz şirkətin fərqi nədir?
- “Adobe” əsas fərqi odur ki, sizi 3-6 ay sonra nə gözlədiyini artıq bilirsiz. Hər şeyin bəlli strukturu var. Bu baxımdan menecerinizdən asılı deyilsiniz.
2-ci səbəb “Adobe”nin div şirkət olmasıdır ki, əməkdaşlıq etdiyi şirkətlər də divlərdir. Bu da sizə partnyorluq üçün qapılar açır.
Əlimin altında olan resurslar çox güclüdür. Azərbaycanda üzərində 3 gün əlləşdiyiniz işi burda 1 saata görmək mümkündür.
İldə bir neçə dəfə 1 həftə istirahət verirlər, işləmirik. Azərbaycanda bayram günlərinin sayı çox olmasına baxmayaraq, bunu şirkətin siyasətində görmək olmur. “Adobe” daha əliaçıq şirkətdir. 4 ay müddətinə ödənişli atalıq məzuniyyəti verilir.
Əlavə olaraq miqyas çox böyükdür. Şirkət bütün dünyaya məhsul satır. Fərqli yerli və qlobal şirkətlərlə işləyirik. Azərbaycanda buna yaxın təcrübəm “Simbrella”da olmuşdu. Afrikaya səfərlər edirdim. Burada isə Afrika, Asiya, Avstraliya və s. kimi ölkələrlə əlaqə imkanı var.
Azərbaycanda olmağımın yaxşı tərəfi öz dilimdə danışmağım və ətrafımda olanların mənimlə eyni mədəniyyətin içindən gəlməsi idi. Burda isə hər millətdən insanlarla işləyirəm. Bunun yaxşı tərəfləri də var, maraqlı təcrübə qatır.
Azərbaycanda işləyəndə siz bir işdə bir neçə işi görməli olursuz. Burda limitli olaraq hər kəsin məşğul olduğu tək sahə var. Bunu yeni başlayan biri üçün neqativ dəyərləndirirəm. Çünki məni öyrədən limitlərin olmaması və bir çox işdən məsul olmağım olub.
Amerikada iş mühitinin mənfi cəhət odur ki, səhər işə gedib görə bilərsiz ki, böyük ixtisarlar olub və siz də ora düşə bilərsiz.
- ABŞ kadr üçün rəqabətli bazardır. İş bazarında tələb olunan kadr olmaq üçün nələr edirsiniz?
- Mütəmadi olaraq yeniliklər öyrənirəm. Şirkətdə fond var və illlik bizə pul ayrılır ki, siz müəyyən universitetlərdə dərslər götürə biləsiniz. Məndə fintek ödənişlərdir. Ətrafımda olan həmkarlar da öz işinsə mütəxəssisdirlər. Onlardan gündəlik söhbətlər zamanı çox şey öyrənirəm. Ancaq dayanmaq yoxdur. 1 ay nəsə öyrənməsən belə, 2-ci ay belə şans yoxdur.
- Amerikada ilk iş olaraq yaxşı başlamısız, bəs hədəf haradır?
- Hələlik burdayam və xoşbəxtəm. Hazırda ödəniş yığan tərəfdəyəm. Yəni biz bunun üçün nəhəng ödəniş provayderlərinin, şəbəkələrin, bankların resurslarını istifadə edirik. Bəlkə yaxın gələcəkdə digər tərəfdə də yer ala bilərəm və ya universitet dövründə cəhd edib alındırmadığım ruhu qaytarmaq istəyirəm. Özüm də bu sahədə nələrsə etmək istəyirəm.

- Bəs işdən sonra zamanınızı necə keçirirsiz?
- Bura gələndən sonra yeni hobbilərim yaranıb. Bunu ölkəylə bağlamıram. Azərbaycanda sadəcə dostlarımla görüşdüyüm halda, burada bir çox fəaliyyətlər var. İdman, muzeylər, teatrlar, tamaşalar baxımından. Həftə ərzində çox işləmişəmsə, şənbə-bazarı passiv keçirirəm, amma dostlarımla görüşürəm. Yaxın olan yerləri gəzməyə çalışıram. Amerikada çox gözəl milli parklar var. Sağlamlığıma diqqət ayırmağa başlamışam. Qida rasionuma diqqət edirəm. Çox oxuyuram, mütaliəm artıb. Bəzən uzalığın verdiyi Bakı həsrəti də olur. Çalışıram ki, ildə iki dəfə, ən azından bir dəfə Azərbaycana səfər edim.
Aygün Asimqızı