Redaktor
Ağıllı yaşlı investorların dəyişkən bazarda yol vermədiyi 5 investisiya səhvi
Dəyişkənlik investorlar üçün həyatın ayrılmaz hissəsidir və onu tamamilə aradan qaldırmaq və ya nəzarətdə saxlamaq mümkün deyil. Nəzarət edə biləcəyiniz əsas məsələ isə bu vəziyyətə necə reaksiya verməyinizdir.
Ağıllı investorlar yüksəliş dövrlərində qazancı maksimuma çatdırmağa, eniş mərhələlərində isə itkiləri minimuma endirməyə kömək edən strategiyalar formalaşdırırlar. Bu strategiyanın mühüm hissəsi ümumi investisiya səhvlərindən qaçmaqdır. Bu, bütün investorlar üçün vacibdir, lakin böyük maliyyə zərbəsini qarşılamaq imkanları məhdud olan təqaüdçülər və digər yaşlı şəxslər üçün xüsusilə əhəmiyyətlidir.
Dəyişkən bazarda ağıllı yaşlı investorların yol vermədiyi beş əsas səhv aşağıdakılardır:
Gün ərzində qiymət dəyişikliklərinə həddindən artıq diqqət yetirmək
"First Information" şirkətinin təsisçisi və baş icraçı direktoru, həmçinin “The Millionaire Dropout” kitabının müəllifi Vins Stansionenin sözlərinə görə, investorların ən çox etdiyi səhvlərdən biri aktivlərin gün ərzindəki performansını həddindən artıq izləməkdir. Bu hal xüsusilə bazar dəyişkən olanda daha çox müşahidə olunur. Təqaüdçü yaşlılar daha çox boş vaxta malik olduqları üçün qiymətlərin davamlı artıb-azalmasını izləməyə daha meylli olurlar.
“Qiymətləri hər beş dəqiqədən bir yoxlamayın”, – deyə Stansione "GOBankingRates" nəşrinə bildirib. “Bildirişləri söndürün — gündə bir dəfə baxmaq kifayətdir.”
ETF-lərə vəsait ayırmamaq
Birja investisiya fondları (ETF-lər) dəyişkən bazar şəraitində riski bölüşdürməyə imkan verdiyi üçün uyğun alət hesab olunur. Ağıllı yaşlı investorlar vəsaitlərinin ən azı bir hissəsini ETF-lərdə saxlamalıdırlar. “ETF-lərdən istifadə diversifikasiyanı təmin edir və bir səhmin bütün portfeli batırmasının qarşısını alır”, – deyə Stansione bildirib. “Məsələn, qızıl hasilatı üzrə ETF sizi tək bir şirkətin səhminə bağlı riskdən qoruyur.”
Həddindən artıq vəsaiti nağd hesablarda saxlamaq
Səhmlərdən, fondlardan və oxşar investisiyalardan çıxaraq vəsaiti nağd hesablara köçürmək ilk baxışdan düzgün qərar kimi görünə bilər. Bir çox yaşlı investor belə addım atır, lakin ağıllı olanlar bu meyilə qarşı dayanırlar. "Cummings & Cummings Law" hüquq şirkətində hüquqşünas və sertifikatlı mühasib (CPA) kimi fəaliyyət göstərən, əvvəllər maliyyə və vergi sahəsində çalışmış Çad Kammings bildirir ki, “təhlükəsiz” anlayışı ilə “nağd vəsait” anlayışı qarışdırılmamalıdır.
Onun sözlərinə görə, məlum pul ehtiyaclarını qarşılamaq üçün mərhələli şəkildə dövlət istiqrazlarına və ya yüksək keyfiyyətli sabit gəlirli alətlərə yatırım etmək daha məqsədəuyğundur. “İnflyasiya hələ də ciddi problemdir və yaxın vaxtlarda azalacağına dair əlamət yoxdur”, – deyə o vurğulayıb.
Çıxış planının olmaması
Hansı investisiyaya nə vaxt daxil olmağı bilmək qədər, ondan nə vaxt çıxmağı bilmək də vacibdir. Ağıllı investorlar əvvəlcədən çıxış planı hazırlayır və ona əməl edirlər. “Varlığım səhmləri almaqla deyil, nə vaxt satmağı bilməklə formalaşıb”, – deyə Stansione bildirib. “Zərərin məhdudlaşdırılması (stop-loss) və ya hədəf qiymət müəyyən etmək prosesi asanlaşdırır. 200 günlük hərəkətli orta göstərici kimi sadə qrafiklər istiqamət verə bilər. Səhm və ya ETF həmin xəttdən aşağı düşərsə, satış həyata keçirilir.”
Daşınmaz əmlak xərclərini nəzərə almamaq
Yaşlı investorlar çox vaxt öz evlərini və digər daşınmaz əmlak aktivlərini fond bazarındakı dəyişkənlikdən qoruyan təhlükəsiz liman kimi qiymətləndirirlər. Lakin bu aktivlərin saxlanma xərcləri potensial dəyəri ilə müqayisə edilməzsə, bu yanaşma səhv ola bilər.
“Mən müştərilərimin daşınmaz əmlak balansını unutmalarına icazə vermirəm”, – deyə Kammings bildirib.
Tənzilə Ağabalayeva