Redaktor
Yaddaş çatışmazlığı bir çox texnika istehsalçısının müflisləşməsinə səbəb ola bilər
Tayvanın mikrosxem istehsalçısı olan "Phison" şirkətinin baş icraçı direktoru Pua Heynsen bildirib ki, 2026-cı ildə məişət texnikası və elektronika istehsalçılarının əhəmiyyətli hissəsi yaddaş çiplərinin çatışmazlığı səbəbindən müflisləşmə riski ilə üzləşə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "PCMag" nəşri məlumat yayıb.
Top-menecerin proqnozuna görə, smartfon istehsalı 200–500 milyon ədəd azalacaq, televizor və fərdi kompüterlərin buraxılışı da əhəmiyyətli dərəcədə ixtisar olunacaq.
Heynsen qeyd edib ki, yaddaş çiplərinin çatışmazlığı ən azı 2030-cu ilə qədər davam edə bilər. Onun qiymətləndirməsinə görə, vəziyyət o qədər kəskinləşib ki, təchizatçılar üç ilə qədər olan müddət üçün əvvəlcədən ödəniş tələb edirlər.
"Samsung", "Micron Technology", "SK Hynix" və "Kioxia" kimi iri sənaye oyunçuları artıq istehsal güclərinin genişləndirilməsinə sərmayə yatırırlar. Lakin yeni istehsal xətlərinin işə salınması vaxt tələb edir.
Yaxın perspektivdə Çində yaradılacaq əlavə istehsal gücləri qlobal həcmin cəmi 3–5 faizini təmin edəcək. "Phison" rəhbərinin fikrincə, bu isə qlobal çatışmazlığı kompensasiya etməyə kifayət etməyəcək. Eyni zamanda, Çin bazarında yüksək daxili tələbat səbəbindən ucuz elektronika təklifinin artacağı gözlənilmir.
Paşa Məmmədli