Redaktor
İşlədiyi şirkətdən mübahisəli ayrılıb ona rəqib şirkət qurdu
Uitni Vulf Herd (Whitney Wolfe Herd) 2012-ci ildə 23 yaşında tanışlıq tətbiqi olan "Tinder"in qurucu heyətində yer alıb və şirkətdə marketinq üzrə vitse-prezident vəzifəsində çalışıb. Platformanın ilkin brend strategiyasının formalaşdırılmasında iştirak edib.
Valyuta.az xəbər verir ki, 2014-cü ildə Uitni Vulf Herd şirkətdən ayrılıb və rəhbərliklə bağlı gender ayrı-seçkiliyi və təzyiq iddiaları ilə məhkəmə iddiası qaldırıb.
Tərəflər arasında sonradan məhkəmədənkənar razılaşma əldə olunub və proses məhkəmə qərarı olmadan başa çatıb. Hadisə beynəlxalq mediada geniş müzakirə olunub və startap mühitində korporativ mədəniyyət məsələlərini gündəmə gətirib.
“Bumble”ın yaradılması və inkişafı
2014-cü ilin sonunda Uitni Vulf Herd yeni tanışlıq platforması olan "Bumble"ı təsis edib. Tətbiqin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, heteroseksual istifadəçilər arasında ilk mesajı yalnız qadınlar yaza bilər.
Sonrakı illərdə platformaya “Bumble BFF” (dostluq) və “Bumble Bizz” (peşəkar şəbəkələşmə) bölmələri əlavə olunub. Şirkət qısa müddətdə beynəlxalq bazara çıxaraq çoxsaylı ölkələrdə fəaliyyət göstərməyə başlayıb.
2021-ci ilin fevralında “Bumble” ABŞ-ın "Nasdaq" birjasında ilkin ictimai təklif (IPO) həyata keçirib. Bununla da Uitni Vulf Herd şirkəti birjaya çıxaran ən gənc qadın rəhbərlərdən biri olub. IPO zamanı şirkətin bazar dəyəri milyardlarla dollar səviyyəsində qiymətləndirilib.
Şirkətin əsas gəlir mənbəyi ödənişli abunəliklər və premium funksiyalardır. 2024-cü ilin sonuna olan məlumata görə, “Bumble” tətbiqi üzrə ödənişli istifadəçilərin sayı təxminən 4,2 milyon nəfər təşkil edib.
Uitni Vulf Herdin karyerası texnologiya sektorunda qadın sahibkarlığının nümunələrindən biri kimi qiymətləndirilir. O, “Tinder”dəki fəaliyyətindən sonra hüquqi mübahisə fonunda ayrılıb və daha sonra öz şirkətini quraraq qlobal miqyasda fəaliyyət göstərən, milyard dollarlıq dövriyyəyə malik platformaya rəhbərlik edib.
Mayya Hüseynova