Redaktor
Dünyanın diqqət çəkən 10 kosmetik startapı
Kosmetika sənayesi sürətlə dəyişir. Ənənəvi kosmetik formulalardan uzaqlaşan yeni nəsil şirkətlər biotexnologiya, süni intellekt və davamlı istehsal texnologiyalarına üstünlük verirlər. Dəriyə qulluq, saç baxımı və kosmetik inqrediyentlərin hazırlanmasında elmi yanaşmalar getdikcə daha çox ön plana çıxır.
Valyuta.az xəbər verir ki, "Failory" platforması 2026-cı ildə izlənilməsi tövsiyə olunan kosmetika startaplarının reytinqini açıqlayıb.
Reytinqin ilk pilləsində ABŞ-ın San-Dieqo şəhərində yerləşən "Debut" qərarlaşıb. 2019-cu ildə Coşua Britton tərəfindən yaradılan şirkət kosmetika sənayesi üçün biotexnologiya əsasında yüksək keyfiyyətli və davamlı inqrediyentlər hazırlayır. "Debut" təbiətdə nadir rast gəlinən və əldə edilməsi çətin olan kosmetik komponentləri laboratoriya şəraitində istehsal edir. Şirkət indiyədək 86,2 milyon ABŞ dolları investisiya cəlb edib.
İkinci yerdə İsveçrənin Sürix şəhərində fəaliyyət göstərən "Cutiss" yer alıb. 2017-ci ildə Daniela Marino və Fabienne Hartmann-Fritsch tərəfindən təsis edilən startap regenerativ tibb və toxuma mühəndisliyi sahəsində fəaliyyət göstərir. Şirkət ağır yanıq və dərin dəri zədələri olan xəstələr üçün fərdiləşdirilmiş dəri transplantasiyası hazırlayır. "Cutiss" bu günə qədər 94,7 milyon ABŞ dolları investisiya alıb.
Üçüncü sırada ABŞ-ın San-Fransisko şəhərində fəaliyyət göstərən "OneSkin" qərarlaşıb. 2016-cı ildə yaradılan şirkət hüceyrə səviyyəsində qocalmanı hədəfləyən dəriyə qulluq məhsulları istehsal edir. Onun məqsədi dərinin bioloji yaşlanmasını ləngitmək və dəri sağlamlığını uzun müddət qorumaqdır. Startap 46,6 milyon ABŞ dolları maliyyə cəlb edib.
Dördüncü yerdə Estoniyanın Tallin şəhərində yerləşən "Haut.AI" qərarlaşıb. 2018-ci ildə Anastasiya Georgievskaya və Konstantin Kiselev tərəfindən yaradılan şirkət süni intellekt əsaslı SaaS platforması hazırlayıb. Platforma istifadəçilərin selfi şəkilləri əsasında dəri vəziyyətini analiz edir, dəyişiklikləri izləyir və fərdiləşdirilmiş kosmetik məhsullar tövsiyə edir. Şirkətin cəlb etdiyi investisiya həcmi 2 milyon ABŞ dollarıdır.
Beşinci yerdə "Anastasia Beverly Hills" yer alıb. 1997-ci ildə Anastasiya Soare tərəfindən yaradılan şirkət əvvəlcə qaş dizaynı məhsulları ilə məşhurlaşıb, daha sonra isə dekorativ kosmetika bazarının aparıcı brendlərindən birinə çevrilib. Şirkət indiyədək 130 milyon ABŞ dolları investisiya əldə edib.
Altıncı pillədə Almaniyanın Quakenbrük şəhərində yerləşən "BIOWEG" qərarlaşıb. 2019-cu ildə yaradılan şirkət biotexnologiya və yaşıl kimya üsullarından istifadə edərək kosmetika, qida və kənd təsərrüfatı üçün mikroplastikləri əvəz edən bioloji parçalana bilən materiallar hazırlayır. Şirkət 29,6 milyon ABŞ dolları investisiya cəlb edib.
Yeddinci yerdə Hindistanın Mumbay şəhərində fəaliyyət göstərən "Plum" yer alıb. 2013-cü ildə təsis edilən şirkət tamamilə vegan və heyvanlar üzərində sınaqdan keçirilməyən (cruelty-free) kosmetika və şəxsi qulluq məhsulları istehsal edir. Elmi əsaslara söykənən formulaları ilə tanınan Plum indiyədək 3,8 milyard Hindistan rupisi həcmində investisiya alıb.
Səkkizinci sırada ABŞ-ın Santa Monika şəhərində yerləşən "Topicals" qərarlaşıb. Şirkət ekzema, piqmentasiya və digər xroniki dəri problemləri üçün dəriyə qulluq məhsulları hazırlayır. Bundan əlavə, dəri xəstəliklərinin yaratdığı psixoloji təsirlərlə bağlı maarifləndirmə fəaliyyətləri də həyata keçirir. Topicals bu günədək 22,6 milyon ABŞ dolları investisiya cəlb edib.
Doqquzuncu yerdə ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən "Naturaz" yer alıb. Şirkət əsasən buruq saçlara uyğun hazırlanmış 100 faiz vegan saç baxımı məhsulları istehsal edir. Startapın cəlb etdiyi investisiya məbləği 1,5 milyon ABŞ dollarıdır.
İlk onluğu Almaniyanın Planegg şəhərində yerləşən "AMSilk" tamamlayır. 2008-ci ildə yaradılan şirkət bitki mənşəli və bərpa olunan xammaldan təbii ipəyin xüsusiyyətlərini təqlid edən biomateriallar istehsal edir. Bu materiallar kosmetika ilə yanaşı tekstil və tibb sahələrində də istifadə olunur. AMSilk indiyədək 111 milyon ABŞ dolları investisiya cəlb edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Atəşgah Sığorta” mənfəətdən zərərə keçib
27.07.2026Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
27.07.2026Kraudfandinq platformasının idarə edilməsi üzrə dövlət rüsumu təsdiqlənib
27.07.2026Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
27.07.2026Dünyanın diqqət çəkən 10 kosmetik startapı
27.07.2026"DeepSeek"in təsisçisinin sərvəti 36 milyard dollar qiymətləndirilib
27.07.2026“Bank of Baku”nun kredit portfeli 29,8 faiz artıb
27.07.2026"SoftBank"ın "OpenAI"a yatırımı üçün cəlb etdiyi 40 milyard dollarlıq kreditə daha 21 kreditor qoşulub
27.07.2026ASCO-nun Texniki direktoru vəzifəsindən ayrıldı
27.07.2026Qaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA
27.07.2026
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq
27.07.2026Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
27.07.2026"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi, süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026