Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
“Qazandığımdan çox xərcləyirəm”.
Tez-tez ətrafızdan bunu eşidirik, elə deyilmi? "Bu ay maaşımdan çox xərcləmişəm. Heç özüm də bilmirəm necə oldu, pul hara getdi" – deyirlər.
Büdcə planlamasında ən çox rast gəldiyimiz hallardan biri də məhz budur - insanın qazandığından çox xərclədiyini düşünməsi. İndi isə gəlin məsələnin əslinə baxaq.
Əgər sizin 5 almanız varsa, başqasına necə 6 alma verə bilərsiniz? Bu mümkün deyil, elə deyil? Bax, qazandığından artıq xərcləmək anlayışını da buna bənzətmək olar.
Əslində isə, vəziyyət çox vaxt düşündüyümüz kimi olmur.
Pul heç vaxt səbəbsiz yaranmır və ya yox olmur. Xərclədiyimiz hər manatın mütləq bir mənbəyi olur. Sadəcə biz həmin mənbəni çox vaxt fərq etmirik. Məsələn, əlavə gəlirimiz olur, amma onu maaşımızdan ayrı hesablamırıq. Yaxud kənara qoyduğumuz yığımdan istifadə edirik. Digər variant odur ki, borcu olan biri pulumuzu qaytarır və onu da gündəlik xərclərə sərf edirik. Eyni zamanda, hissəli ödəniş və ya taksit kartlarından istifadə edərək əslində gələcək qazancımızı bu gün xərcləyirik.
Yəni biz maaşımızdan çox pul yaratmırıq. Sadəcə fərqli mənbələrdən gələn vəsaitləri birlikdə xərcləyirik.
Beyin isə özünü çox yormaq istəmir. Bütün bu prosesləri ayrı-ayrılıqda analiz etmək əvəzinə hər şeyi bir cümlə ilə izah edir: "Qazandığımdan çox xərcləmişəm".
Halbuki reallıqda məsələ bundan daha mürəkkəbdir.
Əgər bu proses uzun müddət, aylarla davam edərsə, artıq ciddi problem yarana bilər. Xüsusilə də gələcək gəlirlər hesabına yaşamaq vərdişə çevrilərsə, bu zaman borc yükü formalaşmağa başlayır.
Ən təhlükəli məqam isə odur ki, insan bunu problem kimi hiss etmir. Çünki kartda hələ də limit var, hissəli ödəniş mümkündür və ya yığım hesabında pul görünür.
Halbuki maliyyə yükü yavaş-yavaş gələcəyə ötürülür. Məhz buna görə düzgün büdcə planlaması ilə problemi vaxtında görmək və həll etmək vacibdir ki, sonradan altında əziləcəyimiz borc yükü yaranmasın.
Ümumiyyətlə, aylıq xərclər hər zaman aylıq gəlirdən aşağı olmalıdır. Bəzən "bu günü yaşamaq" adı ilə gələcəyimizi böyük yük və stress altına salırıq.
Büdcə planlaması ilə həm bu günü, həm də gələcəyi daha rahat yaşamaq mümkün olduğu halda, niyə bir neçə günlük rahatlıq üçün aylarla həmin xərclərin yükünü daşıyaq?
Özünüzə hər dəfə yalnız bir sual verin: "Xərclədiyim bu pulun mənbəyi nədir?" Əgər cavab maaş deyilsə, deməli ya yığımınıza toxunursunuz, ya əlavə gəlirdən istifadə edirsiniz, ya da gələcək qazancınızı indidən xərcləyirsiniz. Bu fərqi anlamaq sağlam maliyyə idarəçiliyinin ilk addımıdır.
Unutmayaq ki, sabahın gəlirini bu gün xərcləmək gəlirimizi artırmır, sadəcə gələcəyimizə öhdəlik yaradır. Büdcənizi düzgün planlayın və hər gününüzü rahat, stresssiz və maliyyə baxımından daha güvənli yaşayın.
