Redaktor
Dostuna kömək etmək istəyi milyonlarla insanın həyatını dəyişdi: Sarı yolların hekayəsi
Şəhərlərdə, metro stansiyalarında və piyada keçidlərində rast gəldiyimiz sarı relyefli zolaqların arxasında təsirli bir hekayə dayanır. Bir çoxlarının "sarı yol" adlandırdığı bu sistemin əsl adı taktil səkidir. O, görmə məhdudiyyətli insanların ayaqları və ya ağ əsa vasitəsilə istiqaməti müəyyən etməsinə kömək edir.
Valyuta.az xəbər verir ki, bu sistemi 1965-ci ildə yapon ixtiraçı Seiçi Miyake (Seiichi Miyake) hazırlayıb.
Onu bu ixtiranı yaratmağa görmə qabiliyyətini itirməkdə olan dostuna kömək etmək istəyi sövq edib. Miyake şəxsi vəsaiti hesabına hazırladığı xüsusi relyefli bloklarla dostunun və digər görmə məhdudiyyətli insanların şəhərdə daha təhlükəsiz hərəkət etməsini hədəfləyib.
İlk taktil səki 18 mart 1967-ci ildə Yaponiyanın Okayama şəhərində, görmə məhdudiyyətli uşaqların təhsil aldığı məktəbin yaxınlığında quraşdırılıb. Layihə uğurlu nəticə verdikdən sonra sistem əvvəlcə Yaponiyada, daha sonra isə dünyanın müxtəlif ölkələrində geniş tətbiq olunmağa başlayıb. Bu gün taktil yollar 100-dən çox ölkədə əlçatan şəhər infrastrukturunun ayrılmaz hissəsidir.
Taktil zolaqların hər birinin fərqli mənası var. Uzun paralel xətlər təhlükəsiz hərəkət istiqamətini göstərir, qabarıq dairəvi nöqtələr isə qarşıda piyada keçidi, pilləkən, platforma kənarı və ya digər təhlükəli məntəqənin olduğunu xəbər verir. Bu səbəbdən mütəxəssislər taktil səki sistemini görmə məhdudiyyətli insanlar üçün xüsusi "toxunma dili" adlandırırlar.
Bu yolların sarı rəngdə hazırlanması da təsadüfi deyil. Tam görmə qabiliyyətini itirmiş insanlar relyefi hiss etsələr də, zəif görən insanlar üçün sarı rəng asfalt və digər səki örtükləri ilə yüksək kontrast yaradır və yolu daha rahat seçməyə imkan verir.
Bu gün hava limanlarında, metro və dəmir yolu stansiyalarında, xəstəxanalarda, universitetlərdə, dövlət binalarında və ticarət mərkəzlərində istifadə olunan taktil səki sistemi milyonlarla insanın müstəqil və təhlükəsiz hərəkət etməsinə kömək edir.
Bir insanın dostuna kömək etmək arzusu ilə başlayan bu təşəbbüs zamanla milyonlarla görmə məhdudiyyətli insanın həyatını asanlaşdıran, dünyada əlçatanlığın və inklüziv şəhər mühitinin simvollarından birinə çevrilib.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Kənd məktəbindən Silikon Vadisinə: türk gənc təhsili necə milyardlarla dollarlıq biznesə çevirdi?
Üç məktəb dostunun qurduğu startap milyard dollarlıq şirkətə çevrildi
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?