Məhlə uşaqları taksidə startap ideyası tapdılar, Azərbaycanda rəqibi yoxdur

Redaktor

16.06.2026 09:35
624

Məhlə uşaqları taksidə startap ideyası tapdılar, Azərbaycanda rəqibi yoxdur - Müsahibə

Eyni məhlədə böyüyən, uşaqlıqdan dost olan Amin və Murad bu gün birlikdə startap quran gənclər sırasındadır. Onların yaratdığı “AdMeIn” taksidaxili rəqəmsal reklam platforması kimi fəaliyyət göstərir və artıq bazarda ilk uğurlarını qazanmağa başlayıb. 

Valyuta.az “AdMeIn” startapının təsisçiləri Amin Əliyev və Murad Mirzəyevlə həmsöhbət olub. Onlar söhbət zamanı həm dostluqlarının biznes ortaqlığına necə çevrildiyindən, həm də startapın yaranma hekayəsindən danışıblar. 

Qeyd edək ki, Murad hazırda Berlin Texniki Universitetinin 4-cü kurs tələbəsidir. Amin isə ADA Universitetinin 2-ci kursunda təhsil alır.

- İlk olaraq, sizdən danışaq. Bir araya necə gəlmisiniz?

Murad: Biz eyni məhlədə böyümüşük, məhlə uşaqlarıyıq. Təxminən 5-6 yaşımızdan bir-birimizi tanıyırıq. Dostluğumuz da elə həmin vaxtlardan başlayıb. Artıq 16 ilə yaxındır ki, dostuq.

- Hər dostluq biznes ortaqlığına çevrilmir. Sizdə bu necə alındı?

Amin: Uşaqlıqdan məhlədəki digər uşaqlardan bir qədər fərqlənirdik. Həmişə yeni şeylərə marağımız olub, fərqli düşünməyə çalışmışıq. Bu baxımdan baxışlarımız və maraqlarımız da üst-üstə düşürdü. İllər keçdikcə dostluğumuz daha da möhkəmləndi və bir nöqtədən sonra ortaqlı iş qurmaq fikri yarandı. Düşünürəm ki, bizi ortaq olaraq bir araya gətirən məhz eyni düşüncə tərzi və bir-birimizi yaxşı tanımağımız oldu. Dediyiniz kimi, hər dostluq biznes ortaqlığına çevrilmir. Bizim üstünlüyümüz ondadır ki, həm dostluğumuzu, həm də işimizi uğurla davam etdirə bilirik.

- “AdMeIn” ideyasından danışaq, layihənin ideyası necə və nə vaxt yarandı? 

Amin: Muradla birgə Türkiyədə səfərdə olarkən taksidə gedirdik. Yolboyu düşündük ki, insanlar gün ərzində kifayət qədər vaxtlarını taksidə keçirirlər. Bu vaxt adətən boş keçir. Elə həmin anda ağlımıza gəldi ki, bu vaxtı həm sərnişinlər, həm də bizneslər üçün daha faydalı etmək olar. Beləcə, taksilərdə rəqəmsal məzmun və reklam platforması yaratmaq ideyası yarandı.

Murad: İdeya olaraq bu model 2023-cü ildən var, amma tətbiqinə 2025-ci ilin sentyabrından başlamışıq, Bu müddətdə testlər aparılıb, avadanlıqlar quraşdırılıb və demo reklam kampaniyaları həyata keçirilib. Rəsmi olaraq bazara çıxışımız isə bu ilin fevralında baş tutub.

- Azərbaycan bazarında rəqibləriniz varmı?

Amin: Xeyr, Azərbaycanda yeni layihədir. 

- Bu startapın əsas funksiyaları nələrdir və necə işləyir? 

Murad: AdMeIn taksidaxili rəqəmsal reklam platformasıdır. Taksilərdə quraşdırdığımız monitorlar vasitəsilə sərnişinlər reklam və müxtəlif məzmunlarla tanış olurlar. Platformanın əsas üstünlüyü reklam nəticələrinin ölçülə bilməsidir. Biz reklamların baxış sayı, izlənmə göstəriciləri və istifadəçi aktivliyi ilə bağlı məlumatları izləyə bilirik. 

- Bizneslər və startaplarda başlanğıcda müştəri tapmaq məsələsi problem ola bilir. İlk müştəriləriniz kimlər oldu?

Murad: İlk müştərimiz 24/7 startapı oldu. Bazara yeni daxil olduğumuz üçün şirkətlər bizimlə işləməyə tərəddüd edirdi və özümüzü sübut etməli idik. Belə bir vaxtda 24/7 startapı bizə etibar etdi və ilk əməkdaşlığımız onlarla baş tutdu. Bir ay ərzində reklam kampaniyalarını platformamızda yayımladıq. Bu gün də əlaqələrimiz davam edir. Ümumiyyətlə, düşünürük ki, startap ekosistemində qarşılıqlı dəstək çox vacibdir. Startaplar bir-birinin inkişafına töhfə verməyi bacarmalıdır.

- Startaplarda ilk dövrlər heç də asan olmur. İlk çətinliklər nələr idi?

Murad: İlk böyük çətinlik monitorların quraşdırılması ilə bağlı idi. Bunun üçün 100 avtomobili ayrı-ayrı vaxtlarda servisə cəlb etməli, avadanlıqları quraşdırmalı və test etməli idik. Bu proses həm vaxt, həm də ciddi əmək tələb edirdi. Digər çətinlik isə satışlarla bağlı idi. Bazarda ilk olduğumuz üçün şirkətlərə platformanı izah etmək və onları əməkdaşlığa inandırmaq asan deyildi. Amma artıq insanlar bu formatla tanışdırlar, taksilərdə monitorları görüblər və bu da işimizi xeyli asanlaşdırıb.

Eyni zamanda “Yango”nun Azərbaycandakı rəsmi tərəfdaşı olan Senior’s Parkın təsisçisi Kamran Əliyevin təmənnasız dəstəyi və bizi avtomobillə təmin etməsi çətin dövrlərdə ayaqda qalmağımıza birbaşa təsir göstərib. Həmçinin, Marketinq sahəsində uzunillik təcrübəyə malik Uğur Mahmudovun satış və B2B kommunikasiyaları üzrə dəstəyi sayəsində artıq bir çox şirkət bizi etibarlı və effektiv reklam kanalı kimi görür.

- Startap Şəhadətnaməsi almağınızdan danışaq, prosesi rahat keçə bildiniz?

Amin: Əslində, gözlədiyimdən daha rahat alındı, bu qədər rahat olacağını gözləmirdik. 

- Layihə maraqlı layihədir, bazarda müəyyən boşluqları doldurur...

Murad: Bəli, biz çox fərqlənirik, şəhadətnamə almama şansımız yox idi. Ona görə də həvəslə müracətimizi edib, bütün proseslərdən keçdik. 

- Startapı qurarkən elə bir məqam oldumu ki, hər şeyi dayandırmağı düşündünüz?

Amin: Təbii ki, motivasiyamızın düşdüyü və çətinliklərlə üzləşdiyimiz vaxtlar olub. Açığı, heç vaxt işi yarımçıq qoymağı düşünməmişik. Bu yola çıxanda özümüzə söz vermişdik ki, nə olursa-olsun, ilk nəticələri əldə edənə və satışlarımızı formalaşdırana qədər geri addım atmayacağıq.

- İnvestisiya müraciətlərinə başlamısınız?

Murad: Xeyr, hələlik iş öz-özünü böyütmək gücünə sahibdir.

- O zaman artıq gəlir əldə edirsiniz...

Murad: Bəli, hazırda bir neçə böyük şirkətlə əməkdaşlıq edirik. Artıq aylıq xərclərimizi startapın öz gəlirləri hesabına qarşılaya bilirik. Bu, bizim üçün sevindirici göstəricidir. Çünki qısa müddət ərzində reklam bazarında öz yerimizi tutmağa və müştərilərin etimadını qazanmağa başlamışıq.

- Hazırda komandanız neçə nəfərdən ibarətdir?

Amin: Komandada 7 nəfərik.

- Murad bəy, niyə təhsilinizi Azərbaycanda yox, Almaniyada davam etdirməyə qərar verdiniz?

Murad: Berlin Texniki Universitetindən qəbul almışdım. Məktəb illərindən alman dilini bildiyim üçün bu mənim üçün yaxşı fürsət idi. Həm ödənişsiz təhsil almaq, həm də dünyanın aparıcı universitetlərindən birində oxumaq imkanı əldə etdim.

- Amin bəy bəs siz necə, məhlə uşağınızı tək qoymamaq üçün xaricdə təhsilinizi davam etdirməyi düşünürsünüz?
 
Amin: Bakalavrı bitirdikdən sonra xeyr, təhsilimə xaricdə davam etmək fikrim yoxdur. Mən daha çox xaricdə gəzməyi, gəzərək öyrənməyi sevirəm. 

- Dostunuz xaricdədir, onunla orda da məhlə uşağı olmaq fikriniz yoxdur? 

Amin: Bir nəfərin bir yerdə olması bəsdir (Gülürlər).

- Startapla bağlı gələcək planlarınız və hədəfləriniz nələrdir?

Murad: Biz hazırda “Yango” taksisində 100 monitorla fəaliyyət göstəririk. Yəni 100 taksidə varıq.  Məqsədimiz yaxın zamanda ilin sonuna qədər bu rəqəmi 300 monitora çatdırmaqdır. Uzunmüddətli planlarımız isə Azərbaycan bazarından kənara çıxaraq Qazaxıstan, Özbəkistanda fəaliyyətə başlamaqdır. Gələcəkdə Avropa bazarına daxil olmağı da hədəfləyirik.

- Sonda startap qurmaq istəyən gənclərə nə kimi tövsiyə verərdiniz?

Amin: Startaplar maliyyə çatışmazlığından yox, təsisçilərinin enerjisi və motivasiyası tükənəndə uğursuz olur. Ona görə də davamlı çalışmaq, bazarda etibar qazanana qədər səbirli olmaq və ruhdan düşməmək vacibdir. Həm də düşünürəm ki, bəzən ideyanın özündən daha vacib olan onun icrasıdır. Çünki bizim fəaliyyət göstərdiyimiz sahədə də əvvəllər oxşar cəhdlər olub, amma uğur qazanmayanlar da var. Fərqi yaradan məhz ideyanı necə həyata keçirməyinizdir.

Turanə Ağayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu ölkə Cənub-Şərqi Asiyada kibercinayətkarlıq mərkəzinə çevrilir

16.06.2026

Oyun sahəsində karyera üçün ən gəlirli ölkələr hansılardır?

16.06.2026

Yeni Wi-Fi 8 standardı nələri dəyişəcək?

16.06.2026

Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir

16.06.2026

“Sarvam” 234 milyon dollar investisiya alıb

16.06.2026

Bu il rekord sayda mərkəzi bank qızıl alacaq - "Bloomberg"

16.06.2026

Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq

16.06.2026

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib ®

16.06.2026

Böyük banklar neft proqnozunu aşağı saldı - Gözləntilər dəyişdi

16.06.2026

AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası ®

16.06.2026

Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir?

16.06.2026

Azərbaycandan xam neft daşıyan 10 əsas ölkə

16.06.2026

Azərbaycan qarğıdalını Rusiyadan 34 qəpiyə, Tailanddan isə 23,8 manata alıb

16.06.2026

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb"

16.06.2026

"SpaceX" səhm satışından 85,7 milyard dollar vəsait cəlb edib

16.06.2026

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

16.06.2026

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

16.06.2026

Universitetin avtomobili 10% endirimlə satışa çıxarılır

16.06.2026

İxracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək

16.06.2026
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.06.2026

Məzənnə

Yüklənir...