Redaktor
Bu ərazidə güzəştli mənzil almaq istəyənlərə şad xəbər: MİDA tikintiyə başlayır
Abşeron rayonu, Saray qəsəbəsində 4,5 hektar ərazidə yeni yaşayış kompleksinin tikintisinə start verilir.
Valyuta.az xəbər verir ki, layihə çərçivəsində 12 çoxmərtəbəli yaşayış və 3 ədəd birmərtəbəli qeyri-yaşayış binasının inşası nəzərdə tutulur.
Tikinti işləri “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sifariş olunub.
İnşaat işlərinə üç şirkət cəlb edilib. “Yar İnşaat Təmir-Tikinti” MMC 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirəcək. Bu mərhələnin dəyəri 20 milyon 310 min 580 manat təşkil edir.
Digər müqavilə “GM Construction” MMC ilə imzalanıb. Şirkət 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli yaşayış binaları, həmçinin 13 nömrəli 1 ədəd birmərtəbəli qeyri-yaşayış binasının inşasını üzərinə götürüb. Layihənin ümumi dəyəri 31 milyon 255 min 488 manatdır.
Üçüncü tikinti mərhələsi “Hünər-İnşaat” MMC tərəfindən icra olunacaq. Şirkət 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli yaşayış binaları ilə yanaşı, 14 və 15 nömrəli 2 ədəd birmərtəbəli qeyri-yaşayış binasını inşa edəcək. Müqavilənin maliyyə həcmi 26 milyon 369 min 453 manatdır.
Ümumilikdə, üç tender üzrə aparılacaq tikinti işlərinin dəyəri 77 milyon 935 min 521 manat təşkil edir.
Mayya Hüseynova