Redaktor
Bakı və Gəncə şəhərində bu əmlaklar satışa çıxarılır
23 dekabr 2025-ci il tarixində Bakı və Gəncə şəhərlərində bir sıra kiçik dövlət müəssisələri və obyektləri hərraca çıxarılacaq. Hərraclar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi ilə təşkil olunur.
Valyuta.az xəbər verir ki, Bakı şəhərində keçiriləcək hərracda Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, ümumi faydalı sahəsi 699,7 kvadratmetr, torpaq sahəsi isə 4528,6 kvadratmetr olan metal məmulatlarının təmiri və hazırlanması emalatxanası 140 000 manat ilkin qiymətlə satışa çıxarılacaq.
Torpaq sahəsinin satış qiyməti 90 000 manat təşkil edir.
Hərracda iştirak üçün tələb olunan 10 faiz behin məbləği 14 000 manatdır.
Paytaxtda hərraca çıxarılan digər obyekt isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağazadır. Faydalı sahəsi 1664,4 kvadratmetr olan bu obyektin ilkin satış qiyməti 400 000 manatdır. Behin məbləği isə 40 000 manat müəyyən olunub.
Gəncə şəhərində isə Kəpəz rayonu, 1-ci mikrorayonda yerləşən 3 saylı avtodayanacaq satışa təqdim ediləcək. Bu obyektin ümumi sahəsi 140,8 kvadratmetr, torpaq sahəsi isə 2504,8 kvadratmetrdir. İlkin satış qiyməti 75 000 manat, torpaq sahəsinin qiyməti isə 62 500 manatdır. Behin məbləği 7 500 manat təşkil edir.
Hərraclarda iştirak etmək istəyən şəxslər müvafiq sənədləri hərracın başlanmasına ən geci üç bank günü qalanadək müvafiq komissiyalara təqdim etməlidirlər. Bakı şəhərində hərraclar Əmlak Xidmətləri Məkanının binasında (Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20), Gəncə şəhərində isə şəhər İcra Hakimiyyətinin inzibati binasında (Heydər Əliyev prospekti, 434) keçiriləcək.
Mayya Hüseynova