“Bacarıqlı olmaq kifayət deyil, bunu göstərməlisən” - Şəxsi brendin gücü
Leyla Novruz
Karyera kouçu, “Transformative Coaching” şirkətinin təsisçisi
Peşəkar dünya sürətlə dəyişir: yeni peşələr yaranır, tələblər yenilənir, texnologiya iş mühitini daim yenidən formalaşdırır. Belə bir dinamik dövrdə fərqlənmək üçün təkcə təcrübə və bilik kifayət etmir. Yüksək rəqabətli mühitdə seçilmək üçün məqsəd və dəyərlər üzərində qurulmuş şəxsi brend yaratmaq vacibdir.
Şəxsi brend başqalarının sizin haqqınızda formalaşdırdığı emosional və intellektual izdir. Hər qarşılıqlı əlaqədən sonra insanlar sizdən nə gözlədiyini bu izə əsaslanaraq müəyyənləşdirir. Otaqda olmadığınız zaman insanlar sizin haqqınızda nəyi xatırlayır? Özünüzü necə yaddaşlarda saxlamaq istəyirsiniz?
Təməl: Sizi dəstəkləyən dəyərlər
Hər bir güclü şəxsi brendin əsasında dəyərlər dayanır. Bu dəyərlər yalnız korporativ posterlərdə yazılan sözlər deyil, gündəlik qərarlarınızda və davranışlarınızda özünü göstərən prinsiplərdir. Qeyri-müəyyən və dəyişkən mühitlərdə dəyərlər sizin daxili kompasınız olur, kim olduğunuzu və nəyə üstünlük verdiyinizi başqalarına aydın şəkildə göstərir. Çətin vəziyyətlərdə məhz bu dəyərlər sizin necə cavab verəcəyinizi müəyyən edir və insanlara sizin etibarlı biri olduğunuzu hiss etdirir.
Dəyərlərin ardıcıllığı isə başqalarının sizə güvənməsini təmin edir. İnsanlar reaktiv davrananları deyil, qərarları əsaslı olan və dəyərlərə söykənən şəxsləri izləyir.
Güclü tərəfləriniz: Şəxsi brendinizin təbii mühərriki
Əgər dəyərlər brendinizin təməlini formalaşdırırsa, güclü tərəflər ona hərəkət və dinamika verir. Bir çox peşəkarlar öz güclü tərəflərini dəyərləndirmir, çünki onlar üçün bu bacarıqlar asan və adi görünür. Halbuki məhz bu rahatlıq və təbii bacarıq sizin həqiqi potensialınızın göstəricisidir. Sizin üçün "adi" olan bir xüsusiyyət başqaları üçün qeyri-adi və dəyərli ola bilər. Təbii güclü tərəflər üzərində qurulan brend həm sizə, həm də ətrafınızdakı insanlara daha səmimi, davamlı və motivasiya edici təsir bağışlayır. Özünüzü rahat hiss etdiyiniz sahələrə fokuslandıqda təsiriniz heç bir məcburiyyət olmadan genişlənir və daha çox insanı ilhamlandırır.
Üslub: Ətrafınızdakı insanlar sizi necə görürlər
Şəxsi üslubunuz, yəni necə ünsiyyət qurduğunuz, əməkdaşlıq etdiyiniz, qərar verdiyiniz və liderlik etdiyiniz, brendinizin ən yadda qalan tərəflərindən biridir. İki insan eyni bacarıqlara sahib ola bilər, lakin onların başqalarına yaşatdığı hiss tamamilə fərqli ola bilər.
Özünüzə sual verin:
• Siz aydın danışırsınızmı?
• Dərin dinləməyi bacarırsınızmı?
• Ətrafınızda sakitlik, yoxsa gərginlik yaradırsınız?
• İnsanlar sizin yanınızda fikirlərini rahat şəkildə bölüşə bilirlərmi?
Üslubunuz sizin emosional imzanızdır. Adətən insanlar sizi təsvir edərkən ilk olaraq məhz üslubunuzu qeyd edirlər.
Şəxsi brend — sizin idarə etdiyiniz, məqsədli şəkildə qurduğunuz və gələcəyə yönəlmiş kimlik və imicinizdir.
Reputasiya və şəxsi brend arasındakı əsas fərqlər
Reputasiya başqalarının sizin haqqınızda formalaşdırdığı ümumi rəy və təsəvvürdür. Reputasiya sizin davranışlarınız, keçmiş fəaliyyətiniz və başqalarının sizinlə olan təcrübələri əsasında yaranır. Siz nüfuzunuzu tam idarə edə bilmirsiniz, çünki bu, başqalarının fikirlərinə əsaslanır. Zamanla başqalarının sizinlə bağlı topladığı təəssüratların cəmidir. Reputasiya sizin hərəkətlərinizin, sözlərinizin və başqalarının sizinlə olan münasibətlərinin nəticəsidir.
Şəxsi brend sizin kim olduğunuzu, dəyərlərinizi, güclü tərəflərinizi və məqsədlərinizi dünyaya necə təqdim etdiyinizdir. Bu, şüurlu şəkildə formalaşdırılır və idarə olunur. Siz öz brendinizi istədiyiniz kimi qurur, inkişaf etdirir və təqdim edirsiniz. Özünüz haqqında yaratdığınız və yaydığınız hekayədir. Buraya sosial mediada, ictimai tədbirlərdə, iş mühitində və gündəlik həyatda özünüzü necə təqdim etdiyiniz daxildir. Şəxsi brend məqsədli şəkildə qurulur və davamlı olaraq inkişaf etdirilir.
Şəxsi brend yaratmaq aktiv və proaktiv yanaşmadır. Siz öz brendinizi formalaşdırmaq üçün addımlar atırsınız: dəyərlərinizi, güclü tərəflərinizi və məqsədlərinizi vurğulayırsınız.
Şəxsi brend gələcəyə yönəmli və dinamikdir. Sizin kim olacağınızı, hansı dəyərləri daşıyacağınızı və gələcəkdə necə davranacağınızı göstərir. İnsanların sizi necə görməsini istədiyinizə dair bir vəddir. Bu, yeni imkanlar yarada, sizi seçilən edə bilər.
Reputasiya və şəxsi brend: Keçmiş və gələcək
Reputasiya - sizin indiyə qədərki fəaliyyətinizin və nailiyyətlərinizin nəticəsidir, yəni keçmişdə etdiklərinizin cəmi kimi formalaşır.
Şəxsi brend isə sizin vədinizdir - insanların sabah necə davranacağınızı gözləməsi, sizdən nə ümid etdiyidir.
Reputasiya "O, indiyə qədər nə edib?" sualına cavab verir.
Şəxsi brend isə "Biz ona gələcəkdə nəyi etibar edə bilərik?" sualını cavablandırır.
Bu fərq incə, amma çox vacibdir. Reputasiya sizi fərqləndirə və diqqətə çəkə bilər, lakin məhz şəxsi brend sizi seçilən və etibar olunan edir.
Görünürlük: Dəyər yalnız görünəndə əhəmiyyət kəsb edir
Bacarıqlı olmaq artıq kifayət deyil. Bacarıqlı olduğunuzu göstərmək yeni imkanların açılmasına səbəb olur. Görünürlük özünü reklam etmək deyil, aktiv iştirak etməkdir. Fikrinizi bölüşmək, işinizi nümayiş etdirmək, suallar vermək və qərarların qəbul edildiyi məkanlarda yer almaq üçün iradə göstərməkdir.
Bir çox bacarıqlı peşəkarlar özlərinə tam güvən hiss etmədən önə çıxmaqdan çəkinirlər. Halbuki inam öncədən tələb olunmur. O, məhz görünmək və iştirak etmək nəticəsində formalaşır.
Özünüzə görünmək imkanı verdikdə şəxsi brendinizin inkişafına şərait yaradırsınız.
Ardıcıllıq: Etimadın valyutası
Şəxsi brend yalnız parlaq anlarla deyil, davranışdakı ardıcıllıqla güclənir. İnsanlar tam mükəmməl olmasa da, etibarlı şəkildə proqnozlaşdırıla bilən davranışa güvənirlər.
Səs tonunda, verdiyiniz vədlərin yerinə yetirilməsində, ünsiyyətdə və emosional sabitlikdə ardıcıllıq, təkcə istedadla əldə edilə bilməyən etibarlılığı daha sürətlə formalaşdırır.
Brendinizin inandırıcı olması üçün mesajınızla hərəkətlərinizin davamlı şəkildə üst-üstə düşməsi vacibdir.
Təsir: Brendin əsl ölçüsü
Əslində, şəxsi brend görüntü ilə deyil, təsirlə ölçülür. Sizin insanlara, komandalara, qərarlara, mədəniyyətə və nəticələrə göstərdiyiniz təsir brendinizin gücünü müəyyən edir.
Təsir aşağıdakı məqamlarda özünü göstərir:
• İnsanlar sizə nə qədər etibar edir/güvənir?
• Sizi nə qədər həvəslə izləyirlər?
• Sizi yeni imkanlara necə inamla dəvət edirlər?
Güclü şəxsi brend sizinlə başqaları arasında körpü qurur.
Təkamül: Brendiniz sizinlə birlikdə böyüyür
Şəxsi brendin dəyişməz qalmalı olduğu fikri yanlışdır. Əslində, brendiniz öyrəndikcə genişlənir, prioritetləriniz dəyişdikcə formalaşır, təcrübəniz artdıqca dərinləşir.
Təkamül ardıcıllığın pozulması deyil, yetkinlikdir. Siz hekayənizi yenidən yazmağa, güclü tərəflərinizi kəskinləşdirməyə, dəyərlərinizi yenidən kəşf etməyə və özünüzü yeni formada ifadə etməyə tam haqqınız var. Şəxsi brendiniz bu yolun əks-sədası olmalı, sizi bir nöqtədə "dondurmamalıdır".
Yekun fikir
Hər kəsin fərqlənməyə çalışdığı bir dünyada ən güclü şəxsi brendlər səs-küy salmır, rezonans yaradır. Onlar diqqət ardınca qaçmır, etimad qazanır. Bu brendlər performansa deyil, məqsədə əsaslanır və ardıcıl, mənalı təsirlə yaşayır.
Şəxsi brendiniz sizin ən dəyərli aktivinizdir. Sizin kim olduğunuzu, nəyə inandığınızı və nəyi dəyişdirə biləcəyinizi dünyaya bildirən hekayənizdir. Onu bir dəfə qurmursunuz; onu hər seçim, hər söz və hər hərəkətlə inkişaf etdirirsiz.
Sual budur: bu gün, sabah və 10 ildən sonra nə ilə yadda qalmaq istəyirəm??
Şəxsi brendinizi necə qurmaq barədə hər hansı bir sualınız varsa, mənə leyla@novruzoaching.com ünvanına yazmaqdan çəkinməyin.
