Avropanın ən böyük vençur fondları

Redaktor

03.07.2026 11:10
87

Avropanın ən böyük vençur fondları

2026-cı ildə Avropada vençur kapitalı (VC) bazarında investisiyalar əsasən "DeepTech", "DefenceTech", süni intellekt (AI), "FinTech", kvant texnologiyaları, "BioTech", iqlim texnologiyaları və erkən mərhələli proqram təminatı infrastrukturu sahələrinə yönəlib.

Valyuta.az xəbər verir ki, "EU-Startups" tərəfindən hazırlanan araşdırmaya əsasən, bu il elan edilən 10 ən böyük Avropa vençur fondu ümumilikdə təxminən 3,29 milyard avro həcmində kapital toplayıb.

Siyahı fondların 2026-cı ildə topladığı kapitalın həcminə əsasən tərtib olunub və onların investisiya istiqamətlərini əks etdirir.

Kembara

1. Kembara - 750 milyon avro

Barselonada yerləşən "Kembara" 2026-cı ilin ən böyük vençur fondu olub. Şirkət 1 milyard avroluq "DeepTech" fondunun ilk bağlanış mərhələsində 750 milyon avro cəlb edib.

Fond əsasən inkişaf mərhələsində olan Avropa "DeepTech" şirkətlərinə, xüsusilə Series B və Series C investisiya raundlarına fokuslanacaq. İnvestisiya istiqamətlərinə süni intellekt, robototexnika, hesablama texnologiyaları, təmiz enerji, kosmik texnologiyalar (SpaceTech), ikili təyinatlı texnologiyalar (dual-use), müdafiə texnologiyaları (DefenceTech) və qabaqcıl materiallar daxildir.

"Kembara"nın təxminən 20 şirkətə investisiya yatırması planlaşdırılır.

E2D

2. E2D - 500 milyon avro

İkinci pillədə "Earlybird" və "AVP" tərəfindən yaradılmış Fransa-Almaniya mənşəli "E2D" fondu qərarlaşıb.

Fond iyun ayında 500 milyon avro həcmində vəsait topladığını açıqlayıb. "E2D" Avropada müdafiə texnologiyaları və ikili təyinatlı texnologiyalar sahəsində fəaliyyət göstərən inkişaf mərhələsindəki şirkətlərin maliyyələşdirilməsinə yönəlib.

Fondun təxminən 20 startapa investisiya yatıracağı, hər investisiyanın orta hesabla 25 milyon avro təşkil edəcəyi gözlənilir. Yeni yaradıldığı üçün hələlik konkret portfel şirkətləri açıqlanmayıb.

Earlybird-VC

3. Earlybird VC - 360 milyon avro

Berlin mərkəzli "Earlybird VC" aprel ayında tarixinin ən böyük fondu olan "Fund VIII"i 360 milyon avro həcmində bağlayıb.

Fond erkən mərhələdə olan Avropa texnologiya şirkətlərinə investisiya yatıracaq. O, şirkətin "perpetual active ownership" adlandırdığı idarəetmə modelinin bir hissəsidir. Bu modelə əsasən, yalnız aktiv tərəfdaşlar şirkətin sahibi ola bilər və mülkiyyət hüququ gələcəkdə də yalnız aktiv tərəfdaşlara ötürüləcək.

Beləliklə, "Earlybird" müstəqilliyini qorumağı və şirkəti idarə edən şəxslərin biznesdə birbaşa maraqlı olmasını təmin etməyi hədəfləyir.

Mouro-Capital

4. Mouro Capital - 343,7 milyon avro

Londonda fəaliyyət göstərən "Mouro Capital" may ayında üçüncü fondunun ilk bağlanış mərhələsində 343,7 milyon avro cəlb edib. Fondun əsas investoru "Banco Santander" olub.

"Mouro Capital" maliyyə xidmətlərini texnologiyalar vasitəsilə yenidən formalaşdıran startaplara investisiya yatırmağı planlaşdırır. Fond "FinTech"lə yanaşı, süni intellekt, məlumat analitikası və infrastruktur texnologiyalarına da üstünlük verir.

Fondun investisiya fəaliyyəti ilə əlaqələndirilən şirkətlər arasında "ElevenLabs" və "Sakana AI" də yer alır.

Seedcamp

5. Seedcamp - 279 milyon avro

Böyük Britaniyanın erkən mərhələli investorlardan biri olan "Seedcamp" iyun ayında 279 milyon avro həcmində yeni fond yaradıb.

Londonda yerləşən şirkət daha əvvəl "Revolut", "Wise", "UiPath", "Synthesia" və "Fluidstack" kimi uğurlu startaplara investisiya yatırıb.

Toplanan vəsaitin 192 milyon avrosu erkən mərhələli startaplara yönələn "Seedcamp VII" fonduna, 87 milyon avrosu isə portfeldəki uğurlu şirkətlərin Series B və sonrakı inkişaf mərhələlərini maliyyələşdirən Select fonduna ayrılıb.

Şirkət bildirir ki, yeni fond Avropada erkən mərhələli texnologiya, süni intellekt, elmi tədqiqatlara əsaslanan startaplar, universitet layihələri, iqlim texnologiyaları və rəqəmsallaşması zəif olan sahələr üçün proqram təminatı hazırlayan şirkətlərə investisiyaların artırılmasına xidmət edəcək.

Daphni

6. daphni / daphni Blue - 260 milyon avro

Parisdə yerləşən "daphni" vençur fondu yanvar ayında "daphni Blue" fondunu 260 milyon avro həcmində bağlayıb.

Fransanın vençur kapitalı şirkəti daha əvvəl "Back Market" və "Swile" kimi tanınmış startaplara investisiya yatırıb.

"daphni Blue" biologiya, kimya, fizika, riyaziyyat və həyat elmləri sahələrində fəaliyyət göstərən erkən mərhələli, elm əsaslı startaplara fokuslanır.

Fondun investisiya məbləği 500 min avrodan 10 milyon avroya qədər dəyişir. Eyni zamanda, sonrakı maliyyələşdirmə mərhələlərində bir şirkətə 20 milyon avroya qədər əlavə investisiya yatırmaq imkanı da var.

Fondun investisiya fəaliyyəti ilə əlaqəli şirkətlər arasında "OWLO", "EverDye", "Karavela" və "Neotis" yer alır.

Quantonation

7. Quantonation Ventures - 220 milyon avro

Paris mərkəzli "Quantonation Ventures" fevral ayında kvant texnologiyaları və dərin fizika (deep physics) sahəsinə yönəlmiş əsas fonduna 220 milyon avro cəlb edib.

Şirkət kvant hesablamaları, kvant rabitəsi, sensor texnologiyaları, yeni materiallar, təchizat zənciri həlləri və digər dərin fizika texnologiyalarına investisiya yatırır.

2018-ci ildən fəaliyyət göstərən "Quantonation" indiyədək 10-dan çox ölkədə fəaliyyət göstərən şirkətlərə sərmayə qoyub.

Bu, şirkətin ikinci fondu olmaqla, əvvəlki 91 milyon avroluq fondunu iki dəfədən çox üstələyir. Fondun böyüməsi kvant texnologiyalarının artıq təkcə elmi araşdırmalar deyil, həm də sənaye, biznes və real istehsal proseslərində tətbiq olunacağına inamın artdığını göstərir.

Kurma-Partners1

8. Kurma Partners - 215 milyon avro

Parisdə fəaliyyət göstərən "Kurma Partners" aprel ayında "Biofund IV" fondunu 215 milyon avro həcmində bağlayıb.

Şirkət səhiyyə və biotexnologiya sahəsində fəaliyyət göstərən startaplara yaranma mərhələsindən inkişaf mərhələsinədək investisiya yatırır. Fondun əsas diqqət mərkəzində ağır və sağalmaz xəstəliklərin müalicəsi üçün yeni terapevtik həllər hazırlayan şirkətlər dayanır.

Kurma Partners daha əvvəl Laigo Bio şirkətinə investisiya yatırıb. Fondun uğurlu çıxış etdiyi layihələr arasında "Amolyt Pharma", "Emergence Therapeutics" və "Corlieve Therapeutics" yer alır.

Şirkət, həmçinin "Bpifrance" ilə birgə yaradılmış "Argobio Studio" biotexnologiya startap platforması ilə sıx əməkdaşlıq edir.

2150

9. 2150 - 210 milyon avro

Londonda yerləşən "2150" bu ilin yanvar ayında ikinci fondunu (Fund II) 210 milyon avro həcmində bağlayıb. Bununla da şirkətin idarə etdiyi ümumi aktivlərin həcmi 500 milyon avroya çatıb.

Fond iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş şəhər sistemləri və şəhərlərin inkişafını təmin edən texnologiyalara investisiya yatırır.

İnvestisiya strategiyasına tikinti və şəhər infrastrukturu, sənaye səmərəliliyi, dekarbonizasiya və digər dayanıqlı texnologiyalar daxildir.

Fondun açıqladığı məlumata görə, indiyədək 27 şirkətə investisiya yatırılıb və onların fəaliyyəti nəticəsində hər il 1 meqatondan çox CO₂ ekvivalentində emissiyanın qarşısı alınıb.

b2ventures

10. b2venture - 150 milyon avro

Berlin mərkəzli "b2venture" yanvar ayında beşinci fondunu (Fund V) 150 milyon avroluq maksimum hədəfə çatdırıb.

Fond erkən mərhələdə olan Avropa startaplarına investisiya yatırır və konkret sahə ilə məhdudlaşmır. Əsas diqqət sürətlə böyüyə və rəqabət üstünlüyü yarada bilən texnologiyalara yönəlib.

"b2venture"in portfelində "DeepL", "1KOMMA5°", "Raisin", "SumUp", "Nelly", "Urban Sports Club", "Araris Biotech" və "Neura Robotics" kimi şirkətlər yer alır.

Fondun son investisiyaları sırasında "Nautica Technologies", "Hive Robotics", "Augmented Industries" və "Assemblean" da var.

Şirkət birbaşa investisiyalarla yanaşı, fondlar vasitəsilə də startapları maliyyələşdirir. Onun fəaliyyətini 350-dən çox mələk investor, təsisçi, şirkət rəhbəri və sənaye eksperti dəstəkləyir. Onlar startaplara yalnız maliyyə deyil, həm də təcrübə və geniş biznes əlaqələri təqdim edirlər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Rabitəbank"ın keçmiş marketinq direktoruna "PAŞA Kapital"da vəzifə verildi

03.07.2026
"Ziraat Bank Azərbaycan"da bank seyfinin icarəsi nə qədərdir?

"Ziraat Bank Azərbaycan"da bank seyfinin icarəsi nə qədərdir?

03.07.2026
Startapınız var, amma investor tapa bilmirsiniz?

Startapınız var, amma investor tapa bilmirsiniz? - Bu seminar sizin üçündür!

03.07.2026

Avropanın ən böyük vençur fondları

03.07.2026

"Meta" rəhbəri: Süni intellekt agentlərinin inkişafı zəifdir

03.07.2026

Orxan Vahabov "PAŞA Bank Gürcüstan"da direktor vəzifəsinə təyin olunub

03.07.2026

“İpək Yolu Sığorta” topladığı hər 100 manatın cəmi 20 qəpiyini ödəniş edib

03.07.2026

Banklara və BOKT-lara xalis tələblər 21,8% azalıb

03.07.2026
Rəhbərin üzərində nəzarət nə dərəcədə vacibdir?

Rəhbərin üzərində nəzarət nə dərəcədə vacibdir?

03.07.2026

Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? – CƏDVƏL

03.07.2026

“Kim nə qədər ödəyəcək?” sualından yaranan ideya milyonlarla insanın istifadə etdiyi tətbiqə çevrildi

03.07.2026

Almaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi

02.07.2026

Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO

02.07.2026

"Kakaku.com" üçün təklif 4,12 milyard dollara qaldırıldı

02.07.2026

Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətlər bazarına daxil olur

02.07.2026

Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar

02.07.2026

ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı

02.07.2026

"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər

02.07.2026

Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb

02.07.2026

"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır

02.07.2026

Məzənnə

Yüklənir...