300 müraciətdən sonra “Google” və “Snapchat” mühəndisi olan azərbaycanlı

Redaktor

06.07.2026 09:30
316

300 müraciətdən sonra “Google” və “Snapchat” mühəndisi olan azərbaycanlı - Müsahibə

Bakalavr və magistr təhsilini ABŞ universitetlərində alır. Bununla belə, ABŞ-də ilk işini tapması o qədər də asan olmur. 300-ə yaxın şirkətə CV göndərir və nəhayətində iş tapa bilir. Qısa müddətdə isə qlobal şirkətlərdə işləməyə nail olur. 

Valyuta.az-ın müsahibi ABŞ-də “Snapchat”da mühəndis işləyən azərbaycanlı Altun Şükürlüdür. O, bundan əvvəl 4,5 il “Google”da çalışıb. 

Qeyd edək ki, Altun Şükürlü kompüter elmləri üzrə ABŞ-də İndiana-Pördü Universitetində bakalavr, Virciniya Universitetində magistr təhsili alıb.

- Əvvəlki müsahibənizin son cümləsi diqqətimi çəkdi: “İş həyatında qabağa getmək üçün məktəb, lisey, kollec və daha sonrakı dövrü yaxşı dəyərləndirmək lazımdır” - demisiniz. Məktəb illərini doğru dəyərləndirməyiniz valideynlər, yoxsa lisey sayəsində olmuşdu?

- Aşağı siniflərdə uşaqlar oxumaqdan çox qaçmaq, oynamaq istəyir. Bu dövrlərdə valideyn məcbur edir, sonra artıq disiplin halına gəlir. Məsələn, mən hansısa fəndən 5 almırdımsa, onun üstünə düşürdülər, əlavə müəllim tuturdular, boşluqları öyrənirdim. Məktəb proqramı ilə oxumağımla kifayələnmirdilər. Məktəbdə 10 tapşırıq verilirdisə, deyirdilər sən 20 tapşırıq həll et. Qardaşıma da, mənə də bu cür yanaşırdılar. Yaxşı oxumağımın təməlini valideynlərim formalaşdırdı, davamını isə lisey qurdu. Çünki liseydə şərait çox yaxşı idi. Ətraf mühit, müəllimlər, olimpiadalar, hamısına çox borcluyam.

Altun Şükürlü lisey illərində riyaziyyat üzrə respublika olimpiadalarında 3 qızıl, beynəlxalq olimpiadalarda isə 2 gümüş, 1 bürünc medal qazanıb.

- Lisey illərinizdə riyaziyyat üzrə olimpiadalarda nəticələriniz yaxşı olub. Ailədə riyaziyyatçı var idi?

- Ailədə riyaziyyatçı olmayıb. Əvvəldən riyaziyyata marağım var idi, amma o maraq liseydə inkişaf etdi. Liseydən öncə riyaziyyatda nələrsə edə biləcəyimi kəşf etməmişdim.

- Bakalavr təhsilini ABŞ-də almısınız. Azərbaycanda universitetlərə qəbul imtahanlarında iştirak etmədiniz?

- Xeyr, hədəf xaricdə təhsil idi.

- Təhsiliniz təqaüdlü idi?

- Tam təqaüdlü deyildi, bir az təqaüd var idi, qalan xərcləri özümüz qarşıladıq.

 - ABŞ-də təhsili hansı planlarla seçmişdiniz?

- Qlobal şirkətlərdə işləmək kimi hədəflərim tam oturmamışdı. Riyaziyyatda yaxşı idim. Bu da önəmli mövzudur ki, insan nədə yaxşı olduğunu bilsin və o istiqamətdə üzərində işləsin. Gedəcəyim ölkəni yaxşı bilirdim, çünki qardaşım Amerikada idi, orada dostlarım da çox idi. Sadəcə olaraq riyaziyyatla kompüter elmləri sahəsi arasında qalmışdım. Riyaziyyatı seçsəydim, akademik karyeraya yönəlməli idim. Mənim isə akademik karyera qurmağa marağım yox idi, ona görə kompüter elmləri seçdim.

- Universitet təhsilini Azərbaycanda alıb ABŞ-yə köçənlər deyirlər ki, o ölkədə təhsil almamısansa, iş tapmaq çətin olur. Maraqlıdır, bakalavr və magistr təhsilini ABŞ-də alan birinin ilk işlərini tapması necə oldu?

- Məndə də çətin oldu. Son illər dünyada iqtisadi vəziyyət o qədər yaxşı deyil və ilk işləri tapmaqda çətinlik yaşanır. Mən bakalavrdan sonra magistr təhsilimə başladım və təcrübə proqramlarına müraciət etdim. Bir təcrübə yeri qəbul etdi. Onu tapmağım da asan olmadı. 3 ay orda işlədim, sonra bəyəndilər, 6 ay yarım ştat da çalışdım. Vaşinqtonda kiçik bir şirkət idi. Orda qalmaq istəmirdim. Sonra Kaliforniyada işlərə müraciət etdim. O da inanılmaz çətin oldu. İlk iş axtarışım zamanı işləri tapıb müraciət edirdim. Sonra gördüm belə olmur. Sistematik olsun deyə linklər tapdım, avtomatlaşdırdım, bəlkə də 300-ə yaxın şirkətə iş üçün müraciət etdim. Sonra hansı şirkətdən müsahibə təklifi gəlirdisə, onları araşdırırdım ki, müsahibədə məlumatlı olum. Onsuz da çox müsahibə təklifi gəlmir. 3-4 müsahibə təklifi gəldi, onlardan biri “Google”, biri də “Facebook” idi. “Google”dan ilk, “Facebook”dan son raundda kəsildim. Yerdə qaldı 2 şirkət, birindən keçdim. “Google” və “Facebook” kimi olmasa da, yaxşı təklif idi, karyerama qatqısı olacağını bilirdim.

- 300 yerə müraciət et və “yox” cavabları gəlsin. Həvəsdən düşmürdünüz?

- Çətindir, adam qorxur ki, alınmaz, tapa bilməyəcəm. Bunu yaşayan çox adam var. İş tapa bilməyən də az deyil. Qloballaşma, internet, onlayn müraciət platformları imkan verir ki dünyanın hər yerindən minlərlə insan eyni vakansiyaya müraciət etsin. Ona görə, bəzən məsələ sənin yaxşı və ya pis namizəd olmağına bağlı olmur. Proses rəqabətlidir və bir az da şansa bağlıdır.  Çox yaxşı universitetlərdə oxumuş, yaxşı təcrübə proqramlarında olmuş şəxslərə daha çox təklif gələ bilər. 1 təklif gəlməsi başlamaq üçün bəs edir. Ondan sonra artıq iş tapmaq nisbətən asan olur. İlk təklif gələnə qədər həvəsdən düşməmək lazımdır.

Bu cür situasiyalarda ətrafa çox fikir vermək lazımdır. Mənim ən yaxşı bacardığım şeylərdən biri odur ki, nisbi olaraq digərlərinə baxıb özümə bir mövqe seçə bilirəm.

Analiz edirəm ki, filankəs dərsdə 5 aldı. Onun biliyi nə qədərdir? Yaxud bir dostum işdə irəli getdi. Düşünürəm ki, o nələr edib irəli getdi? Mən bizdən əvvəl universiteti bitirənləri analiz edirdim, özləri ilə danışdım və baxdım ki, heç kim asanlıqla iş tapmayıb. Hamı müraciət edib “yox” alırdı. Məndən bir il əvvəl universiteti bitirənlərlə danışırdım, hansı proseslərdən keçdiklərini öyrənirdim. Məlum olurdu ki, proses belədir, mənlik bir şey yoxdur.

- Sizcə, niyə ilk işləri tapmaq belə çətin olur?

- Sahədən sahəyə çox fərq var. Yeni başlayan, təcrübəsiz proqramçılara o qədər də ehtiyac yoxdur. Çünki təcrübəsi olanlar daha çox iş görə bilər. Təcrübəsizə işi öyrətmək və ondan nəticə almaq çox vaxt alır. Əgər şirkətlərin maliyyə vəziyyətləri yaxşıdırsa, təcrübəsizləri də götürürlər, öyrədirlər ki, gələcəkdə onlara lazım olacaq. Şirkətin maddi imkanı yaxşı deyilsə, təcrübəsizləri işə götürməkdə maraqlı olmaya bilərlər. Bu səbəbdən, developerlərin ilk işini tapması çətin ola bilir. Ona görə, netvörkinqin yaxşı olmalıdır.

- Sizin netvörkiniz necə idi?

- Çox pis idi (Gülür).

- İntrovertsiniz?

- Həm introvertəm, həm də magistraturada oxuyub iş mühitindən netvörkinq qurmaq çətindir. Çünki ətrafında işləyən yoxdur. İş tapmaq istəyirsənsə, iş dünyasından netvörkinqin olmalıdır. Ona görə tədbirlərə çox qatılmalısan. Mən də introvert olduğum üçün bacarmırdım. İş dünyasından netvörkinq qurmaq üçün təcrübə proqramlarında çox olmalısan.

- Əgər Azərbaycanda təhsil alıb getsəydiniz, iş tapmaq prosesi eyni olacaqdı?

- Məncə, daha da çətin olardı. Çünki burda namizəd çoxdur, rəqabətdə qalib olmaq asan deyil. Sahələrə görə dəyişə bilər, amma bizim sahədə çox çətindir. Bu gün Avropada təhsil alıb Amerikada iş tapmaqda çətinlik çəkən insan az deyil.

- İlk işlərə başladığınız kiçik şirkətlərin maaşı ilə ABŞ-da aylıq yaşayış xərclərini qarşılamaq olur?

- İnsanın yaşayış standartlarından asılıdır. Lüks həyat yaşamaq üçün yox, amma bir ölkədə başlamaq üçün kifayət edir.

- İlk dəfə “Google” sizə “yox” desə də, sonra “hə” deyir və 4 ildən çox orda işləyirsiniz.   

- Bəli, “yox”larından 1 ildən bir az çox zaman keçmişdi, artıq başladım.

- Nələrə hazır oldunuz ki, bu dəfə “hə” dedilər?

- 4 şirkətdən müsahibə təklifi almşdım. Onların arasında ilk yerdə mənim üçün “Google” idi. Çünki orda işləmək bir çox mühəndisin xəyalıdır. Birinci müsahibəmi “Google”, ikinci “Facebook” ilə seçdim. Digər iki kiçik şirkəti sonraya saxladım.

“Google” ilə ilk raundda - telefon danışığı raundunda kəsilmişdim. Telefon raundunda kəsilməməli idim, çünki hazır idim. “Facebook”da son raundda kəsildim. İkisində də problem çox həyəcanlı olmağım idi.

Əslində, kiçik şirkətlərin müsahibəsini önə salsaydım, onlarla müsahibə prosesini test edərdim və “Google”dan keçərdim. Çox adam deyir ki, hazırlaşım, sonra qlobal şirkətlərə iş üçün müraciət edəcəm. Nəzəriyyədə yaxşı səslənir, amma təcrübədə yaxşı deyil. Çalışmaq lazımdır ki, böyük şirkətlərə tez müraciət etsinlər, “yox” alıb öyrənsinlər. O prosesdən keçmək, ələnmək lazımdır ki, öyrənəsən.

- Arzusunda olduğunuz “Google”da işlədiniz. İlk təəssüratınız necə oldu?

- İlk başlayanda fərqli idi, utopik yer kimi gəlirdi. Özəl kampusları, yeməkxanaları var, elə bil böyük universitetdir. Bunları keçəndən sona görürsən ki, sadəcə iş yeridir. İşdə mühit çox yaxşı idi. Ətrafdakı insanların hamısı işində çox yaxşıdır, zirvədədirlər. Ona görə çox şey öyrənirsən.

- 4,5 işlədikdən sonra “Google”dan ayrılırsınız. Adətən, qlobal şirkətlərdə çalışanlar 2-3 il sonra narahat olmağa başlayırlar və işi dəyişirlər. Sizdə də belə oldu?

- Burda 2-3 ildən bir komanda, yaxud şirkəti dəyişirlər. Mən də komandadan sıxıldım, gördüyüm iş artıq o qədər də önəmli olmamağa başladı. 4 il əvvəl işlədiyimiz məhsulun gəliri çox böyüyürdü. Mən reklam texnologiyaları sahəsində çalışırdım. 4 ilin sonunda isə pik həddinə çatmışdı, yavaş-yavaş düşməyə başlayırdı. Orda da önümdə güclü layihələr görmürdüm. Ya şirkəti, ya da komandanı dəyişə bilərdim. Mən də başqa şirkətə keçdim.

- Bu dəfə iş tapmaq daha rahat oldu?

- CV-də “Google” adı olandan sonra müsahibə təklifi almaq çox rahat oldu, amma “Google”da işləmisən deyə səni rahatlıqla işə qəbul etmirlər. Müsahibə prosesini keçməlisən.

- Növbəti iş yerinizdə çox qalmırsınız. “Google”dan sonra o şirkət maraqsız oldu?

- Əslində, hansısa şirkətlə müsahibəyə gedirəmsə, araşdırıram ki, ixtisar ehtimalı varmı? Həmin şirkəti də araşdırmışdım, amma yenə də daha böyük faktorlar olur ki, ixtisarlara məcbur olurlar. Bizdə yaxşı getmədi, layihələr verirdilər, ləğv olurdu. 3-4 dəfə menecer, idarəetmə dəyişdi. Bizim komanda bağlandı və mən ikinci dəfədə ixtisara düşdüm. 3-cü dəfə şirkətin 75 faizi ixtisara düşdü.

- Növbəti iş yeriniz “Snapchat” oldu?

- Bəli, bir müddət sonra müraciətlərə başladım. Bir neçə yerdən müsahibə dəvəti almışdım. Bir çox şirkətlə müsahibə də etmirdim ki, ən önəmliləri ilə müsahibəyə girim. “Snapchat”ı seçmə səbəbimə gəlincə, iş maraqlı idi, menecer və şirkət mənimlə çox maraqlanırdı. Başqa şirkətlərdə bunu görmədim.

- “Snapchat” necə şirkətdir?

- “Snapchat”ın mühəndislik tərəfi həmişə çox güclü olub. “Snapchat”ın da müsahibəsi “Google” qədər çətin idi. Mənim işlədiyim komandanın gördüyü aldığınız üzvlük haqlarının ödənişlərinin “backend”inə baxıram.

- Əvvəllər “Snapchat”ı istifadə edirdiniz?

- 23-24 yaşıma qədər istifadə edirdim. Bizim vaxtımızda çox məşhur olmuşdu.

- Qlobal şirkətlərin idarəetməsində bəyəndiyiniz və bəyənmədiyiniz nələr var?

- Qlobal şirkətlərin bu qədər böyüməsi və dünyaya yayılması şans əsəri deyil. O deməkdir ki, onların prosesləri, strukturlarının yaxşı işlədiyi sübut olunub. Sən də onun bir parçası olanda, onu öyrənməyə başlayırsan. “Google” kimi şirkətlər tez böyüməyin yolunu da bilirlər və onu sənə də öyrədirlər. Mən əvvəl işlədiyim kiçik şirkətdə 2 il ərzində bir məhsul hazırlandı və sonda onu sildilər, müştəriyə təqdim etmədilər. “Google”da bu səhvləri çox görməzsən. 2 aya test edib nəticə çıxarırlar ki, bu layihə davam etsin, yoxsa yox?

Mənfi tərəfə gəlincə, böyük şirkətlərin bir səhvlə itirəcəyi şeylər çox olduğu üçün bəzən bürokratiya da çox olur. Məsələn, mənim işlədiyim komandada illik gəlir 2 milyard olurdu. Orda kiçik bir dəyişiklik edəndə, 4-5 yerdən qəbul almalı, 4-5 şəxslə danışmalısan. Menecer narahat olurdu ki, nəsə xarab olacaq, işləməyəcək. Bürokratiya ciddi mənada işi baltalayırdı. Əvvəl 3-4 həftəyə gördüyümüz işi yeni proseslərdə 2 aya görürdük. Qlobal şirkətin bəyənmədiyim yönü bu olar.

- Bəs işçi səhv edəndə, reaksiyaları necə olur?

- Hər şirkətin öz prinsipi var. Bəzi şirkətlər böyük səhv etsən, səni qovacaq. Onlar deyir ki, sənin öhdəliyindir, səhv etsən, sən cavabdehsən. “Google”da isə proses çox fərqlidir. Onlarda insanlar yox, proses önəmlidir. Əgər insanlar səhv edirsə, proses onu tutmursa, deməli, prosesi düzəltmək lazımdır. Səhv olursa, düşünülür ki, niyə oldu? Qarşısını necə ala bilərik? Ətraflı danışıb prosesi gücləndirirlər.

- Biz tez-tez qlobal şirkətlərdəki böyük ixtisarları görürük. Kimlər ixtisarlara salınır?

- Birincisi, performansın yaxşı deyilsə, hər an səni çıxara bilərlər. Şirkətlərə görə dəyişir. Bəziləri sənə vaxt verir, bəziləri deyir sabahdan işə gəlmə.

İkincisi, çalış analiz et ki, gördüyün işlə CEO-nun, direktorun danışdıqları nə dərəcədə bağlıdır? Məsələn, şirkətin 2 qolu var, amma görürsən ki, CEO bir qolla bağlı çox danışır, bütün investisiyalar ora gedir. İşçilər ora götürülür, bütün qərarlar ona yönəlikdir. Sizin orqanizasiya isə o qədər böyümür, daha köhnədir, investisiya gəlmir. Əvvəl axır bu orqanizasiyada kiçilmə lazım olanda, ora baxacaqlar. Baxmaq lazımdır ki, mənim işim bu biznesə necə fayda verir? Sabah bu biznes üçün lazım olacam? Mən ixtisara düşdüyüm şirkətdə o prosesi görürdüm, sadəcə “Green card” məsələsinə görə qalırdım.

Bir az da şans faktoru var. Bu ixtisarlar yuxarıdan gələndə, biz onların gözündə görünmürük, rəqəm kimi yanaşır, sənin kim olduğuna baxmırlar.

İxtisara düşəndə, narahat olmaq lazım deyil. İxtisara düşən işçilər sonra daha yaxşı işlər tapırlar. Çünki biz onsuz da böyüməyə, işimizdə daha yaxşı olmağa çalışırıq. Bəzən komfort zonaya düşürsən, daha yaxşı iş tapmağa, daha yaxşı yerə keçməyə, maraqlı layihələrə keçməyə insanın motivasiyası olmur. İşdən çıxarılanda, sən artıq bunu etməlisən.

- Maaş məsələsindən danışaq. Qlobal şirkətlərdə maaşlar kiçik şirkətlərlə müqayisədə çox yüksək olur?

- Maaş fərqi olur, amma bunu təkcə “böyük şirkət çox, kiçik şirkət az maaş verir” kimi izah etmək düzgün olmaz. Hər şirkətin öz biznes modeli, gəliri, strukturu və işçidən gözlədiyi nəticə çox önəmlidir. Bəzi kiçik şirkətlər daha çox adam götürüb daha aşağı maaş verə bilir. Böyük texnologiya şirkətləri isə daha az adamla işləyir və onlardan daha yüksək səviyyədə nəticə əldə edir. Şirkətlərin işçi başına gəliri çox olanda, sizə daha çox maaş verə bilirlər. Məsələn, “Google” bir işçidən 1–2 milyon qazanır. NVIDIA-da bu rəqəm 5 milyon ola bilər. Bizim sahədə ən yüksək maaşı “Google” vermir. Bu, əslində, özünü inkişaf etdirmək istəyən insanlar üçün ideal mühitdir. Çünki belə yerlərdə daim irəli getməyə çalışırsan, qarşına daha məsuliyyətli və əhəmiyyətli layihələr çıxır. Ona görə məncə, iş seçərkən maaşdan çox karyera inkişafına baxmaq lazımdır. Əgər bir şirkətdə inkişaf etməyəcəyimi hiss edirəmsə, daha çox maaş versələr belə, orada qalmağı düzgün hesab etmərəm.

Aygün Asimqızı

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Uğurlu sahibkarların bəzi şəxsiyyət tipləri

06.07.2026

Ekspert: "Uğurlu brendlər kampaniyalar yox, davamlı hekayələr qurur"

06.07.2026

Nazirlik 3 000 manatdan başlayan qiymətlərlə avtomobillərini satışa çıxarır

06.07.2026

Böyük Britaniya süni intellekt modellərinin tənzimlənməsini nəzərdən keçirə bilər

06.07.2026

Şirkət 1 milyard dollar dəyərləndirmə ilə 150 milyon dollar investisiya aldı

06.07.2026

SK Hynix ABŞ-da 28 milyard dollarlıq birja yerləşdirilməsinə başlayıb

06.07.2026

Vəfa Abdullayeva "Azər Türk Bank"da şöbə rəhbəri vəzifəsinə təyin olundu

06.07.2026

"Alibaba" əməkdaşlarına "Claude Code"dan istifadəni qadağan etdi

06.07.2026

İpoteka kreditləşməsi bir ildə 303,6 milyon manat artıb

06.07.2026

Kart qalığına ən yüksək faiz verən bank kartları - SİYAHI

06.07.2026

Azərbaycanda startaplara sərmayə yatıran vençur fondları

06.07.2026

"Nvidia"nın təchizatçısı olan "Unimicron" GDS satışı ilə 1,4 milyard dollara qədər vəsait cəlb etmək istəyir

06.07.2026

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

06.07.2026

Ən çox yığım edən sığorta şirkətləri - TOP 5

06.07.2026

“Azəralüminium”ın ixrac gəlirləri 50,4% artıb

06.07.2026

ABŞ-dakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün neçə nüvə elektrik stansiyası lazımdır?

06.07.2026

Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL

06.07.2026

Aşağı maaşı yaxşı iş mühiti kompensasiya edə bilərmi?

06.07.2026

"Tarqovu"da məşhur italyan restoranı icarəyə verilir

06.07.2026

ABB süni intellekt əsaslı Fərdi Maliyyə Menecerini istifadəyə verib

06.07.2026

Məzənnə

Yüklənir...