Redaktor
2026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?
"2026-cı ildə torpaq sahələrinin qiymətində artım gözlənilir".
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyininin sədri Vüqar Oruc deyib.
O, Bakı şəhərinin mərkəzində torpaq məhdudiyyəti olduğunu xatırladıb:
"Qiymətlər mərkəzdə çox bahadır. Binaların tikintisi, yenidənqurma işlərinin aparılması, Bakı Şəhəri Baş Planı üzrə təədbirlərin görülməsi, orada göstərildiyi kimi parkların salınması, abadlaşdırılması və s. planlaşdırılır. Bunun üçün böyük torpaq sahələrinə ehtiyac var. Torpaq sahəsi daşınmaz əmlak növləri içərisində yeganə əmlak növüdür ki, artmır. Tikililər mərtəbələr üzrə arta bilər. Çünki kiçik mərtəbəli binaları söküb onların yerində çoxmərtəbəli binalar tikilə bilər. Amma torpaq sahələri heç cür artmır. Buna görə dövr keçdikcə, ildən-ilə torpaq sahəsinin harada olmasından asılı olmayaraq, qiymətində artım baş verir. Bu baxımdan yenə də 2026-cı ildə torpaq sahələrinin qiyməti artacaq".

Bəs artım hansı rayonlarda olacaq?
Vüqar Orucun fikirincə, bu daha çox Bakı və Bakı ətrafında satışa çıxarılacaq torpaqların qiymətində müşahidə olunacaq:
"Mərkəz daha çox dolduğundan Bakı ətrafında, infrastrukturun inkişaf etdiyi, yolların salındığı və təmin olunduğu ərazilərdə qiymət artımı gözlənilir. Eyni zamanda, Azərbaycan üzrə turizm sahələrinin yarandığı və inkişaf etdiyi, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin qiymətində xüsusi artım gözlənilir".
Vüqar Oruc torpaq bazarında geriyədönüş olmadığını əlavə edib:
"Ən azı ona görə ki, həm ölkənin iqtisadi durumu, alıcılıq qabiliyyəti, daşınmaz əmlakın investisiya cazibədarlığının ildən-ilə artması və məhdud sayda investisiya istiqamətinin mövcudluğu, fond birjalarının hələ çalışmadığı, səhm bazarının olmadığı şəraitdə daşınmaz əmlak yeganə investisiya istiqaməti olaraq qalmaqdadır".