Redaktor
“100% qəbul vədi verən xaricdə təhsil şirkətlərinə inanmaq olmaz”
Xaricə təhsil almaq bir çox gəncin arzusudur. Bu zaman isə ilk müraciət edilən yer xaricdə təhsil şirkətidir. Bu proseslə bağlı heç bir təcrübəsi və ya anlayışı olmayan gənclər bəzən hansısa yalançı vədlər verən şirkətin toruna düşür. Yüksək məbləğlər ödənsə belə, sonda şəxsə ya istəmədiyi ölkəyə, ya da aşağı reytinqli universitetə gedə biləcəyi deyilir. Bu halda şəxs, əlbəttə ki, təklifləri qəbul etmir və nəticə olaraq ödənilən pul batmış olur. Bu halda xaricdə təhsil almaq istəyən şəxs təhsil şirkətini necə seçməlidir?
Xaricdə təhsil üzrə ekspert, jurnalist Rizvan Qənbərli Valyuta.az-a bildirir ki, xaricdə oxumaq istəyən tələbələrin bu cür problemlə qarşılaşmasının səbəblərindən biri 100% qəbul vədi verən şirkətlərə ya da mütəxəssislərə inanmasıdır:
“Tələbələr başa düşməlidir ki, xaricdə təhsil və seçim məsələsi bəxt işi deyil. Bu bir planlama, strateji yanaşma işidir. Bu işlərdə də hər zaman risklər vardır, 100 faiz qəbul mümkün deyil. Əgər bir şirkət ilk görüşdə qəbul zəmanəti verirsə, istədiyi ölkəyə rahat, problemsiz göndəriləcəyini bildirirsə, bu, artıq o şirkət haqqında şübhələnməyə əsas yaradır. Çünki tələbənin qəbulu bir çox faktordan, universitetdəki müraciətçilər arasındakı rəqabətdən, tələbənin profilindən asılıdır. Burda qəbula zəmanət satış və marketinq məqsədli ifadədir. Təhsildə əsla istifadə olunmamalıdır. Elə bir vəziyyət varsa, o zəmanət tələbənin qəbulu üçün yox, o şirkətin öz maddi marağı üçün zəmanət sayılır”.
R.Qənbərli deyir ki, tələbənin profilinə baxmadan, akademik vəziyyətini incələmədən hər hansı ölkəyə, universitetə göndəriləcəyi deyilirsə, bu, təhsil deyil, satış xidmətidir: “Adətən, ciddi təhsil şirkətləri tələbənin akademik təhsil səviyyəsini, bacarıqlarını, gələcək planlarını, uyğunluğunu dəyərləndirməlidir. Bunlar mütləq yoxlanmalı və tələbəyə uyğun yol xəritəsi çıxarılmalıdır. Bütün tələbələrə uyğun olan təhsil siyahısı vermək etik deyil. Çünki bu tələbələrin akademik keçmişi, dili, büdcə imkanları, məqsəd və planları bir-birindən fərqlənir. Ona görə də, heç bir ciddi təhsil şirkəti tələbələri bir qəlibə salıb onlara təhsil planı təklif etməz. Tələbənin istəyini, universitetlərin şərtlərini analiz edib, uzunmüddətli plan yazar”.

“Mənim gənclərə iki tövsiyəm var: aldanmamaq üçün ilk olararaq müraciət etdiyi şirkətləri dəyərləndirsin ki, bu universitet üçün tələbə axtarır, ya tələbə üçün universitet axtarır. Əgər universitet üçün tələbə axtaran bir şirkət təəssüratı yaranırsa, bu zaman tələbənin maraqları onlar üçün əhəmiyyətli deyil. Əksinə universitetləri yaratdığı rahatlığı istifadə edib, çox əziyyət çəkmədən öz maraqlarının arxasınca qaçırlar.
Tələbəyə uyğun universitet seçən şirkətlər isə tələbənin məqsəd və durumunu düzgün qiymətləndirir. Buna uyğun həllər təklif edə bilirlər. Son olaraq da, tələbə özü də araşdırmalıdır. Bizdə təəssüf ki, tələbələrin xaricdə təhsil şirkətlərindən gözləntisi bir az fərqlidir və özünü kənara çəkməyə meyillidir. Ancaq tələbə özü də mütləq prosesin içində olmalıdır. Xaricdə təhsil şirkətinin təklif etdiyi universitet və proqramları özləri də dəyərləndirə bilməlidirlər” – deyə o, əlavə edib.
Şəbnəm İbrahimxəlilova