MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır

Redaktor

10.02.2026 17:15
96

MrBeast yeniyetmələrə yönəlmiş bank tətbiqini alır

"YouTube" platformasının ən tanınmış kontent yaradıcısı olan MrBeast (Cimmi Donaldson) maliyyə texnologiyaları sahəsinə qədəm qoyur. Onun qurduğu "Beast Industries" şirkəti yeniyetmələr üçün nəzərdə tutulmuş rəqəmsal bank tətbiqi olan "Step"i satın alır. Bu barədə hər iki tərəfin birgə bəyanatında bildirilib.

Valyuta.az xəbər verir ki, "Step" özünü "hərtərəfli pul idarəetmə tətbiqi" kimi təqdim edir və gənclərə maliyyə dünyasına başlamaqda yardımçı olmağı hədəfləyir. Şirkət qənaət hesabları, kredit tarixçəsi formalaşdıran, lakin debet kartı kimi işləyən "Visa" kartı, eləcə də nağd avans proqramı kimi xidmətlər təklif edir. "Step" birbaşa bank deyil; onun bank xidmətləri FDIC üzvü olan "Evolve Bank & Trust" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

"Beast Industries" şirkətinin baş direktoru Ceff Hausenbold bu alışla bağlı bildirib:

"Maliyyə sağlamlığı ümumi rifahın əsas hissəsidir, lakin çox sayda insan bunun üçün zəruri alətlərə və biliklərə çıxış imkanından məhrumdur. Bu satınalma bizə auditoriyamıza praktik və texnologiyaya əsaslanan həllər təqdim etməyə imkan verir ki, onların maliyyə gələcəyi daha müsbət istiqamətdə dəyişsin."

Alqı-satqı müqaviləsinin maliyyə şərtləri açıqlanmayıb. Qeyd edək ki, "Step" 2022-ci ildə "General Catalyst", "Stripe" və TikTok fenomeni Çarli D’Amelio kimi şəxsi investorların da daxil olduğu qurumlardan 500 milyon dollar məbləğində kapital və borc vəsaiti cəlb etmişdi.

"Beast Industries" son investisiya raundunda təxminən 5 milyard dollar dəyərləndirilib və media sahəsindən kənar gəlir mənbələri axtarır. Gələcəkdə mobil rabitə xidməti başlatmaq da bu planlara daxildir.

MrBeast-in konfet və şokolad biznesi olan "Feastables" 2024-cü ildə 200 milyon dollardan çox gəlir əldə edib. Bununla belə, bütün layihələr uğurlu olmayıb. Hazırda MrBeast komandası "MrBeast Burger" adlı burger biznesinin fəaliyyəti ilə bağlı tərəfdaşlarından biri ilə məhkəmə çəkişməsi yaşayır.

Cimmi Donaldson 460 milyondan çox "YouTube" abunəçisi ilə dünyanın ən populyar kontent yaradıcısı sayılır. O, bir müddətdir maliyyə texnologiyaları sahəsinə daxil olmaq niyyətində idi. 2025-ci ilin əvvəlində investor təqdimatında "MrBeast Financial" adı altında tələbə kreditləri, sığorta və kredit məlumatları kimi xidmətlərin təqdim olunacağı ehtimal edilirdi. Şirkət bu sahəyə mövcud infrastrukturdan istifadə edən tərəfdaş vasitəsilə daxil olmağı və tənzimləmə, kredit riski və kapital tələblərindən yayınmağı planlaşdırırdı.

2026-cı ilin yanvarında "Beast Industries" "Bitmine Immersion Technologies" adlı "Ethereum" portfelli şirkətdən 200 milyon dollar vəsait cəlb etdiyini açıqlayıb. Hausenbold bu maliyyələşmə ilə "DeFi" (mərkəzsiz maliyyə texnologiyası) sahəsində yeni əməkdaşlıq yollarının araşdırılacağını bildirib.

Şirkət maliyyə sahəsinə girişə hazırlaşdığı bir vaxtda MrBeast özü də maliyyə mövzusunda videolar çəkmək istədiyini açıqlayıb. O, insanlara investisiya qoymaq və "Roth IRA" (ABŞ-da pensiya hesabı növü) kimi anlayışları izah edən videolar hazırlamağı planlaşdırır.

Cimmi Donaldson "X" (əvvəllər "Twitter") platformasında paylaşdığı açıqlamada bildirib:
"Heç kim mənə sərmayə qoymaq, kredit yaratmaq və ya pulla necə davranmaq barədə heç nə öyrətməmişdi. 'Step'i almaqla milyonlarla gəncə mənim sahib olmadığım maliyyə təməlini vermək imkanı görürəm."

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...