Redaktor
Milyarder investor Tomas Kaplanın zəngin və xoşbəxt həyat üçün 3 tövsiyəsi
Milyarder investor və “böyük pişiklər”in qorunması sahəsində fəaliyyət göstərən Tomas Kaplan hesab edir ki, zəngin və xoşbəxt həyatın əsas şərtləri minnətdarlıq hissi və şəxsi güclü tərəflərə arxalanmaqdır.
“‘Bilmirəm’ deməkdən qorxmayın”, – deyə o, bildirib.
Valyuta.az xəbər verir ki, Kaplan bu həftə “böyük pişiklər”in mühafizəsinə dəstək məqsədilə Rembrandtın “Dincələn gənc aslan” adlı rəsm əsərini 18 milyon dollara satıb.
O qeyd edib ki, xoşbəxt və uğurlu həyatın əsas tərkib hissələri minnətdarlıq, təvazökarlıq və inamdır.
Dünyanın Rembrandt van Reyninə aid ən böyük şəxsi incəsənət kolleksiyasına sahib olan Kaplan bu açıqlamaları Nyu-Yorkda “Sotheby’s” hərracında baş tutan satışdan əvvəl verib.
Minnətdar olun və güclü tərəflərinizi bilin
Kaplan “Business Insider”ə verdiyi müsahibədə həyatla bağlı üç tövsiyəsini bölüşüb.
Ultra varlı ailədə böyümələrinə baxmayaraq, övladlarını necə təvazökar saxladığına dair suala Kaplan cavab verib ki, uşaqları “sadəcə pula motivasiya olunmayıb”.
“Nə zinət, nə sosial media, nə bahalı maşınlar, saatlar və ya var-dövlətin hər hansı simvolu – heç biri yoxdur”, – deyə o vurğulayıb.
Kaplan onlara insanlara yardım etməyin və minnətdarlığın əhəmiyyətini öyrətdiyini bildirib. Onun fikrincə, “xoşbəxtliyin əsas şərti minnətdar həyat tərzidir”.
“Onlar bilməlidirlər ki, əgər sən nankor bir insansansa, həm bədbəxt olacaqsan, həm də buna layiqsən”, – Kaplan deyib.
O həmçinin, insanın öz bilik sərhədlərini qəbul etməsinin və dərin başa düşmədiyi məsələlər barədə fikir yürütməkdən çəkinməsinin vacibliyini vurğulayıb. Uorren Baffet bunu “kompetensiya dairəsində qalmaq” kimi təsvir edir.
“‘Bilmirəm’ deməkdən qorxmayın. Etibar çətin qazanılır, asan itirilir”, – deyə Kaplan bildirib.
“NovaGold Resources” şirkətinin idarə heyətinin sədri əlavə edib ki, insanlar onu müəyyən mövzularda ekspert kimi qəbul edirlər və bu etibarı “məsuliyyətsiz şəkildə” itirmək istəmir.
“O qədər intizamlı olun ki, sizdən nəsə soruşulduqda, mütləq cavab verməyə məcbur olduğunuzu düşünməyəsiniz”, – Kaplan deyib.
Onun sonuncu tövsiyəsi isə bununla bağlı olub: əgər bir sahəni dərindən bilirsinizsə və ya hansısa aktivi yaxşı anlayırsınızsa, bu zaman inamla hərəkət edin.
“Əgər uduzacaqsınızsa, heç olmasa, bu qərar səthi yox, düşünülmüş olsun”– deyə o bildirib.
“Nisbətən üstünlüyünüz varsa, əlinizdən gələni əsirgəməyin. Yoxdursa, o sahədə iştirak etməyin”, – Kaplan sözlərinə əlavə edib.
Tənzilə Ağabalayeva