Redaktor
Gələn il inflyasiya nə qədər olacaq?
"Gələn il üçün inflyasiya göstəricilərinə müxtəlif amillərin təsir edəcəyini nəzərə alsaq, təxminən 2025-ci ildəki səviyyədə olacağını proqnozlaşdırmaq olar".
Valyuta.az xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov söyləyib. O bildirib ki, burada bir neçə əsas şərt var:
"Ən önəmli məsələlərdən biri manatın dollar qarşısında kursudur. Əgər manatın kursu sabit qalarsa, bu, inflyasiyaya müsbət təsir göstərəcək. Digər tərəfdən, dünyada idxal inflyasiyası ümumiyyətlə səngiyib. Yəni qlobal qiymət artımları zəiflədiyi üçün idxal inflyasiyasından güclü təzyiq gözlənilmir, bir şərtlə ki, gömrük rüsumlarında artım olmasın. Əgər gömrük rüsumları artırılarsa, bu, məhsulların qiymətinə təsir göstərərək inflyasiya təzyiqini yüksəldə bilər".

Ekspertin sözlərinə görə, digər önəmli məqamlardan biri budur ki, bu ilə nisbətən gələn il xərclərin ciddi şəkildə artmayacağı gözlənilir:
"Üstəlik, əhalinin də xərcləmələrdə daha ehtiyatlı davranacağı proqnozlaşdırılır. Bu da inflyasiyanı tətikləməyən, əksinə, sabitləşdirən amildir. Lakin unutmaq olmaz ki, inflyasiya təkcə məhsul qiymətlərinin artımı ilə bağlı deyil. Burada valyutanın dəyərdən düşməsi məsələsi də mühüm rol oynayır. Hər halda düşünürəm ki, Azərbaycan manatının ciddi şəkildə dəyərdən düşməsi üçün əsas yoxdur. İstənilən halda manat–dollar kursu həlledici faktorlardan biridir. Alıcılıq qabiliyyəti, xərclərin artmaması kimi amillər də vacibdir. Bütün bunlar nəticə etibarilə biznes mühitinə təsir edir. Ona görə də biznes mühitinin genişləndirilməsi və məşğulluğun artırılması üçün ciddi addımlar atılmalıdır ki, ölkə idxal inflyasiyasının mənfi təsirlərindən yan keçə bilsin və ya bu təsirlərə daha az məruz qalsın".
E.Sadıqov qeyd edib ki, mövcud vəziyyət dəyişməzsə, yəni neft qiymətləri hazırkı səviyyədə qalsa, devalvasiya baş verməsə (ki hazırda bunun ehtimalı aşağıdır), neft bazarında uzunmüddətli çöküş və ya qlobal miqyasda müharibə kimi ciddi şoklar olmasa, Azərbaycanda inflyasiya rəsmi olaraq təxminən 6% civarında qala bilər:
"Amma nəzərə almaq lazımdır ki, rəsmi inflyasiya göstəricisi ilə əhalinin hiss etdiyi inflyasiya arasında fərq var. Əhali daha az çeşiddə, əsasən zəruri məhsullar aldığı üçün həmin məhsullardakı qiymət artımını daha kəskin hiss edir. Ona görə də bəzən inflyasiyanın 6% səviyyəsində qalacağı deyildikdə “qiymətlər artıb” kimi yanlış düşüncələr yaranır. Sadəcə bəzi sahələrdə, xüsusən ərzaqda inflyasiya yüksək olur, digər sahələrdəki aşağı göstəricilər isə bunu kompensasiya edir. Ümumilikdə isə qeyd olunan amilləri nəzərə alsaq, 2026-cı ilin inflyasiya göstəricilərinin 2025-ci ilə yaxın səviyyədə olacağı gözlənilir".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər61 min manat vergi borcu olan şirkət ləğv olunur
15.12.2025Azərbaycanda kolbasa istehsalı artıb
15.12.2025Bu şəxslərə əlavə 150 manat maaş hesablanacaq
15.12.2025İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
15.12.2025Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
15.12.2025Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı
15.12.2025Alkoqolsuz içki istehsalı artıb
15.12.2025Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi
15.12.2025Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
15.12.2025Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə
15.12.2025