Redaktor
"Universal"ın yeni "Minions" filmi debütdə 61,4 milyon dollar gəlir əldə edib
"Universal Pictures"ın təqdim etdiyi "Minions & Monsters" animasiya filmi ABŞ və Kanadada həftəsonunun ən çox gəlir gətirən filmi olub.
Valyuta.az xəbər verir ki, ekran əsəri nümayişinin ilk həftəsonunda 61,4 milyon ABŞ dolları kassir gəliri əldə edib.
Animasiya franşizasının yeddinci filmi olan "Minions & Monsters" 1920-ci illərdə "Minions" qəbiləsinin Hollivuddakı macəralarından bəhs edir. Filmdə iki yeni personaj canavar filmi çəkmək üçün qrupdan ayrılır, lakin hadisələr gözlənilməz istiqamətdə inkişaf edir.
Filmin prodüseri Kris Meledandrinin rəhbərlik etdiyi "Illumination" studiyası, distribütoru isə "Universal Pictures"dır.
2010-cu ildə ilk "Despicable Me" filminin nümayişindən bəri franşiza dünya üzrə kinoteatrlarda 5,6 milyard ABŞ dollarından çox gəlir əldə edib.
Yeni film 2015-ci ildə ilk həftəsonunda 115,7 milyon ABŞ dolları qazanan "Minions" filminin rekordunu təkrarlaya bilməsə də, "Illumination"un animasiya sənayesində uğurlu mövqeyini qoruduğunu bir daha nümayiş etdirib.
Həftəsonunun kassir gəlirlərinə görə ikinci yerdə "Toy Story 5", üçüncü yerdə isə "Young Washington" filmi qərarlaşıb.
Tənzilə Ağabalayeva