Redaktor
Sürücü bir taksi şirkətində 8 saat işləyir, sonra digər şirkətə keçir - Qanun icazə verir?
Qaydalara görə, taksi sürücüləri gün ərzində 8 saatdan çox işləməməlidir. Lakin praktikada belə bir problem var. Sürücü bir taksi şirkətində 8 saatlıq limitini bitirib bloklananda, dərhal digər şirkətin tətbiqini açır və işə davam edir. Bəs bu nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Valyuta.az-a bildirib ki, texniki baxımdan bu prosesin monitorinqini aparmaq üçün artıq ölkədə lazımi infrastruktur mövcuddur:
“Artıq Azərbaycanda belə vahid bir sistem, “e-Taksi” sistemi mövcuddur. Bu platforma vasitəsilə bütövlükdə taksi fəaliyyətinin ümumi monitorinqini aparmaq, gedişləri və sürücülərin fəaliyyətini izləmək tamamilə mümkündür. Əgər vahid sistem üzərindən tam inteqrasiya təmin olunarsa, sürücünün bütün tətbiqlərdəki ümumi iş saatı 8 saatı keçən kimi avtomatik olaraq onun bütün profillərinin eyni anda bloklanması mexanizmini də qurmaq olar. Belə bir mexanizmin tam tətbiqi və işlək vəziyyətə gətirilməsi isə müəyyən bir zaman kəsiyi aparacaq”.

Ekspert vurğulayır ki, bir şirkətdə bloklanan sürücünün ümumiyyətlə fəaliyyətdən uzaqlaşdırılması məsələsinə hüquqi və fərdi azadlıqlar müstəvisindən həssas yanaşmaq lazımdır:
“Taksi fəaliyyəti ilə məşğul olan vətəndaş istədiyi taksi operatorları ilə çalışa bilər. Burada həm müxtəlif taksi şirkətləri, həm də müstəqil şəkildə fəaliyyət göstərmək variantları var və qanunvericilik tərəfindən sürücüyə hər hansı bir məhdudiyyət qoyulmur. Bir taksi şirkəti və ya operatoru sürücünü daxili qaydalara görə bloklayıbsa, bu, o demək deyil ki, o, ümumiyyətlə taksi fəaliyyəti ilə məşğul ola bilməz. Müvafiq korporativ və ya şəxsi problemlərə görə müvafiq qurumun sürücünü ümumiyyətlə taksi fəaliyyətindən kənarlaşdırması doğru yanaşma deyil”.
Ekspertin sözlərinə görə, sürücünün sistemdən tamamilə uzaqlaşdırılması yalnız qanunla müəyyən edilmiş ciddi meyarlar pozulduqda baş verə bilər:
“Amma sürücünün fəaliyyətində konkret böyük, sistemli problemlər çıxarsa, o, taksi fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulan lazımi kriteriyalara cavab verməzsə, sənədləri qaydasında olmazsa və ya müəyyən edilmiş hüquqi qaydaları kobud şəkildə pozarsa, bu zaman o, ümumiyyətlə taksi fəaliyyətindən kənarlaşdırıla bilər. Belə hallarda sürücüyə bu fəaliyyət üçün icazə sənədləri verilməyə bilər və yaxud da mövcud sənədlərə xitam verilə bilər. Yalnız belə olan halda o, artıq ölkə ərazisində taksi fəaliyyəti ilə məşğul olmaq imkanını itirir”.
Hüquqşünas Ramil Süleymanov bildirib ki, taksi sürücüsünün iş saatları onun taksi şirkəti ilə hansı hüquqi münasibətdə olmasından asılıdır:
“Əgər taksi sürücüsü şirkətlə əmək müqaviləsi bağlayırsa, onun üçün müəyyən edilmiş iş saatları olur və həmin saatlara uyğun əməkhaqqı ödənilir. Belə hallarda sürücünün iş vaxtı qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir.
Lakin sürücü fərdi sahibkar kimi fəaliyyət göstərirsə və taksi şirkəti yalnız operator xidməti göstərərək müştərilərin tapılması və sifarişlərin yönləndirilməsi funksiyasını yerinə yetirirsə, burada artıq əmək münasibəti deyil, mülki-hüquqi münasibət yaranır. Bu halda sürücü nə qədər işləyəcəyini, nə qədər xidmət göstərəcəyini və nə qədər gəlir əldə edəcəyini özü müəyyən edir”.

Hüquqşünasın sözlərinə görə, sürücülərin həddindən artıq işləməsinin qarşısını almaq və onların hüquqlarını qorumaq üçün operator şirkətləri tərəfindən müəyyən məhdudiyyətlərin tətbiq edilə bilər:
“İstənilən halda sürücülərin hüquqlarının pozulmaması üçün operator şirkətləri tərəfindən müəyyən limitlər tətbiq olunmalıdır. Əks təqdirdə, bu qaydaları pozan sürücülərlə bağlı inzibati tədbirlər görülməsi və ya onların daha komfortlu şəraitdə işləməsi üçün şirkətlər tərəfindən tətbiq edilən xidmət haqları və komissiya faizlərinin aşağı salınması kimi mexanizmlər nəzərdən keçirilə bilər. Məqsəd sürücülərin daha uzun saatlar işləməyə məcbur qalmamasını təmin etməkdir”.
Rəfiqə Abdin