Redaktor
Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi
Startap qurmaq istəyən sahibkarların qarşılaşdığı ilk problemlərdən biri bank hesabı açmaq və maliyyə əməliyyatlarını idarə etməkdir. ABŞ-da da uzun illər ərzində ənənəvi bank sisteminin mürəkkəb prosedurları, çoxsaylı sənədləşmə tələbləri və ləng xidmətləri erkən mərhələli startaplar üçün ciddi çətinlik yaradırdı.
Valyuta.az xəbər verir ki, məhz bu problemi həll etmək məqsədilə yaradılan "Mercury" bu gün dünyanın ən sürətlə böyüyən fintech şirkətlərindən biri hesab olunur.
"Mercury" 2017-ci ildə İmmad Axund (Immad Akhund), Ceyson Çjan (Jason Zhang) və Maks Taqer (Max Tagher) tərəfindən təsis edilib.
Şirkətin yaranma ideyası İmmad Axundun əvvəlki sahibkarlıq təcrübəsindən doğub. O, mobil reklam texnologiyası sahəsində fəaliyyət göstərən Heyzap startapının həmtəsisçisi idi. Şirkəti idarə etdiyi dövrdə bank köçürmələri, hesabların açılması və maliyyə əməliyyatlarının idarə olunması üçün xeyli vaxt sərf etdiyini görüb.
"Heyzap" satıldıqdan sonra İmmad Axund mələk investor kimi yüzlərlə startap qurucusu ilə görüşüb. Bu söhbətlər zamanı demək olar ki, hamısının eyni problemdən şikayət etdiyini müəyyənləşdirib: ənənəvi bank xidmətləri sürətlə inkişaf edən startapların ehtiyaclarına uyğun deyildi.
Bu müşahidələr nəticəsində qurucular yalnız startaplar və texnologiya şirkətləri üçün nəzərdə tutulan rəqəmsal bank platforması yaratmağa qərar veriblər.
"Mercury" fiziki filiallardan istifadə etmir. Platforma sahibkarlara onlayn bank hesabı açmaq, korporativ kartlardan istifadə etmək, beynəlxalq köçürmələri həyata keçirmək və şirkətin maliyyəsini vahid platformadan idarə etmək imkanı təqdim edir.
Şirkət 2019-cu ildə "Y Combinator" akselerasiya proqramının məzunlarından biri olub. Bu proqramda iştirak "Mercury"nin investorlar və texnologiya ekosistemi arasında tanınmasına mühüm töhfə verib.
" Mercury" sonrakı illərdə sürətlə böyüməyə davam edib. Şirkət indiyədək yüz milyonlarla dollar investisiya cəlb edib. 2025-ci ildə keçirilən son maliyyələşdirmə raundunda 300 milyon ABŞ dolları investisiya əldə edən şirkətin bazar dəyəri 3,5 milyard ABŞ dollarına yüksəlib.
Şirkətin açıqladığı göstəricilərə görə, 2024-cü ildə "Mercury" platforması vasitəsilə 156 milyard ABŞ dolları həcmində maliyyə əməliyyatı həyata keçirilib. Platforma hazırda 200 mindən çox şirkətə xidmət göstərir və illik gəliri təxminən 500 milyon ABŞ dolları təşkil edir.
"Mercury"nin hekayəsi göstərir ki, uğurlu startap ideyaları bəzən tamamilə yeni məhsul yaratmaqdan deyil, sahibkarların hər gün qarşılaşdığı real problemləri daha sürətli və rahat şəkildə həll etməkdən doğur. Qurucuların öz təcrübələrindən çıxış edərək hazırladığı platforma qısa müddətdə qlobal startap ekosisteminin ən tanınmış maliyyə texnologiyası şirkətlərindən birinə çevrilib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSəhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO
07.07.2026Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"
07.07.2026Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb
07.07.2026