Redaktor
Rəhbər işdən çıxanda, ondan bir pillə aşağı vəzifədəki şəxs onun yerinə gətirilməlidir?
Bir çox təşkilatlarda rəhbər vəzifəsi boşaldıqda həmin şəxsdən bir pillə aşağı vəzifədə çalışan əməkdaş özünü ən real namizəd hesab edir. Lakin hər zaman gözlənilən baş vermir və şirkət rəhbər vəzifəyə kənardan namizəd cəlb edir. Bu zaman həmin şəxslərin çoxu işdən ayrılır, çünki vəzifəyə özlərinin daha çox layiq olduqlarını düşünürlər.
Bəs belə hallarda işçi təşkilatı tərk etməlidirmi? Rəhbərdən sonrakı şəxs hər zaman düşünməlidirmi ki, rəhbər çıxsa, onun yerinə gələ bilər?
İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirib ki, bu, təşkilati davranışda tez-tez rast gəlinən, lakin kifayət qədər müzakirə olunmayan hallardan biridir:
“Bəzən buna varis olma gözləntisi də deyilir. Gözləntinin doğrulmaması avtomatik olaraq işdən ayrılmaq üçün əsas olmamalıdır. Əvvəlcə təşkilatın seçimin səbəblərini nə dərəcədə şəffaf izah etdiyi, yeni rəhbərlə işləmək imkanları və şirkətdə gələcək inkişaf perspektivləri qiymətləndirilməlidir”.
Onun sözlərinə görə, emosional qərar vermək əvəzinə vəziyyəti müəyyən müddət ərzində müşahidə etmək daha doğru yanaşmadır:
“İncikliklə verilən qərar əvəzinə 3-6 aylıq bir qiymətləndirmə dövrü daha sağlam seçimdir. Bu müddətdə yeni rəhbərlə əməkdaşlıq imkanlarını və real inkişaf perspektivini dəyərləndirmək, yalnız bundan sonra qərar vermək daha məqsədəuyğundur”.

Ekspert vurğulayıb ki, rəhbərdən sonra gələn əməkdaşın avtomatik olaraq özünü növbəti rəhbər hesab etməsi düzgün yanaşma deyil:
“Vəzifə iyerarxiyası avtomatik yüksəliş zənciri demək deyil. Bir pillə aşağı vəzifədə işləmək həmin şəxsin rəhbərlik üçün tələb olunan bütün bacarıqlara malik olması anlamına gəlmir. Sağlam yanaşma odur ki, əməkdaş özünü labüd varis kimi deyil, güclü daxili namizədlərdən biri kimi görsün”.
Abid Səmədov bildirib ki, rəhbər vəzifəsi boşaldıqda həmin vəzifəyə mütləq daxili namizədin təyin olunması da doğru yanaşma sayılmır:
“Ən uğurlu təşkilatlar varislik planlamasını yalnız bir nəfər üzərində qurmurlar. Bəzən şirkətin yeni baxışa, fərqli təcrübəyə və ya strateji dəyişiklikləri həyata keçirə biləcək rəhbərə ehtiyacı olur. Bu səbəbdən kənardan namizədin seçilməsi tamamilə əsaslandırılmış qərar ola bilər”.
Ekspert əlavə edib ki, həm işçilər, həm də təşkilatlar bu məsələdə gözləntiləri düzgün idarə etməlidirlər:
“İşçi vəzifəni haqq kimi deyil, hədəf kimi görməlidir. Hazırlaşmaq lazımdır, amma nəticəni əvvəlcədən təmin olunmuş hesab etmək olmaz. Təşkilatlar isə seçim meyarlarını şəffaf şəkildə izah etməli, seçilməyən əməkdaşlarla fərdi söhbətlər apararaq onların gələcək inkişaf yollarını göstərməlidirlər. Çünki əksər hallarda insanları məyus edən nəticənin özü deyil, həmin qərarın səbəbsiz qalmasıdır”.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSəhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO
07.07.2026Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"
07.07.2026Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb
07.07.2026