Redaktor
Həyatda uğur qazanmaq üçün nə lazımdır?
Öyrənməyə açıq olan insan həyat boyu müxtəlif mənbələrdən bilik və təcrübə qazanır. Bu biliklər müəllimlərdən, mentorlardan, kouçlardan, iş mühitindən və internet resurslarından əldə oluna bilər. Ən dəyərli dərslər isə təkcə uğurlardan deyil, həm də uğursuzluqlardan çıxarılan nəticələrdən formalaşır. Hər bir təcrübə insanın inkişafına töhfə verir və onu gələcək qərarlarında daha düşünülmüş addımlar atmağa sövq edir.
Aşağıda uğurun təməl prinsipləri qeyd edilib:
Uğurun ilk şərti cəsarətdir
Uğura aparan yol asan deyil. Bu yolda insan müxtəlif maneələrlə qarşılaşır, uğursuzluqlar yaşayır və bəzən ən çətin sınaqlardan keçir. Məhz belə anlarda məqsədindən vaz keçməmək və gələcəyə inamını qorumaq vacibdir.
Mövcud vəziyyət nə qədər mürəkkəb görünsə də, irəliləmək üçün güc və iradə tapmaq lazımdır. Bəzən inkişaf əvvəlkindən daha yavaş ola bilər, lakin əsas məsələ dayanmaq deyil. Hər uğursuzluq yeni təcrübə, hər çətinlik isə insanı daha möhkəm edən bir həyat dərsidir.
Peşəkarlıq uğurun əsas dayaqlarından biridir
Hər kəsin elmi dərəcə alması vacib deyil. Əsas olan seçilmiş sahədə bilik və bacarıqları davamlı şəkildə inkişaf etdirməkdir. İnsan öz təhsilinə və peşəkar inkişafına yatırdığı sərmayənin bəhrəsini uzunmüddətli perspektivdə görür.
Bu səbəbdən maraq və qabiliyyətlərə uyğun təhsil və inkişaf istiqaməti seçmək xüsusi əhəmiyyət daşıyır. Düzgün seçim həm vaxt, həm maliyyə, həm də əmək itkisinin qarşısını alır. Hansı peşənin və ya fəaliyyət sahəsinin daha uyğun olduğunu müəyyənləşdirməkdə çətinlik yaranarsa, peşəkar karyera məsləhəti almaq faydalı ola bilər.
Bununla yanaşı, yaş heç vaxt inkişaf üçün maneə hesab edilməməlidir. İnsan istənilən yaşda yeni biliklər əldə edə, yeni peşəyə yiyələnə və həyatında yeni mərhələyə başlaya bilər.
Qətiyyət məqsədə aparan gücdür
İnsan öz dəyərlərini və prinsiplərini qorumaq istədikdə hər zaman dəstək görməyə bilər. Fikirləriniz ətrafınızdakı insanlar, hətta ailə üzvləriniz tərəfindən belə qəbul edilməyə bilər. Lakin bu, məqsədlərdən imtina etmək üçün əsas deyil.
Eyni zamanda, qətiyyət kor-koranə israr etmək demək deyil. Düzgün qərar vermək üçün araşdırma aparmaq, vəziyyəti obyektiv qiymətləndirmək və riskləri nəzərə almaq vacibdir. Düşünülmüş qərarlar və prinsiplərə sadiqlik insanın qarşısına çıxan maneələri aşmasına kömək edir.
Məqsəd insanın ən böyük motivasiya mənbəyidir
Uğurlu insanların əksəriyyətini birləşdirən əsas xüsusiyyət onların aydın məqsədə sahib olmalarıdır. İnsan nə üçün çalışdığını və hansı nəticəyə çatmaq istədiyini bildikdə, çətinliklər qarşısında daha dözümlü olur.
Bu məqsəd mütləq böyük bir hadisədən və ya həyatdakı çətin təcrübədən doğmamalıdır. Əsas olan insanın fəaliyyətinə məna verən səbəbi müəyyən etməsidir. Aydın məqsəd cəsarəti möhkəmləndirir, peşəkarlığın inkişafına stimul yaradır və qətiyyətlə irəliləməyə kömək edir.
Tənzilə Ağabalayeve