Redaktor
"SpaceXAI" "Grok 4.5" modelini təqdim edib
"SpaceXAI" süni intellekt sahəsində yeni nəsil modeli olan "Grok 4.5"i rəsmi olaraq təqdim edib. Bu, şirkətin bir neçə həftə əvvəl birjaya çıxmasından sonra istifadəyə verilən ilk süni intellekt modelidir.
Valyuta.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, "Grok 4.5" proqramlaşdırma, tətbiqlərin hazırlanması, ofis və inzibati işlər, tədqiqat, mətn yazılması və digər gündəlik bilik əsaslı tapşırıqları yerinə yetirmək üçün hazırlanıb.
"SpaceXAI" bildirir ki, model həm yüksək performans, həm də daha aşağı əməliyyat xərcləri ilə fərqlənir.
Şirkətin iddiasına görə, "Grok 4.5" rəqib modellərlə müqayisədə iki dəfə yüksək token səmərəliliyinə malikdir.
Bu isə eyni həcmdə işi daha az hesablama resursu ilə yerinə yetirməyə imkan verir və istifadəçilərin xərclərini azalda bilər. Token qiymətlərinin son dövrlərdə artması fonunda bu xüsusiyyət bazarda mühüm üstünlük kimi qiymətləndirilir.
"SpaceXAI" yeni modelin performans nəticələrini də açıqlayıb. Şirkətin təqdim etdiyi müqayisələrə əsasən, "Grok 4.5" bazarın aparıcı süni intellekt modelləri ilə rəqabət apara bilir, baxmayaraq ki, bəzi göstəricilər üzrə hələ də ən yüksək nəticə əldə edən modellərdən bir qədər geri qalır.
"SpaceXAI"nin təsisçisi İlon Mask "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada "Grok 4.5"i "Anthropic" şirkətinin mürəkkəb tapşırıqlar üçün hazırladığı "Opus" modeli ilə müqayisə edib.
Mask bildirib ki, beta sınaqlarında iştirak edən istifadəçilərdən alınan müsbət rəylər nəzərə alınaraq model ictimai istifadəyə təqdim olunur.
"Bu, "Opus" səviyyəli modeldir, lakin daha sürətli işləyir, token baxımından daha səmərəlidir və daha aşağı xərc tələb edir", – deyə İlon Mask qeyd edib.
O, daha sonra əlavə edib ki, şirkətin daxili qiymətləndirməsinə əsasən, "Grok 4.5" imkanlarına görə təxminən "Opus 4.7" ilə müqayisə oluna bilər. Bununla yanaşı, model daha yüksək işləmə sürəti və aşağı qiyməti sayəsində bazarda rəqabət üstünlüyü qazanır.
"SpaceXAI" yeni model üçün qiymətləri də açıqlayıb.
Belə ki, 1 milyon giriş tokeninin dəyəri 2 ABŞ dolları, 1 milyon çıxış tokeninin qiyməti isə 6 ABŞ dolları müəyyən edilib.
Müqayisə üçün, "Anthropic" şirkətinin "Opus 4.7" modeli 1 milyon giriş tokeni üçün 5 ABŞ dolları, 1 milyon çıxış tokeni üçün isə 25 ABŞ dolları tələb edir.
"OpenAI"nin qiymət siyasətinə görə isə ən bahalı model olan "Sol" üçün bu göstəricilər müvafiq olaraq 5 və 30 ABŞ dolları təşkil edir.
Şirkətin ən sərfəli modeli olan "Luna" isə 1 milyon giriş tokeni üçün 1 ABŞ dolları, çıxış tokeni üçün isə 6 ABŞ dollarına təqdim olunur.
Qeyd edək ki, süni intellekt sektorunda bu həftə yeni modellərin təqdimatı baxımından olduqca əlamətdardır. "OpenAI"nin də yaxın günlərdə ən yeni və ən güclü modeli hesab edilən "GPT 5.6"nı təqdim edəcəyi gözlənilir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026