Redaktor
Seçdiyiniz rəng brendiniz haqqında nə deyir? - SƏHƏR OXUSU
Bir çox şirkət loqo və vizual üslub hazırlayarkən rəngi sadəcə estetik seçim kimi qəbul edir. Halbuki marketinq mütəxəssisləri bildirir ki, rəng istehlakçının şüuraltına təsir edən ən güclü amillərdən biridir. Doğru rəng brendi etibarlı, premium və ya innovativ kimi təqdim edə bildiyi halda, yanlış rəng seçimi məhsul və ya xidmət barədə tam əks təsəvvür yarada bilər.
Marketinq mütəxəssisləri şirkətlərin brend quruculuğunda rəng seçiminin böyük rol oynadığını bildirirlər.
Araşdırmalara görə, müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər bəzi rənglərdən xüsusilə çəkinməlidirlər.
Valyuta.az şirkətlər üçün rəng seçiminin görünməyən tərəflərini açıqlayır.
Maliyyə sektorunda qırmızıdan istifadə tövsiyə olunmur
Qırmızı rəng çox vaxt risk, borc və ya itki ilə əlaqələndirilir. Banklar, sığorta və investisiya şirkətləri üçün daha uyğun seçim mavi və yaşıl tonları hesab olunur. Bu rənglər sabitlik və etibarlılıq hissi yaradır.
Pərakəndə satışda narıncı və qara kombinasiyası yanlış assosiasiya yarada bilər
Narıncı və qara rəng ilboyu fəaliyyət göstərən brendlər üçün uyğun deyil və müştəridə yanlış təsəvvür formalaşdıra bilər.
Lüks brendlər üçün sarı rəng risklidir
Sarı rəng enerjili və diqqətçəkən olsa da, premium seqmentdə ucuzluq hissi yarada bilər. Lüks markalar daha çox qızılı, qara və ya tünd tonlara üstünlük verməlidir. Bu rənglər eksklüzivlik və yüksək keyfiyyət mesajı verir.
Qida sektorunda mavi rəng iştahı azalda bilər
Mavi rəng təbii qidalarda nadir rast gəlinir və psixoloji olaraq iştahanı zəiflədə bilər. Restoran və qida brendlərinin qırmızı, sarı və ya torpaq tonlarından istifadə etməsi daha effektiv hesab olunur.
Əyləncə sənayesində boz rəng enerjini azaltır
Boz rəng sakit və passiv təsir bağışladığı üçün media, musiqi və oyun sektorunun dinamik xarakteri ilə uyğunlaşmır. Bu sahədə parlaq və canlı rənglər daha çox diqqət çəkir və emosional əlaqə yaradır.
Rəng seçimi məhsulun mahiyyətinə uyğun olmalıdır
Mütəxəssislər bildirirlər ki, məhsul və ya xidmətin xüsusiyyətləri ilə uyğunlaşmayan rəng seçimi brendin qəbuluna mənfi təsir göstərir. Məsələn, təbii və ekoloji məhsullar üçün təbiətdə mövcud olmayan parlaq rənglərdən istifadə istehlakçıda inamsızlıq yarada bilər.
Eyni zamanda, güclü və iddialı məhsulların təqdimatında zəif tonların seçilməsi brend mesajını zəiflədə bilər. Belə hallarda daha cəsarətli rənglər məhsulun xarakterini daha düzgün əks etdirir.
Sərvanə Rəmixanova