Redaktor
Robototexnika şirkəti 85 milyon dollar investisiya aldı
Barselona mərkəzli süni intellekt və robototexnika şirkəti “Theker” A seriyası investisiya turunda 85 milyon dollar investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, “CRV”nin rəhbərlik etdiyi raundda “Samsung”, “LVMH”, “Cathay Innovation”, “20VC” və “Henkel Ventures” iştirak edib.
2022-ci ildə təsis edilən “Theker” sənaye mühitləri üçün süni intellekt əsaslı ümumi təyinatlı robotlar hazırlayır. Şirkətin robotları ənənəvi sənaye robotlarından fərqli olaraq müxtəlif tapşırıqlara uyğunlaşdırıla bilir və yenidən proqramlaşdırma tələb etmədən dəyişən şəraitə uyğun fəaliyyət göstərir.
Robotların qolları, tutucu hissələri və ümumi quruluşu görüləcək işə uyğun dəyişdirilə bilir. Bu texnologiya bağlamaların çeşidlənməsi, geyimlərin qablaşdırılması, eləcə də şüşə və metal qabların daşınması kimi müxtəlif əməliyyatlarda istifadə olunur.
“Theker” bundan əvvəl, 2025-ci ilin iyulunda keçirilən toxum investisiya turunda 18 milyon avro (21 milyon dollar) maliyyə vəsaiti əldə etmişdi. Şirkət yeni investisiyanı texnologiyalarının inkişafına, sənaye layihələrinin genişləndirilməsinə və komandasının böyüdülməsinə yönəltməyi planlaşdırır.
Şirkətin həmtəsisçisi Karla Qomes Kanonun sözlərinə görə, “Theker” artıq 15 min iş müraciəti qəbul edib və əməkdaşların sayı ilin sonuna qədər 120 nəfərə çata bilər.
Mayya Hüseynova