Redaktor
Qayalara dırmanarkən istifadə etdiyi alətlərin keyfiyyətindən narazı qalıb, brendini qurdu
Bir çox şirkət pul qazanmaq üçün işləyir. Bəziləri isə dünyanı dəyişmək üçün. "Patagonia" ikinci kateqoriyaya aid nadir brendlərdəndir. Dağçılıq alətləri hazırlayan kiçik bir emalatxanadan başlayan bu şirkət bu gün milyardlarla dollar dəyəri olan qlobal geyim markasına çevrilib. Amma "Patagonia"nın ən maraqlı tərəfi onun nə qədər böyüməsi deyil, qazandığı pulu planetin xilası üçün istifadə etməsidir. Bəs necə oldu ki, bir alpinistin hobbi layihəsi biznes tarixində ən qeyri-adi şirkətlərdən birinə çevrildi?
Valyuta.az "Patagonia"nın necə brendə çevrildiyini təqdim edir:
Dünyaca məşhur açıq hava (outdoor) geyim brendi "Patagonia"nın əsası təsadüfi biznes ideyası ilə deyil, gənc bir alpinistin macəra həvəsi ilə qoyulub. Şirkətin qurucusu Yvon Şuinard (Yvon Chouinard) hələ 1953-cü ildə, cəmi 14 yaşında olarkən qayayadırmanma ilə tanış olub və bu maraq sonradan qlobal miqyaslı bir brendin formalaşmasına səbəb olub.
Şuinard gənclik illərində Kaliforniyada qayalara dırmanarkən istifadə olunan alətlərin keyfiyyətindən narazı qalaraq onları özü hazırlamağa başlayıb. 1957-ci ildə köhnə dəmirçi avadanlıqları alaraq metal emalını öyrənib və ilk dırmanma alətlərini istehsal edib. O, bu alətləri avtomobilinin arxasından sataraq fəaliyyətini kiçik miqyaslı biznesə çevirib.
1965-ci ildə Tom Frost ilə birlikdə "Chouinard Equipment" şirkətini yaradan Şuinard qısa müddətdə ABŞ-da dırmanma avadanlıqlarının ən böyük təchizatçılarından birinə çevrilib. Şirkət alətlərin daha yüngül, möhkəm və funksional olması üçün demək olar ki, bütün dizaynları yenidən işləyib.
Lakin 1970-ci illərdə şirkət mühüm bir problemlə üzləşib. İstehsal olunan metal alətlər qayalara zərər verirdi və bu, ətraf mühitə mənfi təsir göstərirdi. Şuinard və Frost bu problemi görərək ənənəvi alətlərin satışını azaltmaq və daha az zərərli alternativlərə keçmək qərarı veriblər. Beləliklə, çəkiclə vurulmadan qayaya yerləşdirilən alüminium “chock” adlı alətlər istehsala daxil edilib. Bu addım şirkətin ekoloji məsuliyyət prinsipinin ilk böyük nümunəsi sayılır.
Məhz bu yanaşma sonradan "Patagonia" brendinin əsas fəlsəfəsinə çevrildi. Şirkət yalnız geyim istehsal edən kommersiya qurumu olmaqla kifayətlənməyib, həm də ətraf mühitin qorunması, aktivizm və davamlı istehsal ideyalarını biznes modelinin mərkəzinə yerləşdirib.
Bu gün "Patagonia" yalnız (outdoor) geyim istehsalçısı deyil, həm də ekoloji məsuliyyət və sosial aktivliklə tanınan qlobal brend kimi fəaliyyət göstərir. Şirkət məhsullarına zəmanət verir, istifadə müddətini uzatmağa təşviq edir, ekoloji təşəbbüsləri maliyyələşdirir və gəlirlərinin bir hissəsini planetin qorunmasına yönəldir.
Beləliklə, sadə bir alpinistin öz alətlərini hazırlaması ilə başlayan hekayə, zamanla biznes və ekologiyanı birləşdirən unikal qlobal modelə çevrilib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“PAŞA Bank” bu il ödəyəcəyi dividendin məbləğini açıqlayıb
13.02.2026"Anthropic"in dəyəri 380 milyard dollara çatdı
13.02.2026Sənaye sahəsi üzrə biznes kredit portfeli artıb
13.02.2026Türk klubunun sahibi, azərbaycanlı iş adamı maaşları verə bilmir
13.02.2026