Redaktor
"National Grid" süni intellektin yaratdığı enerji tələbatına görə "Joulent"ə 2,98 milyard manat investisiya yatırır
Böyük Britaniyanın enerji şəbəkəsi operatoru "National Grid" süni intellektin sürətli inkişafı ilə əlaqədar artan enerji tələbatını nəzərə alaraq, ABŞ-də məlumat mərkəzləri üçün enerji infrastrukturu hazırlayan "Joulent" platformasının 35 faizlik payını almaq üçün 1,75 milyard ABŞ dolları (təxminən 2,98 milyard manat) həcmində investisiya yatıracağını açıqlayıb.
Valyuta.az xəbər verir ki, investisiya "Joulent"in ilk layihəsinin maliyyələşdirilməsinə dəstək verəcək. Layihə "Chevron" ilə 50/50 tərəfdaşlıq çərçivəsində ABŞ-nin Qərbi Texas bölgəsində inşa olunan, ümumi gücü 2,67 giqavat olan qazla işləyən elektrik stansiyasını əhatə edir.
Həmin stansiya 20 illik elektrik enerjisinin alqı-satqısı müqaviləsi əsasında "Microsoft" tərəfindən idarə olunan məlumat mərkəzi kampusunu enerji ilə təmin edəcək.
Bildirilib ki, "Kilby" adlanan layihə üçün "GE Vernova" istehsalı olan turbinlər də daxil olmaqla əsas avadanlıqlar artıq təmin edilib, mühəndislik və tikinti işləri üçün zəruri resurslar isə əvvəlcədən rezerv olunub.
Qeyd edək ki, layihənin 2028-ci ildən etibarən həyata keçirilməsi planlaşdırılır.
Rəfiqə Abdin