İnternetin atası Vinton Serf təqaüdə çıxır

Redaktor

01.07.2026 11:35
142

İnternetin atası Vinton Serf təqaüdə çıxır

"Google"un vitse-prezidenti və baş internet təbliğatçısı Vinton Serf gələn həftə vəzifəsindən ayrılacaq.

Bununla da internetin formalaşmasında mühüm rol oynamış ən tanınmış simalardan birinin uzunmüddətli peşəkar fəaliyyəti başa çatacaq.

Valyuta.az xəbər verir ki, bu barədə "Laude Institute" tərəfindən təşkil olunan "Open Frontier" konfransında məlumat verilib. Serf videobağlantı vasitəsilə tədbirə qoşularkən, onu RISC prosessor arxitekturasının həmmüəllifi, "Kaliforniya Universiteti, Berkli"nin professoru Deyv Patterson təqdim edib.

"Vint 20 ildən artıqdır ki, "Google"da çalışır. O, gələn həftə təqaüdə çıxır. Düşünürəm ki, belə uğurlu karyeranı alqışlamaq lazımdır", – deyə Patterson bildirib.

Xəbərin dərc olunduğu vaxta qədər "Google" şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Hazırda 83 yaşı olan Vinton Serf həmkarı Robert Kan ilə birlikdə müasir internetin əsasını təşkil edən şəbəkə protokollarının yaradıcılarından biri hesab edilir.

Onların 1970-ci illərdə hazırladıqları TCP/IP protokolu müxtəlif kompüter şəbəkələrinin bir-biri ilə əlaqə yaratmasını mümkün edib və internetin qlobal inkişafına zəmin yaradıb.

Serfin bu sahədə xidmətləri uzun illər ərzində yüksək qiymətləndirilib. O, çoxsaylı fəxri doktor adlarına, ABŞ Prezidentinin Azadlıq medalına və kompüter elmləri sahəsində ən nüfuzlu mükafatlardan biri olan Türinq mükafatına layiq görülüb.

Vinton Serf 2005-ci ildən "Google"da vitse-prezident və baş internet təbliğatçısı vəzifəsində çalışır.

Konfrans çərçivəsində keçirilən panel müzakirəsində Serflə yanaşı, "Keras" dərin öyrənmə kitabxanasının yaradıcısı və "Ndea"nın həmtəsisçisi Fransua Şolle, "Tcl" proqramlaşdırma dilinin müəllifi Con Osterhaut, "Databricks"in həmtəsisçisi və baş texnoloqu Matei Zaxariya, eləcə də Deyv Patterson iştirak ediblər.

Müzakirələr əsasən açıq mənbəli proqram təminatının gələcəyi və süni intellekt texnologiyalarının inkişafı ətrafında aparılıb.

İştirakçılar bildiriblər ki, qabaqcıl süni intellekt modellərinin azsaylı iri şirkətlərdə cəmləşməsi açıq internet fəlsəfəsindən fərqlənən yeni reallıq yaradıb.

Bununla belə, Serf hesab edir ki, süni intellekt agentlərinin geniş yayılması texnologiya şirkətlərini yenidən vahid standartların hazırlanmasına sövq edəcək.

"Fərqli mənbələrdən olan çoxsaylı agentlərin qarşılıqlı fəaliyyəti modulluğu, qarşılıqlı uyğunluğu və standartlaşdırmanı zərurətə çevirəcək", – deyə o bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu standartları ilk müəyyənləşdirən şirkətlər agent əsaslı süni intellekt ekosisteminin inkişafına ciddi təsir göstərə bilərlər.

Serf həmçinin hesab edir ki, süni intellekt agentləri arasında ünsiyyət üçün təbii dil kifayət etməyəcək.

"İngilis dilinin ən yaxşı seçim olduğunu düşünmürəm. Bu dil çevik olsa da, müəyyən qeyri-müəyyənlik yaradır. Agentlər arasında qarşılıqlı əlaqədə yüksək dəqiqlik vacibdir. Hər bir agent qarşı tərəfin razılaşdırılmış tapşırığı tam başa düşdüyünə əmin olmalıdır", – deyə o vurğulayıb.

O, fikrini uşaqlar arasında məşhur olan "telefon" oyunu ilə müqayisə edərək bildirib ki, mesaj bir neçə nəfər arasında ötürüldükdən sonra tamamilə dəyişə bilər və eyni problem süni intellekt agentlərinin yalnız təbii dildə ünsiyyət qurması zamanı da yarana bilər.

Panel zamanı Deyv Patterson Serfin illər boyu fərqli geyim tərzi ilə seçildiyini də xatırladıb.

"Mənim tanıdığım ən zövqlü geyinən kompüter alimi həmişə Vint olub. O, hələ 1970-ci illərdə aspirant olarkən belə köynək və qalstuk geyinirdi", – deyə Patterson bildirib.

Serf isə bunu təsdiqləyərək qeyd edib ki, fərqlənmək üçün uzun saç və ya qeyri-adi görünüş əvəzinə, sadəcə fərqli geyinməyi seçib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məşhur restoran 1,8 milyon manata satışa çıxarıldı

01.07.2026

"Google"dan iki yeni süni intellekt modeli: 4 saniyədə görüntü yaradır

01.07.2026

Xalis daxili aktivlər 2,8 milyard manat artıb

01.07.2026

İnternetin atası Vinton Serf təqaüdə çıxır

01.07.2026

"BlackRock", "Visa" və "Coinbase" birləşdi - Yeni sabit kriptovalyuta hazırlanır

01.07.2026
Qızıl girov qoyub kredit götürmək üçün "Yelo Bank", yoxsa "Expressbank" sərfəlidir?

Qızıl girov qoyub kredit götürmək üçün "Yelo Bank", yoxsa "Expressbank" sərfəlidir?

01.07.2026

Bu gündən Bakı kartın satış qiyməti artırılır

01.07.2026

İlin ilk yarısında rusiyalı milyarderlər 4,8 milyard dollar qazanıblar

01.07.2026

"Tarqovu"da aylıq 5 min manat qazandıran obyekt satışa çıxarıldı

01.07.2026

Azərbaycana rahat gələcəklər - Viza ləğv edilir

01.07.2026

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

01.07.2026

Bank əmanətlərinin ən böyük həcmi 5 regionun payına düşüb - CƏDVƏL

01.07.2026
Banklar "myGov" vasitəsilə vətəndaşların məşğulluq məlumatlarını niyə sorğulayır?

Banklar "myGov" vasitəsilə vətəndaşların məşğulluq məlumatlarını niyə sorğulayır?

01.07.2026

8 dostun hazırladığı kart oyunu necə milyonlarla dollarlıq biznes oldu?

01.07.2026

Asiyanın ikinci valyutası 40 ilin ən aşağı səviyyəsinə düşdü

30.06.2026

Göy üzündə yeni "savaş": "Rocket Lab" "Iridium"u satın alır

30.06.2026

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

Məzənnə

Yüklənir...