Redaktor
“Korporativ və intellektual təlimlər üçün ən effektiv vaxt 09:30-13:00 aralığıdır”
Təlim və seminarların təşkili zamanı auditoriyanın vaxt qrafikini düzgün tənzimləmək, dərslərin effektivliyinə birbaşa təsir edən ən mühüm amillərdən biridir. Azərbaycanda bu növ tədbirlər daha çox işdən sonra və həftə sonları təşkil olunduğu halda, beynəlxalq təcrübədə səhər saatlarına daha çox üstünlük verilir. Bəs təlimlərin keçirildiyi saatlar onun mənimsənilməsinə necə təsir edir?
Biznes təlimçi, “Karnegi Şəxsi İnkişaf Akademiyası”nın rəhbəri Dr. Nəcəf Allahverdiyev mövzu ilə bağlı Valyuta.az-a bildirib ki, təlim saatlarının seçimi ilə onun məqsədi arasında birbaşa və çox ciddi bir bağlılıq var:
“İnsan beyninin enerji, diqqət və emosional qəbul səviyyəsi gün ərzində dəyişir. Buna görə də təlimin məqsədi ilə saatı mütləq uyğunlaşdırmaq vacibdir. Analitik düşüncə, strategiya, planlama və xüsusi fokus tələb edən mövzular səhər saatlarında daha effektiv keçirilir. Çünki səhər beyin daha təmiz, diqqət isə pik nöqtədə olur. Kommunikasiya, motivasiya, natiqlik və komanda işi kimi emosional, interaktiv mövzular axşam saatlarında da eyni dərəcədə uğurlu ola bilir”.
Ekspert öz praktik təcrübəsinə əsaslanaraq, fərqli təlim növləri üçün ən məhsuldar zaman aralığını və həftənin uyğun günlərini vurğulayıb:
“Korporativ və intellektual təlimlər üçün ən effektiv vaxt 09:30–13:00 aralığıdır. Açıq qrup, şəxsi inkişaf və kommunikasiya təlimləri üçün 18:30–21:30 saatları daha uyğundur. Həftənin ən məhsuldar günləri isə çərşənbə axşamı, çərşənbə və cümə axşamıdır”.

Həmçinin o, həftənin ilk günü ilə bağlı insanlarda yaranan zehni yorğunluğun iş fəaliyyətinə təsir etdiyini bildirib:
“Bazar ertəsi insanlar hələ yeni iş ritminə uyğunlaşmağa çalışır, cümə günü isə zehin artıq psixoloji olaraq istirahət rejiminə keçdiyi üçün effektivlik aşağı düşə bilər”.
“İşdən sonra keçirilən təlimlərdə effektivlik mütləq aşağı olur” yanaşmasının doğru olmadığını deyən N.Allahverdiyev, burada əsas məsələnin düzgün metodologiya və enerji idarəçiliyi olduğunu vurğulayıb:
“Əgər təlim düzgün qurulmayıbsa, bəli, effektivlik aşağı olacaq. Peşəkar şəkildə strukturlaşdırılmış axşam təlimləri bəzən səhər proqramlarından daha effektiv olur. Çünki insanlar ora məcburiyyətlə yox, şəxsi inkişaf istəyi və güclü daxili motivasiya ilə gəlirlər. Mən öz təcrübəmdə dəfələrlə görmüşəm ki, axşam saat 19:00-da başlayan təlimdə iştirakçılar saat 22:00-a qədər böyük enerji ilə işləyirlər. Burada əsas məsələ saat yox, təlimçinin auditoriyanın enerjisini idarə edə bilməsidir”.
İşdən sonra fiziki olaraq məkana gələn, lakin zehni şəkildə hələ də iş masasında qalan iştirakçıları prosesə cəlb etmək üçün təlimçinin üzərinə böyük məsuliyyət düşür. Ekspert qeyd edir ki, xüsusilə ilk 15-20 dəqiqə həlledici rol oynayır və auditoriyanı oyatmaq üçün xüsusi metodlardan istifadə edilməlidir:
“Format tez-tez dəyişdirilməlidir, axşam təlimlərində uzun nəzəri çıxışlar auditoriyanı sürətlə yorur. Buna görə də hər 15-20 dəqiqədən bir format dəyişdirilməlidir.Dinamika və hərəkət vacibdir, yumor, hərəkətli tapşırıqlar, qrup ünsiyyəti, qısa oyunlar, emosional girişlər və iştirakçıları səhnəyə çıxarma metodları dinamikanı bərpa edir.
Həmçinin iştirakçılar yalnız passiv dinləyici olmamalı, danışmalı, mini praktiki tapşırıqlar icra etməli və prosesə birbaşa qoşulmalıdırlar”.
Nəcəf Allahverdiyev əlavə edib ki, müasir dövrdə insanlar təlimlərdən sadəcə quru informasiya deyil, həm də daxili stimul və enerji gözləyirlər:
“Mən öz dərslərimdə səhnə çıxışları, improvizasiya, rol oyunları və real həyat nümunələrinə geniş yer verirəm. İnsan emosional olaraq prosesin bir parçasına çevriləndə günün yorğunluğunu unudur. Uğurlu təlim artıq yalnız məlumat ötürmək deyil, auditoriyanın diqqətini, emosiyasını və motivasiyasını idarə etmək sənətidir”.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026