Redaktor
İstifadəçilər ən çox hansı internet xidmətində vaxt keçirir? - Alimlər açıqladı
ABŞ-ın Şimal-Şərq Universitetinin alimləri kompüter istifadəçilərinin internet vərdişlərini araşdıraraq müəyyən ediblər ki, elektron poçt xidməti "Gmail" istifadəçilərin brauzerdə ən çox vaxt sərf etdiyi platformadır.
Valyuta.az xəbər verir ki, tədqiqatın nəticələri "TechXplore" nəşrində dərc olunub.
Araşdırmaya əsasən, iştirakçıların brauzerdə keçirdiyi ümumi vaxtın 16,38 faizi "Gmail"in payına düşüb. Bu göstərici ilə xidmət video platformaları və sosial şəbəkələri geridə qoyaraq ilk sırada qərarlaşıb.
Tədqiqat müəlliflərinin sözlərinə görə, orta statistik istifadəçi "Gmail"də yüz minlərlə daha az populyar saytda birlikdə keçirdiyindən daha çox vaxt sərf edir. Bu isə internet fəaliyyətinin məhdud sayda iri rəqəmsal platformalarda cəmləşdiyini göstərir.
İkinci yerdə "YouTube" qərarlaşıb. İstifadəçilərin brauzerdə keçirdiyi vaxtın 10,38 faizi bu platformanın payına düşüb. Üçüncü sırada isə 7,97 faiz göstərici ilə "Facebook" yer alıb.
Araşdırma müəlliflərindən biri, kompüter elmləri professoru Devid Leyzer bildirib ki, "Gmail"in yüksək göstəricisi elektron poçtun gündəlik həyatda mühüm rol oynaması ilə bağlıdır. Onun sözlərinə görə, istifadəçilər iş, təhsil və şəxsi yazışmalar üçün mütəmadi olaraq bu xidmətə qayıdır, məktubları və sənədləri idarə edirlər.
Tədqiqat yaş qrupları arasında da əhəmiyyətli fərqləri üzə çıxarıb. Belə ki, 65 yaşdan yuxarı istifadəçilər kompüterdə internetdə keçirdikləri vaxtın üçdə birindən çoxunu "Gmail"də keçirirlər. Gənc istifadəçilərdə isə bu göstərici təxminən 11,6 faiz təşkil edir.
Oxşar tendensiya "Facebook"da da müşahidə olunub. Yaşlı istifadəçilər vaxtlarının təxminən 14 faizini bu sosial şəbəkədə keçirdikləri halda, gənclərdə bu göstərici cəmi 2 faiz civarındadır.
Tədqiqat müəllifləri bildirirlər ki, ən iri on internet platforması birlikdə istifadəçilərin brauzerdə keçirdiyi ümumi vaxtın təxminən yarısını təşkil edir. Bu da rəqəmsal fəaliyyətin əsasən bir neçə böyük texnologiya şirkətinin xidmətləri ətrafında cəmləşdiyini göstərir.
Araşdırmada süni intellekt xidmətlərinin populyarlığının artdığı da qeyd olunur. Məlumata görə, xəbər saytları ziyarət sayına görə artıq "ChatGPT" də daxil olmaqla bəzi süni intellekt əsaslı çat-botlardan geri qalır. Bununla yanaşı, tədqiqatçılar bildirirlər ki, böyüklər üçün nəzərdə tutulmuş saytlarla bağlı statistik məlumatlar istifadəçilərin məxfi baxış (inkoqnito) rejimindən istifadə etməsi səbəbindən tam olmaya bilər.
Paşa Məmmədli