Redaktor
"Ford"un süni intellekt planı uğursuz oldu, 350 mühəndisi işə qaytardı
ABŞ avtomobil istehsalçısı "Ford" süni intellekt və avtomatlaşdırılmış keyfiyyətə nəzarət sistemlərinin gözlənilən nəticəni verməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə cəlb edib.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin əməliyyatlar üzrə direktoru Kumar Qalhotra jurnalistlərə bildirib ki, "Ford" son illərdə keyfiyyətə nəzarətdə avtomatlaşdırılmış sistemlərə və süni intellektə daha çox güvənməyə başlayıb. Lakin əldə olunan nəticələr gözlənildiyi kimi olmayıb.
Onun sözlərinə görə, şirkət əvvəllər "Ford"da çalışmış, eləcə də təchizatçı şirkətlərdə işləyən 350 təcrübəli mühəndisi yenidən işə götürüb. Bu mütəxəssislər istehsala başlamazdan əvvəl detalların mümkün qüsurlarını müəyyənləşdirərək problemlərin qarşısını almağa çalışırlar.
"Ford"un avtomobil avadanlıqları mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun isə bildirib ki, şirkət süni intellektin mövcud dizayn tələblərini emal etməklə yüksək keyfiyyətli məhsul yaradacağını düşünürdü. Lakin praktiki nəticələr bu gözləntiləri doğrultmayıb.
Bununla belə, "Ford" süni intellektdən tamamilə imtina etmir. Şirkət yenidən işə götürdüyü və "boz saqqallı mühəndislər" ("gray beard" engineers) adlandırılan təcrübəli mütəxəssislərin bilik və təcrübəsindən istifadə edərək gənc əməkdaşları hazırlamağı və süni intellekt sistemlərini daha effektiv işləməsi üçün təkmilləşdirməyi planlaşdırır.
"Ford"un baş icraçı direktoru Cim Farlinin sözlərinə görə, bu addım artıq öz nəticəsini verməyə başlayıb. Belə ki, zəmanət və geri çağırma xərcləri azalıb və bu, şirkətə yüz milyonlarla dollar qənaət etməyə imkan verib.
Şirkət həmçinin bu həftə açıqlanan JD Power Initial Quality Survey reytinqində kütləvi istehsal avtomobil markaları arasında birinci yeri tutduğunu bildirib.
Sərvanə Rəmixanova